Məhkəmə qərarları › İş №2-1(114)-73/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-73/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-73/2022 23.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2nə (üçüncü şəxs X13 və X14) qarşı “02.11.2004-cü il tarixli 63 nömrəli qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X9 03.02.1999-cu il tarixli 15 nömrəli qərarına əsasən Azərittifaqın əsas vəsaitlərin və tikintisi yarımçıq qalmış obyektlərin satışı üzrə komissiyasının Tovuz rayon kooperativ cəmiyyətləri tərəfindən Qovlar qəsəbəsində yerləşən gündəlik tələbat malları mağazasının satılmasına razılıq verilməsi məqsədəuyğunluğu barədə təklifi nəzərə alınmış, obyektin start satış qiyməti müəyyən edilmişdir. X11 tərəfindən əmlakın satış qiyməti olaraq 21.05.1999-cu il tarixdə 4.000.000 manat, 23.02.2001-ci il tarixdə isə 300.000 manat pul vəsaiti ödənilmişdir. 23.08.2004-cü il tarixdə X4 rayon Qovlar bələdiyyəsinə müraciət edərək Vağzal küçəsində (Qovlar-Dönük Qırıxlı yolunun) sağ tərəfində 03.02.1999-cu il tarixdə X9 15 saylı qərarına əsasən gündəlik tələbat malları mağazasının alqı-satqı qaydasında aldığı mağaza binasının altındakı və ətrafındakı torpaq sahəsindən sahibkarlıq məqsədilə 0,20 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. Qeyd olunan 0,20 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin aparıcı məsləhətçisi Ə.Abdullayev, Qovlar bələdiyyəsinin üzvü T.Z.İsmayılova və ərizəçi B.H.Məmmədov tərəfindən baxış keçirilmiş, göstərilən torpaq sahəsinin satılması məqsədə müvafiq hesab edilmişdir. Bu barədə 25.10.2004-cü il tarixdə yerin seçilmə aktı tərtib edilmiş və akt bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi Tovuz rayon Qovlar sakini X6 bələdiyyə mülkiyyətindən sahibkarlıq məqsədilə torpaq sahəsinin satılması barədə sənədlərə rəy verərək bildirmişdir ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,20 hektar olmaqla Qovlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Cavabdeh2 02.11.2004-cü il tarixli 63 nömrəli qərarı ilə X6 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən sahibkarlıq məqsədilə 0,20 ha torpaq satılmışdır. Həmin tarixdə tərəflər arasında “bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında nümunəvi alqı-satqı” müqaviləsi bağlanmışdır. 03.11.2004-cü il tarixdə bələdiyyə sədri X17, torpaq alan X11 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin müdiri X12 iştirakı ilə “torpaqların alqısatqısına dair” akt tərtib edilmiş, akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsində 03.11.2004-cü il tarixdə 11 nömrə ilə qeydiyyata alınmışdır. X11 07.04.2005-ci il tarixdə 620.000 manat məbləğində pul vəsaitini Qovlar bələdiyyəsinin hesabına ödəmişdir. ünvan 1 ünvanında yerləşən 0,02487 ha dövlət torpağında yerləşən ümumi sahəsi 223,8 kv.m olan qeyri-yaşayış binası (anbar) üzərində X7 xüsusi mülkiyyət hüququ 12.03.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X14 arasında 22.10.2018-ci il tarixdə bağlanmış 697 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinə əsasən ünvan 2 ünvanındakı qeyriyaşayış binasının altında yerləşən 852,8 kv.m torpaq sahəsi alıcı X1. Bundan sonra, ünvan 2 ünvanında yerləşən 0,0853 ha torpaq sahəsi və onun üzərindəki qeyri-yaşayış binasında X7 mülkiyyət hüququ 23.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 08.06.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X5 təşkili üzrə Dövlət Agentliyi Cavabdeh2nə qarşı “02.11.2004-cü il tarixli 63 nömrəli qərarın etibarsız hesab olunmaqla ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” 18.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 02.11.2004-cü il tarixli 63 nömrəli qərarın etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmənin 15.07.2021-ci il tarixli 2-1(114)-1183/2021 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Qovlar bələdiyyəsi tərəfindən torpaq sahəsi torpaq qanunvericiliyin tələbləri pozulmaqla satıldığına görə 02.11.2004-cü il tarixli 63 nömrəli qərar ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən Bəxtiyar Məmmədova satılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarında dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsinin 852.8 kv.m hissəsi Tovuz Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi sxematik plan əsasında keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22.10.2018-ci il tarixdə 697 nömrəli alqı-satqı müqaviləsi ilə X7 adına özəlləşdirilmiş və qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarış Tovuz RKCİ İdarə heyətinin 12.05.2014-cü il tarixli 04 saylı protokol qərarından çıxarışa və keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 697 nömrəli, 22.10.2018-ci il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Qovlar bələdiyyəsi tərəfindən X3 ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi hüquqmüəyyənedici sənədlərlə X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Qovlar bələdiyyəsi öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsinin fiziki şəxsə satmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X18 iddia tələbini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 26.06.2021-ci il tarixli 1382 nömrəli fərmanının 6-cı bəndinə əsasən Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Məhkəmənin 17.03.2022-ci il tarixli 2-1(114)-73/2022 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X5 təşkili üzrə Dövlət Agentliyi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli 2-1(114)-1183/2021 nömrəli qərardadı ilə X13 və X14 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü X13 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1980-ci ildən faktiki olaraq onların istifadəsində olmuşdur. Daha sonra həmin torpaq sahəsi bələdiyyə tərəfindən onlara satılmışdır. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü X8 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş və işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına Tovuz rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli 100 nömrəli, Cavabdeh2 04.06.2021-ci il tarixli 119 nömrəli məktubları ilə məhkəməyə təqdim edilmiş cavabdehin 02.11.2004-cü il tarixli 63 nömrəli qərarının təsdiqlənmiş surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin rəyinin təsdiqlənmiş surəti, torpaqların alqı-satqısına dair aktın təsdiqlənmiş surəti, ödəniş qəbzlərin təsdiqlənmiş surəti, X9 03.02.1999-cu il tarixli 15 nömrəli qərarının təsdiqlənmiş surəti, yerin seçmə aktının təsdiqlənmiş surəti, yerquruluşu planın təsdiqlənmiş surəti, 02.11.2004-cü il tarixli bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında nümunəvi alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, 22.10.2018-ci il tarixdə bağlanmış 697 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin surəti, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 20.04.2022-ci il tarixli **********42 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərin surətləri əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. Həmin normada deyilir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçı da həmin normaya əsasən hazırda inzibati akt Cavabdeh1 02.11.2002-ci il tarixli, 63 saylı qərarının etibarsızlığının tanınmasını məhkəmədən tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunan Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Başqa sözlə, etibarsız sayılmalı olan aktlara aid edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Baxılan iş üzrə bu cür əsaslar müəyyən olunmur. Belə ki, iddiaçı tərəf iddia edir ki, cavabdeh səlahiyyətli olmadan dövlət mülkiyyətində olan torpaq sahəsini satmışdır. Məhkəmə iddiaçının bu mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir: «Bələdiyyələrin əraziləri və torpaqlar haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarından bəhs edən 6-cı maddəsində qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (Qanunun 6.1-ci maddəsi). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (Qanunun 6.2-ci maddəsi). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (Qanunun 6.5-ci maddəsinin 30.12.2004-cü il tarixli 819-İİQD nömrəli Qanunla edilən dəyişikliyə qədər olan redaksiyası). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsində təsbit olunmuşdur ki, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Məhkəmə araşdırması zamanı mərhum Bəxtiyar Məmmədovla Cavabdeh2 arasında alqı-satqı həyata keçirilərkən mübahisəli torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olması müəyyən olunmuşdur. Həmin fakt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin rəyi, həmin orqanın mütəxəssisinin iştirakı ilə tərtib olunmuş akt ilə təsdiq olunur. Məhkəmə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin rəyinin hüquqi baxımdan əhəmiyyətinə qiymət vermək üçün qeyd edir ki, Torpaq Məcəlləsinin 45ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər(1-ci bənd). Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir (2-ci bənd). Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (2-ci bənd). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3-cü bənd). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5-ci bənd). Azərbaycan Respublikasının 1999-cu il 2 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 nömrəli Fərmanı ilə həmin Məcəllənin 6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında, 38-ci maddəsində, 45-ci maddəsinin 1-ci bəndində, 4-cü bəndinin birinci cümləsində (birinci halda), 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir (15.02.2016-cı il tarixədək qüvvədə olan redaksiyada). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, torpaq sahəsinin yerquruluşu planının və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə keçirilməsi və yerdə yoxlandıqdan sonra qanunla torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi qurumu tərəfindən təsdiq edilməsi həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması və sonuncunun həmin torpaq üzərində qanuna müvafiq qaydada sərəncam hüququna malik olması qənaətinə gəlməyə əsas verir. Bununla yanaşı, "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsi verilmiş 18.10.2021ci il tarixli 15M-132 nömrəli arayışından qeyd olunmuşdur ki, Cavabdeh2 02.11.2004-cü il tarixli 63 nömrəli qərarı ilə X3 torpaq sahəsinə dair koordinatlarını özündə əks etdirəm hər hansı hüquqmüəyyənedici sənədlər olmadığı üçün rəy vermək mümkün olmamışdır. Bu hal iddiaçının “üçüncü şəxslərin torpaq sahələrinin üst-üstə düşməsi barədə” arqumentinin əsassız olduğuna dəlalət edir. Beləliklə, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2nə (üçüncü şəxs X13 və X14) qarşı “02.11.2004-cü il tarixli 63 nömrəli qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar