Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-72/2021 09.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “Vego” Otelin cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “Vego” Otel (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarı ilə “Vego” Oteldən 5631 manat vergi borcunun tutularaq bələdiyyə büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərar qəbul edilərəkən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5-ci madəsinin tələbləri kobud şəkildə pozulduğu üçün iddiaçı cavabdehin qərarını qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarınnın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarının surəti; - X1 məhkəməyə ünvanladığı ərizə; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin: 5.1-ci maddəsinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4-cü maddəsinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5-ci maddəsinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6-cı maddəsinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7-ci maddəsinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8-ci maddəsinə əsasən bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9-cu maddəsinə əsasən ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10-cu maddəsinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12-ci maddəsinə əsasən məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi yerli ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli ödənişin ödəyicisi barədə məlumat, müvafiq ödənişin növü, qanunların pozulmasını təşkil edən konkret hallar və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə, yaxud onun müavininə, surəti isə ödəyiciyə təqdim edilməlidir. Bundan sonra 30 günlük müddət gözlənilməli və bu müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə həmin akta baxmalı və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən qərar qəbul edə bilər. İş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də, tərəflərin izahatı ilə bir daha təsdiq olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarı Əsasnamənin müvafiq tələbləri yerinə yetirilmədən qəbul edilmişdir. Gəncə şəhər Nizami bələdiyyəsi xx xxxxxx 2019-cu il tarixdə 17 saylı qərar qəbul etmiş və qərarını bununla əsaslandırmışdır ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9-cu maddəsinin 9.1.4 bəndinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir müsalır üçün sutkada 1.1 manatdan çox olmamaqla müəyyən edilir. Buna əsasən “Vego” Otelin hər bir müsafir üçün 1 (bir) manatla ödəniş edilmişdir. Bunu nəzərə alaraq iddiaçı tərəfindən təqdim edilmiş statistik hesabatlara əsasən “Vego” Otel 2017-ci il üçün 1810 nəfər, 2018-ci il üçün 2362 nəfər, 2019-cu ilin birinci yarım illiyində isə 1459 nəfər müsafir qəbul etmişdir. 2017-ci ildə 1810 nəfərə 1810 manat ödənilməli olduğu halda, heç bir vəsait ödənilməmişdir. 2018-ci ildə 2362 nəfərə 2362 manat ödənilməli olduğu halda, heç bir vəsait ödənilməmişdir. 2019-cu ilin 6 ayı ərzində 1459 nəfərə 1459 manat ödənilməli olduğu halda heç bir vəsait ödənilməmişdir. Ötən dövr ərzində borclu “Vego” Otel Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 509 saylı məktubla xəbərdarlıq edilməsinə baxmayaraq 5631 manat borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bələdiyyənin iclası hesab etmişdir ki, qeyd olunanlara əsasən “Vego” otelinin ödənilməmiş vergisi borcu yerli (bələdiyyəyə) büdcəyə ödənilməsini təmin etməlidir. İnzibati icraat haqqında qanunvericilik normalarının tələbinə görə, inzibati orqan qərar qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər əsaslara malik olsun. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur və nəticəsini əks etdirən qərarın əsassızlığına səbəb olur. Məhkəmə inzibati aktın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır, araşdırmanın qüsurlu və pozuntularla həyata keçirilib-keçirilməməsini müəyyən etdikdən sonra nəticəni əks etdirən qərara hüquqi qiymət verir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarda borclu kimi “Vego” Otel qeyd olunmuşdur. Məhkəmənin verdiyi sorğular əsasında məlum olmuşdur ki, “Vego” Otel hüquqi şəxs kimi heç bir dövlət orqanında qeydiyyata alınmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavab məktubunda qeyd olunmuşdur ki, elektron uçot bazasına əsasən “xxxx” MMC xx.xx.2013-cü il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, vergi ödəyicisinin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir. Məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçı “Vego” Otel heç bir dövlət orqanında hüquqi şəxs kimi qeydiyyata alınmadığına görə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9-cu maddəsi iddiaçıya tədbiq edilə bilməz. Məhkəmə “Vego” Otelin qeydiyyata alınmış hüquqi şəxs olmadığına baxmayaraq cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinin onun barəsində qərar qəbul etdiyi üçün həmin qərarı qanunsuz və əsassız hesab edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanm üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə görə, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə görə, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarma uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarı ləğv edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Gəncə şəhər Nizami bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 17 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-72/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-72/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver