Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-719/2025 03.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçıya məxsus AO № ******* nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər rayonun işğaldan azadolunması uğrunda N nömrəli hərbi hissənin tərkibində yaralıların və şəhidlərin təxliyyəsində iştirak etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2024-ci il tarixli 45 nömrəli arayışında “Vərtən Müharibəsi” zamanı xx.xx.2020-ci il tarixdən 02.11,2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə işləri (yaralıların 21, minbat və Koroğlular adlanan döyüş mövqelərindən təxliyyəsini) görmüş və döyüş əməliyyatlarının qələbə ilə nəticələnməsinə töhvə verdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2023-ci il tarixli 229 nömrəli arayışında iddiaçının xx.xx.2020-ci il tarixdə başlayan vətən müharibəsi vaxtı N nömrəli hərbi hissəyə ezamiyyət vərəqəsiz gəldiyi üçün hərbi hissədə qeydiyyata düşmədiyi qeyd edilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-2348 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarına əsasən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməyinə və döyüş təminatı növləri üzrə tapşırıqların yerinə yetirməyinizə dair təsdiqedici sənədlər (hərbi bilet (hərbi xidmət keçməyini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri), ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müharibə veteranı vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası”-nın məktubuna əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi tamamilə əsassızdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 759 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissənin tərkibində xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezamiyyətə göndərilməsi barədə məlumatlar aşkar olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçı X2 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Məhkəmənin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, X1 xx.xx.2020ci il tarixdən 10.11,2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidməti ilə əlaqədar (şəxsi heyətin siyahısına daxil edilmə, digər hərbi hissələrə ezam edilmə, döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması və medallarla təltif olunması, hərbi xidmətdən ehtiyyata buraxılması və s.) kimi rəsmi məlumat hərbi hissədə yoxdur.Məktuba əlavə edilmiş arayışdada qeyd edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdən 10.11,2020-ci il tarixədək İİ Qarabağ istiqamətində gedən döyüş əməliyyatlarının döyüş təminatına cəlb edilmiş şəxsi heyətin tərkibində olması barədə hərbi hissədə rəsmi məlumat yoxdur. Məhkəmənin sorğusu ilə əldə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X6 "Gədəbəy Rayon Mərkəzi Xəstəxanası" X5 xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı hal-hazırda Gədəbəy RMX-ın Təhlükəsizlik bölməsində mühafizəçi işləyir. İddiaçı 44 günlük vətən müharibəsi dövründə müharibədə iştirak etməsi ilə bağlı ona 21 AC199 nömrə nişanlı təcili yardım nəqiliyyat vasitəssi təhkim olunmamışdır. O, müharibə dövrü özü könüllü olaraq iştirak etmişdir. İddiaçı həmin dövr üçün vətən müharibəsinə getməsi barədə xəstəxananın rəhbərliyi tərəfindən heç bir əmri olmamışdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Məhkəmənin sorğusu ilə əldə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X6 "Gədəbəy Rayon Mərkəzi Xəstəxanası" X5 xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı hal-hazırda Gədəbəy RMX-ın Təhlükəsizlik bölməsində mühafizəçi işləyir. İddiaçı 44 günlük vətən müharibəsi dövründə müharibədə iştirak etməsi ilə bağlı ona 21 AC199 nömrə nişanlı təcili yardım nəqiliyyat vasitəssi təhkim olunmamışdır. O, müharibə dövrü özü könüllü olaraq iştirak etmişdir. İddiaçı həmin dövr üçün vətən müharibəsinə getməsi barədə xəstəxananın rəhbərliyi tərəfindən heç bir əmri olmamışdır. Məhkəmənin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, X1 xx.xx.2020ci il tarixdən 10.11,2020-ci il tarixədək döyüşlərdə iştirakı N nömrəli hərbi hissədə hərbi xidməti ilə əlaqədar (şəxsi heyətin siyahısına daxil edilmə, digər hərbi hissələrə ezam edilmə, döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması və medallarla təltif olunması, hərbi xidmətdən ehtiyyata buraxılması və s.) kimi rəsmi məlumat hərbi hissədə yoxdur.Məktuba əlavə edilmiş arayışdada qeyd edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdən 10.11,2020-ci il tarixədək İİ Qarabağ istiqamətində gedən döyüş əməliyyatlarının döyüş təminatına cəlb edilmiş şəxsi heyətin tərkibində olması barədə hərbi hissədə rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2023-ci il tarixli 229 nömrəli arayışında iddiaçının xx.xx.2020-ci il tarixdə başlayan vətən müharibəsi vaxtı N nömrəli hərbi hissəyə ezamiyyət vərəqəsiz gəldiyi üçün hərbi hissədə qeydiyyata düşmədiyi qeyd edilmişdir. Hazırki işdə isə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam olunması müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva