Məhkəmə qərarları › İş №2-1(114)-713/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-713/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-713/2024 22.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X6 və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X2, X4, X16 və X11) qarşı JN-1755A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv olunması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi X15, X2, X4, X16 və X5 mülkiyyətinə verilmiş və bununla bağlı Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN-1755A KOD 50300068 nömrəli şəhadətnamə tərtib edilmişdir.

2. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-144/2005 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X12 mərhum atası X13 miras qalmış Tovuz rayonunun Aşağı Ayıblı kəndindəki yaşayış evinin cavabdeh X8 adına qeydə alınmasına dair 468 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmin evin cavabdeh X19 tərəfindən cavabdeh X1 dair Tovuz rayonunun dövlət notariat kontorunda 11 iyun 1994-cü ildə 3 M- 1-172 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında cavabdeh X7 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmiş, mülkün əvvəlki vəziyyətə qaytarılmaqla həmin evin mülkiyyət hüququnun bütövlükdə iddiaçı X17 verilməsi qət edilmişdir.

3. İddiaçının adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır.

4. İddiaçının mərhum atasından miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınmasına dair Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2- 144/2005 nömrəli qətnaməsi əsasında hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan sonra fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli **********89 nömrəli məktubu ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1755A nömrəli şəhadətnamə üzrə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən imtina edilmişdir.

5. İddiaçının Torpağın mülkiyyətə verilməsinə dair JN-1755A nömrəli şəhadətnamənin ləğv edilərək daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubu ilə Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş Torpağa mülkiyyət hüququna dair JN-1755A nömrəli şəhadətnamənin qeydiyyatının ləğv edilməsinin Ərazi İdarəsinin səlahiyyətləri xaricində olması səbəbi ilə imtina edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1770/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin Arxivində JN-1755A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin nüxsəsi aşkar edilməmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4486/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış və əldə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: - ƏMDX-nin elektron baza məlumatlarına əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.0120 ha torpaq sahəsinin mülkiyyət forması xüsusi, kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı torpaq sahələrinə aiddir. İddiaçı mülkiyyətində olan 0.0120 ha fərdi yaşayış evinin koordinatları JN-1755A nömrəli şəhadətnamədə göstərilən 0.26 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 2110/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ləğv olunmuş DT və XK tərəfindən verilmiş elektron baza məlumatlarında X15, X2, X4, X16, X11 və X3 ümumi birgə adlarına Tovuz rayonu, Əyyublu kəndində 1755 sıra nömrəsi ilə həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir və şəhadətnamənin bir nüsxəsi arxivdə mövcud deyil. Sözügedən torpaq sahəsinə çıxarış verilməmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Əyyublu kəndi (keçmiş Aşağı Ayıblı kəndi) ərazisində yerləşən, mülkiyyətinə olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə üçüncü şəxslərin adına tərtib olunmuş JN-1755A saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası Tovuz rayonu, Aşağı Ayıblı kənd (indiki Əyyublu kəndi) sakini X14 miras qalmış əmlaka – Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Ağstafa rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-144/2005-ci saylı qətnaməsi ilə mülkiyyətçi tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır və qətnamə əsasında mülkiyyət hüquqları cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır və iddiaçıya xx.xx.2006-cı ildə cavabdeh tərəfindən qeydiyyat vəsiqəsi, sonradan isə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Lakin çıxarışda iddiaçının yalnız evə görə hüquqları qeydə alınıb. Cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan və müvafiq çıxarışı verməkdən imtina edir. Əsas olaraq göstərilir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi JN-1755A nömrəli şəhadətnaməyə əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin bu movqeyi ilə iddiaçı razı deyildir. Ona görə ki, həmin torpaq sahəsi ilə bağlı bütün sənədlər ləğv olunub. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Hansı ki, həmin qətnamə bir neçə il bundan əvvəl qanuni qüvvəyə minib və cavabdeh tərəfindən tam şəkildə icra olunub.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi Torpağın mülkiyyətə verilməsinə dair JN 1755A nömrəli şəhadətnamənin ləğv edilməsi tələbinə dəyişdirilmişdir.

11. Məhkəmənin eyni tarixli 2-1(114)-1530/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-574/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 1530/2023 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. III. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, iş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir.

14. İddiaçı, iddiaçının nümayəndəsi X6 və üçüncü şəxs X15 məhkəmə iclasına gəlmişlər, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

15. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

17. İddiaçı və iddiaçının nümayəndəsi X6 iclas zamanı iddianı müdafiə edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

18. Üçüncü şəxs X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

19. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

20. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

21. İddia ərizəsindən məlum olur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmiş, bununla bağlı Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN-1755A KOD 50300068 nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçının adına verilmiş müvafiq çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınmasına dair Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-144/2005 nömrəli qətnaməsi əsasında hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan sonra fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından Torpağın mülkiyyətə verilməsinə dair JN-1755A nömrəli şəhadətnamə üzrə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən imtina edilmişdir.

22. Məhkəmə bununla bağlı qeyd edir ki, üçüncü şəxslərin adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1755A nömrəli şəhadətnamə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı əsasında tərtib edilmişdir və hazırda qərar hazırda qüvvədədir.

23. Bu halda isə iddiaçı hüquqi marağına çatmaq üçün Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.

24. Həmçinin, məhkəmə iclasında Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilərək iddia tələbinin Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarının ləğv edilməsi kimi qeyd olunması iddiaçıya təklif olunmuş, iddiaçı isə iddia tələbini hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq dəqiqləşdirməmiş, hazırkı tələbə baxılmasını tələb etmişdir.

25. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X15 və ailə üzvlərinə Tovuz rayonu, Aşağı Ayıblı kəndində 0,26 ha həyətyanı torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə verildiyindən və həmin qərar qüvvədə olduğundan, Torpağın mülkiyyətə verilməsinə dair JN-1755A KOD ********* nömrəli şəhadətnamənin ləğv edilməsi mümkün deyildir.

26. Ona görə də, iddia mümkün sayılmamalıdır.

27. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar