Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-729/2024 27.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə Bərdə rayonun Darqalar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Bərdə rayonu, Darğalar kəndində yerləşən **********18 reyestr nömrəli 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının və onun 4 ailə üzvü - X3, X7, X4, X2 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ********** VÖEN ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. X3, X8, X5 ailə üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün iddiaçının ailəni təmsil edən şəxs kimi qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində ərizə vermişlər. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatdan görünür ki, iddiaçının ailə üzvlərinin siyahısında nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X10, iddiaçının oğulları xx.xx.1994-cü il təvəllüdlü X8, xx.xx.1990-cı il təvəllüdlü X7; gəlini xx.xx.1997-ci il təvəllülü X5 və digər şəxs xx.xx.1970-ci il təvəllüdlü X3 qeyd olunmuşdur. Əlavə məlumat kimi göstərilmişdir ki, iddiaçı, həyat yoldaşı və gəlini işləmir, 2 oğlu günəmuzd çalışır, əlavə olaraq ailənin gəliri pay torpağınan əldə etdikləri gəlirdən ibarətdir. İddiaçı ailəyə ünvanlı sosial yardımın təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, müraciət xx.xx.2023-cü il tarixdə **********69803 nömrə ilə qeydiyyata alınmışdır. İnzibati icraat aparılan zaman 7 ailə üzvü nəzərə alınmış; ailə üzvünün orta aylıq gəliri 91,34 manat; ailənin ümumi telefon xərci 271 manat, adambaşına düşən telefon xərci 38,71 manat hesablanmışdır. İddiaçı və ailəsinə xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardım təyin edilmiş və xx.xx.2023-cü il tarixədək ödənişlər həyata keçirilmişdir. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair b774963fd6de49ec872bee0658c45b94 nömrəli bildirişə əsasən, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən mdss ödənişləri olmadığı səbəbinə görə ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. Daha sonra “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqı son 12 ay ərzində ödənilmədiyi üçün, məşğulluğun öz əksinin tapmaması səbəbi ilə iddiaçının “Ünvanlı yardım” (VEMTAS) altsisteminə girişi məhdudlaşdırılmışdır. Mədaxil qəbzlərinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə 7,00 və 28 manat, xx.xx.2023-cü il tarixdə 35,00 manat, xx.xx.2023-cü il tarixdə 70,00 manat və xx.xx.2023cü il tarixdə 140,00 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətlərinə imtina qərarı verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və sosial yardımla bağlı sistemə (VEMTAS-a) girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X6 və X14nə (VEMTAS) müraciət etmişdir. Ailənin maddi məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2023-cü il tarixindən aylıq 876.0 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nazirlik tərəfindən heç bir məlumat verilmədən, heç bir xəbərdarlıq edilmədən 2023-cü ilin sentyabr ayında sosial yardımın ödənişi dayandırılmışdır. Dayandırma səbəbini öyrənmək istədikdə elektron sistemdə (VEMTAS) daxil olmaq mümkün olmadı sözlərinin qeyd edildiyi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqı son 12 ay ərzində ödənilmədiyi üçün, məşğulluğun öz əksini tapmaması səbəbi ilə sistemə girişiniz məhdudlaşdırılmışdır sözləri yazıldığını görülmüşdür. Sosial yardımın imtina edilməsi səbəbini öyrənmək üçün Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzinə arayış almaq üçün müraciət etdikdə iddiaçıya hansı səbəbdən imtina olunması qərarı barədə bildiriş təqdim etdilər. İddiaçı aztəminatlı ailə olaraq Bərdə rayonu Darğalar kəndində yaşayırlar, ailə 7 nəfərdən, iddiaçı, həyat yoldaşı, iki oğlu, gəlini, iki azyaşlı nəvəsindən (biri sağlamlıq imkanı məhdud əlil uşaqdır) ibarətdir. Ailə üzvləri ilə birlikdə 0,99 hektar 2-ci dərəcəli pay torpağı vardır ki, məşğulluğu və dolanışığı həmin pay torpağında çalışmaqla həyata keçirirlər. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanununun 4.1.3-cü maddəsinə əsasən pay torpağı olan şəxslər məşğul şəxs sayılırlar. "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevraltarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların"da hansı hallar sosial yardımın dayandırılmasına səbəb olması haqqında aydın yazılmışdır və həmin qanunvericilik sənədlərində belə bir maddə yoxdur. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının dayandırılmasını qanunsuz hesab edir. Çünki bu barədə iddiaçıya nə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir. Təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişinin dayandırılması iddiaçının ailəsinin yaşayış səviyyəsinin həddindən artıq pisləşməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/2-29670/2024 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, ailəni təmsil edən şəxs qismində iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********69803 nömrəli müraciəti əsasında, ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 876,30 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənişi təyin olunmuşdur. Ailəyə təyin edilmiş ÜDSY işinə muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə imtina edilmişdir. Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X14 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1ci bəndinə uyğun olaraq, "Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Beləliklə, iddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra VEMTAS tərəfindən aşağıda qeyd edilən səbəbdən imtina verilmişdir: - ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması. Ailənin mülkiyyətində Bərdə rayonu Darğalar kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,99 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən müraciətinə baxış keçirdikdə, "Ailə üzvləri barədə məlumatlar" qrafasında onun və ailə üzvlərinin kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyiciləri olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları qeyd edilir (VÖEN: **********). "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 5.14.-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirləri hesablanarkən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə"yə uyğun olaraq hesablanır. Qaydaların 5.17.-ci maddəsinə əsasən, torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır. Beləliklə, İddiaçı ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı 0,99 ha ölçüdə pay torpağının olmasına baxmayaraq, həmin torpaq sahəsinin əkilib-becərilərək və ya icarəyə verilərək gəlirin əldə edilməməsi səbəbindən ailənin orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olmuşdur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3.-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının başa düşülür. məcmusundan aşağı olan ailə Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan: ailə üzvlərinin əmək qabiliyyətsiz olması; ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə vəfat etməsi; alınması; məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması və s. səbələrdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan maddələrin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələrin dairəsi Qanunla məhdudlaşdırılır. Bu isə, o deməkdir ki, ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması səbəbi "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanununun 3-cü maddəsində qeyd edilən heç bir səbəblə uyğunluq təşkil etmədiyindən, həmin ailə sosial yardım almaq hüququna malik olan ailələrin sırasına daxil edilə bilməz. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab edilir. Konstitusiyanın 16-cı maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək müraciət edən mümkündür ki, sosial yardımın təyin olunması üçün ailənin: əmək qabiliyyətli üzvlərinin hər birinin gəlirləri olmalı; həmin gəlirlər ailənin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün yetərli (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı) olmamalıdır. Bu səbəbdən, iddiaçıya VEMTAS tərəfindən verilmiş "ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması" imtinası, ailənin orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğundan, qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi tərəfimizdən sübuta yetirilmis hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Aparılan araşdırma zamanı ailənin maddi-məişət şəraiti müayinə edilmiş, məlumatları yoxlanılmış, iddiaçı və ailə üzvlərinin pay – kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması da müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən 1 il müddətinə iddiaçı və ailə üzvlərinə 876,30 manat məbləğində ünvanlı sosial yardım təyin edilsə də, həmin məbləğ xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığı əsası ilə ünvanlı sosial yardımın ödənilməsini dayandırmışdır. Hazırda iddiaçı cavabdehin həmin hərəkətini mübahisələndirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun: 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 7.3-cü maddəsinə qeyd olunur ki, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. 5.14-cü bəndinə əsasən Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Cavabdehin etirazının əsaslarını təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin bu arqumentini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixdən sonrakı dövrlə müqayisədə iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, hazırkı gündə də, inzibati icraat zamanı da iddiaçı və ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcud olmuşdur. Göründüyü kimi, cavabdehin istinad etdiyi arqumentlər əsassızdır və həmin hallar adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İş materialları ilə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt qərar qəbul edilməsi müəyyən olunmur, ona yalnız bildirişlə cavab verilmişdir. Həmçinin, qeyd edilən bildiriş “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Eyni zamanda, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın dayandırılması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımın bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı ailəsinə ünvanlı sosial yardımın bərpa edilməsi barədə qərar qəbul edilməsi və iddiaçının sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-729/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-729/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver