Məhkəmə qərarları › İş №2-1(114)-722/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-722/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-722/2024 31.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksi kimi müəssisə üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli 004390 nömrəli Şəhadətnamədən görünür ki, X2 şəhəri, Hacıkənd qəsəbəsində yerləşən 1026 kv.m sahədən ibarət pioner düşərgəsini satın almışdır. Həmin qeyri-yaşayış sahəsinə dair Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2007-ci il tarixdə texniki pasport tərtib edilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi ərazisində 0.0751 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 665.3 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisə üzərində X4 mülkiyyət hüququ qeydə alınmışdır. Qeyd edilən əmlaka dair X4 adına xx.xx.2022-ci il tarixdə elektron çıxarış verilmişdir.

3. İddiaçı Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksinə dair verilmiş çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə cavab olaraq İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-0137-8/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, müraciətində qeyd etdiyi məsələnin həlli üçün məhkəməyə müraciət edə bilər. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksinə dair X5 verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********91-12301 nömrəli çıxarış üzrə 0.0751 ha torpaq sahəsi üzərində yerləşən 665.3 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisə üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 xüsusi mülkiyyət hüququ əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 665.3 kv.m əmlak kompleksi (dövlət mülkiyyəti olan 0.0751 ha torpaq sahəsi üzərində istifadə hüququ ilə) müəssisə kimi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış ləğv edilməlidir. Belə ki, həmin əmlak kompleksi faktiki olaraq onun istifadəsində və sərəncamındadır. Əmlak X4 adına formal və şərti olaraq qeydə alınmışdır. İddiaçı cavabdehə rəsmi yazılı qaydada xx.xx.2023-cü il tarixdə müraciət edərən onun faktiki mülkiyyəti olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 665.3 kv.m əmlak kompleksinə aid olan xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş X4 adına olan çıxarışı və inventar nömrəsi 68719, reyestr nömrəsi **********91-12301 olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportun ləğv edilməsi və həmin əmlakın onun adına xüsusi mülkiyyət qismində qeydə alınmasını təmin etmələrini xahiş etmişdir. Cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-0137-8/2023 nömrəli cavab məktubu ilə bildirmişdir ki, həmin hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, iş üzrə hazırlıq icraat iclası xx.xx.2024-cü il tarixə təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və onun vəkil olan nümayəndəsi, həmçinin üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişlər.

10. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində (Pioner düşərgəsi) yerləşən əmlak kompleksinə dair verilmiş çıxarışın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış və iddia ərizəsində göstərilən hallar araşdırılmışdır. Aparılan araşdırma zamanı Gəncə şəhəri, Hacıkənd qəsəbəsində (Pioner düşərgəsi) yerləşən əmlak kompleksi üzərində X4 hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir. Gəncə şəhəri, Hacıkənd qəsəbəsində (Pioner düşərgəsi) yerləşən əmlak kompleksinə dair Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən tərtib olunmuş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2005-ci il tarixli 004390 nömrəli şəhadətnamə və xx.xx.2007-ci il tarixli 003991 nömrəli pasporta əsasən X7 adına sonuncu dəfə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********91-12301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədən üzərində mülkiyyət hüququ qeydə alınmış əmlakın ona məxsus olmasını iddia etməkdədir. İddiaçı X5 məxsus əmlak kompleksi üzərindəki hüquqların qeydiyyatının qanuniliyini mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydasıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli **********21 (3-21-3- 33/2-A-01xx-xx/2023) nömrəli cavab məktubu ünvanlanmışdır.

13. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə axan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

16. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli 004390 nömrəli Şəhadətnamə əsasında X2 şəhəri, Hacıkənd qəsəbəsində yerləşən 1026 kv.m sahədən ibarət pioner düşərgəsini satın almış və onun həmin əmlak (Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi ərazisində 0.0751 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 665.3 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisə) üzərində mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydə alınmışdır. Qeyd edilən əmlaka dair X4 adına xx.xx.2022-ci il tarixdə elektron çıxarış (təkrar məzmunda) verilmişdir.

17. Hazırda isə iddiaçı həmin əmlak kompleksi kimi müəssisənin əslində ona məxsus olduğunu və X4 adına formal qeydə alındığını əsas gətirərək, sözügedən əmlak üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir.

18. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

19. Yəni, hazırkı halda iddiaçının Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi ərazisində 0.0751 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 665.3 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisə üzərində hüquqlarının qeydiyyata alınması üçün ilk növbədə onun həmin əmlaka dair hüquqları (mülkiyyət, istifadə və ya sahiblik) və bu barədə hüquqmüəyyənedici sənədləri olmalıdır ki, onun hüquqlarının qeydiyyata alınmaması nəticəsində hüquq və mənafeləri pozulmuş olsun.

20. Lakin iddiaçı tərəfindən sözügedən daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən hazırkı halda iddiaçının həmin əmlaka hüquqlarının mövcudluğu müəyyən edilmir.

21. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

22. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.

23. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

24. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən daşınmaz əmlaka dair hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

26. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar