Məhkəmə qərarları › İş №2-1(114)-717/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-717/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-717/2022 01.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmə iclasından kənar qaydada məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 üzərində bacısı X1 qəyyum təyin edilməsi barədə Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 12.09.2019-cu il tarixli, 141 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X5 onun keçmiş həyat yoldaşıdır. O, aliment verməkdən yayınmaq üçün bu yola əl atmışdır. Qəyyumluğa əsas olan xəstəliyi mövcud olmadığından həmin sərəncam ləğv edilməlidir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı ərizəsində Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının Rəyi əsasında verilən Cavabdeh Başçının 141 nömrəli, 12.09.2019-cu il tarixli Sərəncamını mübahisələndirir. Həmin sərəncamla 03.05.1979-cu ildə anadan olmuş, məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilən X5 üzərində X3 qəyyum təyin edilməsi qərara alınmışdır. Məlum olduğu kimi, 01 yanvar 2011-ci il tarixdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi qanuni qüvvəyə minmişlər. “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olmamasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İPM-nin məqsədi isə bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (İPM-nin 1.1-ci maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində isə inzibati aktın anlayışı verilmişdir. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının hazırkı iddia ərizəsindən isə müəyyən olunur ki, iddiaçı Cavabdeh Başçının 141 nömrəli, 12.09.2019-cu il tarixli Sərəncamını mübahisələndirir və həmin sərəncamda Ağdam Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(13)-2899/2017 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilmiş X5 üzərində bacısı X1 qəyyum təyin edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə məhkəmə təcrübəsinin öyrənilməsi barədə qərarının 3.2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, uşağın (şəxsin) qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə aid deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu cür münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə münasibətlərə mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırki iddianın əsasını İddiaçı ilə X2 arasında olan, üçüncü şəxs X7 üzərində qəyyum təyin edilməsi ilə bağlı mübahisə dayanır ki, həmin mübahisə mülki xarakterli olmaqla, inzibati icraat qaydasında baxış predmeti ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, öhdəliyin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırılmasının mövcudluğu halında mümkündür. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki tələb publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salına bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı X5 üzərində bacısı X1 qəyyum təyin edilməsi barədə Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr., 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar