Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-714/2022 26.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı Şirinzadə Səbuhi Natiq oğlu üçün nəzərdə tutulmuş aylıq müavinətin 01.09.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 18.02.2022-ci il tarixli məhkəmə iclasında cavabehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə təqdim etmiş, Məhkəmənin həmin tarixli protokol qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, övladı, 18.05.2011-ci il təvəllüdlü Şirinzadə Səbuhi Natiq oğlu "sağ diz oynağının travmatik bursiti, tolesm ensefalit» diaqnozlu xəstəliklərdən əziyyət çəkir. Hazırda Bakı şəhəri Xəzər rayon «sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Respublika xüsusi internat məktəbində qalmaqla təhsil alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən övladı Səbuhi Şirinzadə “sağlamlıq imkanları məhdud uşaq” kimi rəsmi qeydiyyata götürülmüş və sağlamlıq imkanlarının məhdudluğu müddəti 31 avqust 2017-ci il tarixdən 31 avqust 2020-ci il tarixinədək müəyyən edilmişdir. Bu müddət ərzində Şirinzadə Səbuhi Natiq oğluna verilən aylıq müavinəti vaxtı-vaxtında almış, ancaq pandemiya ilə əlaqədar mövcud vəziyyətə görə növbəti komissiyadan keçməmişdir. Şirinzadə Səbuhi Natiq oğlunun aylıq müavinəti kəsildiyindən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onlayn müraciət etmişlər. 06.09.2021 -ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan onlayn cavab göndərilməklə sağlamlıq imkanlarının məhdudluğu müddətinin tibbi-sosial ekspert komissiyası tərəfindən 31 avqust 2020-ci il tarixinədək müəyyən edildiyi üçün sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi ona təyin olunmuş sosial müavinətin ödənişin həmin tarixdə dayandırıldığını, təkrar müayinə zamanı S.Şirinzadənin 18 yaşınadək uşaq kimi sağlamlıq imkanlarının məhdudluğu müddətinin 12 fevral 2021-ci il tarixindən müəyyən edildiyi, bu səbəbdən ona 1 sentyabr 2020-ci il tarixindən 12 fevral 2021-ci il tarixinədək olan dövr üçün sosial müavinətin ödənişinin həyata keçirilməsinin mümkün olmaması göstərilmişdir. Bundan sonra 2020-ci ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkrarən Səbuhi Şirinzadənin aylıq müavinətinin ödənilməsi ilə bağlı müraciət edilmiş, 13.12.2021-ci il tarixli 33303896 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununun məktubu ilə onlyan müraciətdə qeyd olunan məzmunda cavab verməklə almadığı ayların verilməsinə köməklik göstərilməsindən yayınmışlar. Məktubda göstərilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 356- VİQD nömrəli Qanununun 3.3-1 ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu Qanun 24 iyul 2021-ci il tarixində qüvvəyə mindiyindən Qanunun 3.3-1-ci maddəsində qeyd olunan müddəa həmin tarixdən əvvələ əlilliyin təkrar qiymətləndirilməsinə şamil edilmir. Pandemiya ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq və “Sosial müavinətlər haqqında“ Qanuna əsasən hüququ olan müavinətin ödənilməyən hissəsinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə təqdim etdiyi 10.02.2022-ci il tarixli, **********3 nömrəli etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdeh orqana onun övladı Şirinzadə Səbuhi Natiq oğlunun sağlamlıq imkanları məhdudluğu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 31.08.2017-cu il tarixdən 31.08.2020-ci il tarixinədək sosial müavinət təyin edilərək ödənilmişdir. İddiaçı 5 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək sağlamlıq imkanları məhdud övladının təkrar müayinədən keçdiyi üçün müavinətin ödənişinin davam etdirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Tibbi Sosial Ekspert Komissyası tərəfindən 12.02.2021-ci il tarixdə iddiaçının oğlu Şirinzadə Səbuhi Natiq oğlunun sağlamlıq imkanları məhdudluğu yenidən müəyyən edilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 12.02.2021-ci il tarixdən (tsek qərarının verildiyi tarixdən) Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalı tərəfindən “Sosial müvinətlər haqqında” Azərbaycan Respublikasının 4.0.1.4-cü maddəsinə uyğun olaraq 150 manat məbləğində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar görə elektron qaydada sosial müavinət təyin olunmuşdur. Bununla yanaşı iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına uyğun olaraq 29.01.2021-ci il tarixdən 31.05.2023cu il tarixədək aylıq 50 manat məbləğində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Azərbaycan Repsublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, əlillikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qanun 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının oğlu Şirinzadə Səbuhi Natiq oğlunun sağlamlıq imkanlarının məhdudluğu 12.02.2021-ci il tarixində müəyyən olunmuş və qeyd edilən tarixdən müvafiq olaraq sosial müavinət və prezident təqaüdü hesablanaraq ödənilməkdədir. İddiaçı istinad etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir müddəası 25.07.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün 01.09.2020-ci il tarixindən 12.02.2021-ci il tarixinədək olan dövr üzrə əlilliyə görə sosial müavinətin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 13.12.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu, AZ-lll 014866 nömrəli doğum haqqında şəhadətnamə, 3480003AAE1 nömrəli müayinə vərəqəsi, X3 tərəfindən verilmiş Ambulator kartdan çıxarış, Uşaq klinikası tərəfindən verilmiş tibbi arayış, Sağlamlıq imkanları məhdud şəxsin təhsil ehtiyaclarının müəyyənləşdiriməsi üçün təsnifatlı qiymətləndirmə, cavabdehin 10.02.2022-ci il tarixli, **********3 ömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh tərəfin iddia tələbinə etirazının yeganə dəlili “Əlilliyi olan şəxslərin hüquqları haqqında“ Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) 3.3.1-ci maddəsinə əsasən, əlillik müddaəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir müddəasının 25.07.2021-ci il tarixdən qüvvəyə mindiyi üçün əvvəlki tarixə olan dövr üzrə əlilliyə görə sosial müavinətin bərpa edilməsinin qanunverciliyin təllənləri baxımından mümkün hesab edilməməsi olmuşdur. Məhkəmə bununla bağlı aşağıldakıları qeyd edir. Azərbaycan Respublilkaının Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ aktları qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, Konsitisusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil olunması istisna olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun şərh olunmasına dair 28.01.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəllər mövcud olan münasibətlərə aid edilir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqlarn verilməsi və s. başa düşülür. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”. Beləliklə müəyyən olunur ki, sözügedən Qanunun 3.3.1-ci maddəsinin qəbul edilməsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hüquqi vəziyyətinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsinin Plemunumun yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqeyindən çıxış edərək bu nəticəyə gəlir ki, hazırki mübahisədə iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyi təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edildiyindən, lakin hal-hazıra qədər bu əsasa görə 01.08.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan müavinəti almadığından iddiaçıya “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3.1ci maddəsinə əsasən əvvəllər verilməmiş hüquqların verilməsi onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməli və bu səbəbdən də sözügedən normativ hüquqi aktın qüvvəsi geriyə şamil olunmalıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı övladı Şirinzadə Səbuhi Natiq oğlu üçün nəzərdə tutulmuş aylıq müavinətin 01.09.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-714/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-714/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver