Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-714/2023 11.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh “Gəncə şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsin Cavadxan Ailə Sağlamlıq Mərkəzinə qarşı “X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddiaçı cavabdeh “Gəncə şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsin Cavadxan Ailə Sağlamlıq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydaların 4.4.4 və 4.4.5-ci bəndlərinə əsasən zorakı ölümə şübhə olduğu hallarda; ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh qismində Məhkəmə Tibbi Ekspertiza və X2 publik hüquqi şəxs olmalıdır. Digər tərəfdən, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının əsas məqsədi, niyyəti mərhum həyat yoldaşı X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi və bu barədə müvafiq sənədlərinin əldə edilməsidir. Bu sahədə formalaşmış hüquqi mexanizm ondan ibarədir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikdə isə bu fakt məhkəmə tərəfindən müəyyən edilir və bu barədə ərizəyə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi, həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar, eyni zamanda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) əlavə edilməlidir. Hazırkı işdə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün bütün şərtlər mövcud olduğundan, həmin fakt müvafiq rayon (şəhər) məhkəməsində xüsusi icraat qaydasında iddia qaldırılmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Gəncə şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsin Cavadxan Ailə Sağlamlıq Mərkəzinə qarşı “X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, ölüm faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-714/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-714/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver