Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-713/2025 01.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “qərarının ləğvi və ondan tutulmuş məbləğin geri qayatarılması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-76066/2023 saylı qərarın qeyd hissəsinə əsasən vətəndaşın əlilliyi Əlillik altsistemində xx.xx.2015-ci il tarixdə bitdiyi və hal-hazırda pensiyaçı hesab olunmadığı üçün Qanunun 39.1-ci maddəsi tətbiq edilmir. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 6495,15 manat artıq vermə müəyyən edilmişdir. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 8493,72 manat artıq vermə müəyyən edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun «Əlilliyi olan şəxsin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. X1 Sisteminin «Əlillik» altsistemində olan məlumatlara əsasən əlliyin müddəti xx.xx.2015-ci il tarixdən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyanın məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixidəkə artıq ödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələblərinə əsasən, hal-hazırda aktiv əmək pensiyaçısı olmadığı üçün Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Ürəyində olan gərginlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz, aorta və tac damarların aterosklerozu, qan dövranı çatmamazlığı və s. xəstəliklərdən əziyyət çəkmişdir. Xəstəliyi 2015-ci ildə daha da şiddətləndiyinə görə müalicə üçün Respublikadan kənara getməli olmuş, Belarusiyada,Rusiya Federasiyasında müalicə almışdır, hazırda da xəstədir. TSEK-in səhlənkarlığından təkrar müayinədən keçməsi haqqında məlumatlar əlillik alt sisteminə daxil edilməmişdir. Özündə olan və DSMF-ə təqdim olunan hissələrdə 1-ci qrup müddətsiz əlilliyinin olduğu qeyd olunmuşdur. 2020-ci ilin əvvəllərində əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş vəsaitin geriyə qaytarılması haqqında bildiriş verilmişdir. Əlilliyi dayandığından pensiyanın ödənişi də dayandırılmışdır. İddiaçı Respublikadan kənarda müalicədə olduğu üçün bunları biləndə artıq 5 il müddət ötürülmüşdür. 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytara bilmişdir. Bu yaxınlarda məlumatı olmuşdur ki, artıq ödənilmiş əmək pensiyalarının 3 ildən əvvələ olan dövrü "amnistiya"ya düşür. Belə ki, xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən pensiyaçılara artıq ödənmiş vəsait son üç il üçün tutulur. Qanunda edilmiş dəyişiklikdən yararlanmaq məqsədi ilə iddiaçı cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3752/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması barədə iddiası təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2 -1(104)-285/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3752/2023 nömrəli qərarı ləğv edilməsi və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 21 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini və ödəniş edilmiş məbləğin ona geri qaytarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək onun hüquqi marağının artıq ödəməyə dair qərarın ləğv olmasından ibarətdir, buna görədə xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 nömrəli qərarınn ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia təlləbinin dəqiqləşdirilməsi ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 nömrəli qərarınn ləğv edilməsini xaniş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın ona çatdırılması cavabdeh orqan tərəfindən sübut olunmadığından, məkəmə hesab edir ki,iddia mümkünlük şərtlərinə cavab verməklə müddət buraxılmamış hesab olunur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqanın iddiaçının razılığını almamaqla yanaşı artıq ödənilmiş məbləğin tutulması barədə qərar - inzibati akt belə qəbul etməmişdir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əlliyin müddəti xx.xx.2015-ci il tarixdən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilməsi” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “artıq ödənilmiş pul vəsaitinin əmək pensiyasından tutulması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-M-176924/2023 nömrəli qərarınn ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 nömrəli qərarın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-713/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-713/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver