Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-726/2024 19.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Nurəddin oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nurəddin oğlunun (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı Gəncə şəhəri, DOS-84, ev 5, 21 saylı mənzilin onun adına özəlləşdirilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. İddiaçının adına adına ünvan 3fiə Nazirliyinin xx.xx.1993-cü il tarixli, 314 nömrəli xidməti order verilmişdir. İddiaçının həyat yoldaşı X3 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 699 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2023-cü il tarixdə X5, X7 və X1 şəhəri, DOS-84, ev 5, mənzil 21 ünvandakı əmlakın ataları – iddiaçının adına özəlləşdirilərək mülkiyyət hüququnun tanınmasına etiraz etməməsinə dair Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə cavabdehə müraciət etmişlər. İddiaçının nümayəndəsi Vəkil Gəncə şəhəri, DOS-84, ev 5, mənzil 21 ünvanda yerləşən əmlak üzərində hüquqların qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/1-A-0143-8/2023 qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-A-0143/8/2023 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı, Gəncə şəhəri, DOS-84, ev 5 ünvanında yerləşən 21 nömrəli mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmişdir. Odur ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir. X12 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-1877/8/2023 nömrəli məktubuna əsasən Gəncə şəhəri, DOS 84 ünvanında yerləşən mənzillərin arxiv sənədləri X12 Filialına təhvil verilməmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 1317 nömrəli məktuba əsasən iddiaçının yaşadığı ünvan Müdafiə Nazirliyinin balansındadır, mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır, sözügedən ünvana verilmiş order xidməti orderdir və həmin mənzilin xüsusi təyinatlı yaşayış fondundan çıxarılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmamışdır. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2024-cü il tarixli, 1107 nömrəli məktubuna əsasən ünvan 5 ünvanda yerləşən mənzil xüsusi təyinatlı ərazidə yerləşir, təyinatı xidmətidir, ərazi, bina və qurğular Müdafiə Nazirliyinin müddətsiz istifadəsindədir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gəncə şəhəri, DOS-84, ev 5, 21 saylı mənzilin onun adına özəlləşdirilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən 21 saylı mənzil 24 may 1993-cü il tarixdə Müdafiə Nazirliyi tərəfindən iddiaçı və ailə üzvlərinə verilmiş, bununla bağlı Order tərtib olunmuşdur. Qeyd olunan mənzili iddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyət hüquqları üzrə bütün öhdəlikləri yerinə yetirmiş və ümumi təsərrüfatı idarə etmişlər. İddiaçı ailə üzvləri ilə birlikdə yaşamasına, həmin mənzili ailə üzvləri ilə birlikdə idarə etməsinə baxmayaraq iddiaçının adına rəsmiləşdirilməsi üçün ərizə vermişlər. Təqdim olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, iddiaçı, övladları - X7, X4 və X5 həmin evdə qeydiyyatdadır. İddiaçının ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilərək çıxarışın verilməsinə etiraz etmirlər. İddiaçının arvadı - X3 2006-cı ildə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət etsə də, İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə mənzilin özəlləşdirilərək çıxarışın verilməsindən imtina olunmuşdur. İmtinaya səbəb isə qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinə yol verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-ci maddəsinə əsasən Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Lakin qeyd olunan iddiaçıya məxsus olan mənzil qapalı hərbi şəhərciklərin evləri hesab olunmur. Bundan başqa qeyd olunan mənzil xidməti mənzil kimi verilməsinə baxmayaraq mənzil barədə hər-hansı mübahisə və tələb olmamışdır. Bu səbəbdən də iddia tələbi əsaslıdır. Əlavə olaraq həmin ərazidə onlarla şəxslər mənzillərini özəlləşdirmiş, mülkiyyət hüququ əldə edərək çıxarış almışlar. Hazırda da həmin mənzildə iddiaçının yaşayış hüququ var və yuxarıda qeyd etdiyi kimi iddiaçı hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, bütün kommunal xərcləri ödəyir və təsərrüfatı idarə edir. Buna görə də, iddiaçı müdafiə üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10828/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrar qeyd olunmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2, 146.3, 146.4-cü maddələri, “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 6-cı, 8-ci maddələri, Daşınmaz əmlakın dövlət reyestrin haqqında Qanunun 2-ci, 8.0.11-ci, 9-cu maddələrinə istinad olunaraq iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, X7, X5 iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər X7, X5 iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı iş üzrə iddiaçının tələbi ünvan 6 ünvanda yerləşən 21 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh sözügedən mənzilin iddiaçıya xidməti rejimdə təqdim edildiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 1317 nömrəli məktubundan göründüyü kimi, iddiaçının yaşadığı ünvan Müdafiə Nazirliyinin balansındadır, mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır, sözügedən ünvana verilmiş order xidməti orderdir və həmin mənzilin xüsusi təyinatlı yaşayış fondundan çıxarılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmamışdır. Eyni zamanda, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2024cü il tarixli, 1107 nömrəli məktubuna əsasən ünvan 6 ünvanda yerləşən 21 nömrəli mənzil xüsusi təyinatlı ərazidə yerləşir, təyinatı xidmətidir, ərazi, bina və qurğular Müdafiə Nazirliyinin müddətsiz istifadəsindədir. Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. İddiaçının təqdim etdiyi sənəd - order Qanunun 8-ci maddəsində əks olunmuş (8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) hüquqmüəyyənedici sənədlərə aid olsa da, qeydə alınmasını xahiş etdiyi mənzil xidməti yaşayış sahəsi kimi ona verildiyindən həmin mənzil üzərində onun mülkiyyət hüququ qeydə alına bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində imperativ norma kimi təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Nurəddin oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, DOS-84, ev 5, 21 saylı mənzilin onun adına özəlləşdirilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-726/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-726/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver