Məhkəmə qərarları › İş №2-1(114)-716/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-716/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-716/2025 09.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Alıev Azad və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayonu, İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən Samux rayonu, İnstitut qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün X2 800 kv.m torpaq sahəsi satılmışdır.

2. Keçmiş DT və XK tərəfindən X1 adına xx.xx.2015-ci il tarixli 2094 qeydiyyat nömrəli, AN 533772, **********0109 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmişdir.

3. Qeyd olunan ilkin torpaqayırma sənədlərinə əsasən X1 adına 21 dekabr 2012-ci il tarixli, "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.2015-ci il tarixli **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

4. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 296 nömrəli sərəncamı ilə Gəncə şəhəri, İmamzadə magistral yolunun sağ tərəfində yerləşən 50,0 kv.m boş torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.

5. xx.xx.2017-ci il tarixli 29 nömrəli Tikinti obyektinin istismarına icazəən görünür ki, xx.xx.2017-ci il tarixdən fiziki şəxs – İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir.

6. İddiaçı X1 adına RX seriyalı ******* reyestr nömrəli **********42 qeydiyyat nömrəsi ********** xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış 0.08 ha torpaq sahəsinə dair çıxarışın arxiv sənədlərinin surətinin verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12300/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-1075/2024 nömrəli məktublarla bildirilmişdir ki, 0.08 ha həyətyanı torpaq sahəsinə dair Samux rayonu İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı təsdiq olunmuş yerquruluşu planı (bələdiyyə və DTXK-nın Samux rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon dair akt (bələdiyyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur), torpaq sahəsinin staılmasına dair arayış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən hazırlanmış A 533772 nömrəli xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə (kadastr planı) əsasən X2 xx.xx.2015-ci il tarixli **********42 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

7. Samux rayonu İnstitut bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 05 nömrəli məktubunda bildirilmişdir ki, İnstitut bələdiyyəsində göstərilən xx.xx.2007-ci il tarixdə heç bir iclas keçirilməmiş və qərar qəbul edilməmişdir. İnstitut bələdiyyəsində xx.xx.2007-ci il tarixdə keçirilmiş 10 saylı iclasında X2 torpaq sahəsi ayrılması haqqında heç bir qərar qəbul edilməmişdir.

8. Samux rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-39RA/2-A-25/2024 nömrəli məktubunda bildirilmişdir ki, X1 Samux rayon İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolunun qərarı və həmin qərara aid digər (protokoldan çıxarış, yerquruluşu planı, DTXK-nin rəyi, torpağın alqı-satqı aktı) sənədlər mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

9. Samux rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-39RA/2-A-30/2024 nömrəli məktubunda bildirilmişdir ki, X1 Samux rayon İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə torpaq verilməsi barədə sənədlər mühafizə olunmaq üçün Samux rayon Dövlət Arixivinə təhvil verilməmişdir. Samux rayon İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli protokolunda isə X1 adına rast gəlinmədi.

10. İddiaçı X1 adına qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- Ə-00xx-xx/2023 nömrəli məktubla bildirilmişdir ki, ərizədə qeyd olunan X1 adına qeydiyyata alınmış, seriya RX ******* nömrəli çıxarışın mübahisələndirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır.

11. Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2024-cü il tarixli V-17 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Gəncə şəhəri, İmamzadəyə gedən yolun sağ tərəfində yerləşən qeyri-yaşayış binasının xx.xx.2024-cü il tarixə kimi əmlak və torpaq vergisi borcu yoxdur.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-1882/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən, Samux rayonu İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı bələdiyyə qərarlarının qeydiyyat kitabında aşkar olunmamışdır. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı RX №0589228 nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdeh İddiaçı və X6 qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpağın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Qeyd olunan iddiadan da görünür ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, o, cavabdeh qismində tanınmışdır. Qeyd edir ki, hal-hazırkı mübahisə üzrə subyektiv hüququ yaranmışdır. Belə ki, mübahisələndirilən Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 296 saylı sərəncamı ilə torpaq sahəsi üzərində ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Həmin icazə əsasında torpaq üzərində tikili aparılmışdır. Eyni zamanda qeyd edir ki, maraqlı şəxs olaraq X1 çıxarışın əldə edilməsinin qanuniliyini yoxlanılması üçün bir neçə inzibati orqanlara-Samux Rayon Dövlət Arxivi, Samux rayonu İnstitut bələdiyyəsinə, eyni zamanda DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə 21 dekabr 2023-cü il tarixli, 19 yanvar 2024-cü il tarixli sorğular ünvanlanmışdır. Həmin sorğulara gələn cavablardan görünür ki, X2 torpaq sahəsi ayrılması haqqında heç bir qərar qəbul edilməmişdir. Buna görə də hesab edir ki, X1 əldə etdiyi çıxarış tamamilə qanunsuzdur. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastarı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək X1 adına olan çıxarışın ləğv edilməsini xahiş etmişdir. Bütün bunlar təsdiq edir ki, əldə olunan çıxarış saxtakarlıq yolu ilə əldə edilmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçının X4 üçüncü şəxs kimi cəlb edilməsinə dair vəsatəti təmin edilməmiş, X3 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Samux rayonu, İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən Samux rayonu, İnstitut qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün X2 800 kv.m torpaq sahəsi satılmışdır. Keçmiş DT və XK tərəfindən X1 adına xx.xx.2015-ci il tarixli 2094 qeydiyyat nömrəli, AN 533772, **********0109 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmişdir. Qeyd olunan ilkin torpaqayırma sənədlərinə əsasən X1 adına 21 dekabr 2012-ci il tarixli, "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.2015-ci il tarixli **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddəsinin müddəalarına əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən hazırki iş üzrə iddiaçının müraciətinin icrası mümkün olmamış və ona xx.xx.2024-cü il tarixli **********48 nömrəli cavab məktubu ünvanlanmışdır.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

19. İddiaçının vəkil olan nümayəndəsi, iddiaçının nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişdir.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

21. İddiaçının vəkil olan nümayəndəsi Vəkil və iddiaçının nümayəndəsi Alıev Azad məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

22. İddiaçının vəkil olan nümayəndəsi Vəkil sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Samux rayonu, İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına istinad etsə də, müxtəlif orqanlara verilmiş sorğulara cavablarla müəyyən olunur ki, əslində belə bir qərar mövcud deyil. Ona görə də, mövcud olmayan bələdiyyə qərarını deyil, çıxarışı mübahisələndirirlər. Hansı ki, 3 saylı Gəncə Ərazi İdarəsi saxta, həqiqi mövcud olmayan bələdiyyə qərarı əsasında üçüncü şəxsin hüququnu qeydə almaqla, ona çıxarış vermişdir.

23. Üçüncü şəxs X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

24. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

25. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

26. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Samux rayonu, İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən Samux rayonu, İnstitut qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün X2 800 kv.m torpaq sahəsi satılmışdır. Keçmiş DT və XK tərəfindən X1 adına xx.xx.2015-ci il tarixli 2094 qeydiyyat nömrəli, AN 533772, **********0109 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmişdir. Qeyd olunan ilkin torpaqayırma sənədlərinə əsasən X1 adına 21 dekabr 2012ci il tarixli, "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.2015-ci il tarixli **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

27. Hazırda iddiaçı həmin torpaq sahəsinin onun sahibliyində və istifadəsində olduğunu iddia edərək, torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunmasını tələb edir.

28. Əvvəlcə qeyd edilməlidir ki, məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, RX № ******* nömrəli çıxarışın verilməsinə əsas bələdiyyə qərarı olduğundan, həmin qərarın mübahisələndirilməli olması bildirilmişdir. Lakin iddiaçı tərəf hazırkı iddia tələbi üzrə işə baxılmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, 3 saylı Gəncə Ərazi İdarəsi hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Samux rayonu, İnstitut bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına istinad etsə də, müxtəlif orqanlara verilmiş sorğulara cavablarla müəyyən olunur ki, əslində belə bir qərar mövcud deyil. Ona görə də, mövcud olmayan bələdiyyə qərarını deyil, çıxarışı mübahisələndirirlər. Hansı ki, 3 saylı Gəncə Ərazi İdarəsi saxta, həqiqi mövcud olmayan bələdiyyə qərarı əsasında üçüncü şəxsin hüququnu qeydə almaqla, ona çıxarış vermişdir.

29. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

30. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

31. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair başqa şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

32. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

33. Məhkəmə iddiaçının istinad etdiyi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 296 nömrəli sərəncama münasibətdə qeyd edir ki, həmin sənəd sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici (hüquq verən) sənəd deyildir. Belə ki, həmin sənəd torpaq sahəsinə görə deyil, ticarət obyektinin layihələndirilməsinə dair verilmişdir ki, bu halda həmin sənəd torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.

34. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

35. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır.

36. Görünüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənəd mövcud deyil.

37. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən, o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar