Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-718/2022 15.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı «Əsədzadə» soyadının dəyişdirilərək «Əsədov» kimi qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun soyadının «Əsədov» kimi qeyd edilərək əvvəlki vəziyyətə qaytarılaraq, yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonunun Yeni Həyat kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır. O, soyadının dəyişdirilməsi ilə bağlı bir dəfə müraciət etmiş və 12.05.2020-ci il tarixli, 51 saylı akt qeydi tərtib edilərək ona AZ-İV 406814 seriya nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən onun soyadı «Əsədov»dan «Əsədzadə»yə dəyişdirilmişdir. O, cavabdehə müraciət edərək əvvəlki soyadına qayıdaraq, soyadının «Əsədov» kimi qeyd edilməsini xahiş etmiş, lakin cavabdeh 29.12.2021-ci il tarixli məktubla bundan imtina edildiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 05.02.2022-ci il tarixli 05/Q-09/09 nömrəli məktubla məhkəmə prosesinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini 12.05.2020-ci il tarixli, AZ-İV № 406814 nömrəli Şəmkir rayon Yeni Həyat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə, Şəmkir rayon Qeydiyyat şöbəsinin 05.02.2022-ci il tarixli 05/Q- 09/09 nömrəli məktubu və cavabdehin 29.12.2022-ci il tarixli, 05/Q-5944 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının (bundan sonra mətndə «Qaydalar») 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə «Əsədov» soyadını hazırki «Əsədzadə» soyadına dəyişdirmiş və yenidən əvvəlki «Əsədov» soyadına qaytarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh Şəmkir rayon Çinarlı qəsəbə icra nümayəndəliyi tərəfindən 10.07.1989-cu il tarixdə tərtib edilmiş 118 saylı doğum haqqında akt qeydinə əsasən uşağın soyadı qrafasında soyadın “Əsədov” yazılaraq iddiaçıya ilkin şəhadətnamə verildiyini, soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilmədiyini bildirmişdir. Yuxarıda qeyd olunan «Qaydalar»ın tələblərindən göründüyü kimi, iddiaçı 18 yaşına çatdıqdan sonra soyadının dəyişdirilməsi hüququndan artıq istifadə etdiyindən, soyadın növbəti dəfə dəyişdirilməsinə «Qaydalar»ın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallar mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası «Qaydalar»ın tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı «Əsədzadə» soyadının dəyişdirilərək «Əsədov» kimi qeyd edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-718/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-718/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver