Məhkəmə qərarları › İş №2-1(114)-73/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-73/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-73/2024 07.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı tərtib olunmuş bölgü planına əsasən ayrı-ayrılıqda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni çıxarışların verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi -paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Təbriz küçəsi, 1-ci döngə, ev 2 (Yeni qaydalarla: AZ 2016, ünvan 1 ünvanda yerləşən 0,0540 ha torpaq sahəsi və 193,70 kv.m fərdi yaşayış evinə dair tərtib olunmuş bölgü planına əsasən iddiaçıların ayrı-ayrılıqda hüquqlarının qeydiyyata alınmaqla yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Gəncə şəhəri, əbriz küçəsi, 1-ci döngə, ev 2 (Yeni qaydalarla: AZ 2016, ünvan 1 ünvanında yerləşən 0,0540 ha torpaq sahəsi və 193,70 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə iddiaçıların xüsusi mülkiyyətindədir. Hər iki mülkiyyətçi olaraq aralarında heç bir mübahisə yoxdur və daşınmaz əmlak aralarında faktiki olaraq bölünmüşdür. İddiaçılar xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakın bölünərək ayrılıqda hüquqlarının qeydə alınması ilə bağlı inzibati orqana rəsmi müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ev bir dam örtüyü altındadır, hər birinin ayrıca giriş-çıxışı var. İddiaçı2 hazıri məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3-33/2-1301/2023 nömrəli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin vahid daşınmaz əmlak olduğu üçün bölünərək İddiaçı1 məxsus hissəsi üzərində ayrlıqda hüquqla Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Mübahisə predmeti olan əşyanın bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 1-ci döngə, ev 2 (Yeni qaydalarla: AZ 2016, ünvan 1 ünvanda yerləşən 0.0540 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Bölgü planından görünür ki, Gəncə şəhəri, Əbdülqasim Firdovsi küçəsi 13 ünvanda yerləşən 0.0540 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi ilə bağlı İddiaçı1 paylı mülkiyyət üzrə Tikili “A”-da 49.3 kv.m yaşayış sahəsi, 55.2 kv.m köməkçi sahə, 64.0 kv.m açıq eyvan, 91.0 kv.m y/zirzəmi, Tikili “B” Tikili “İİİ” və 0.0303 ha torpaq sahəsi və İddiaçı2 paylı mülkiyyət üzrə Tikili “A”-da 69.3 kv.m yaşayış sahəsi, 19.9 kv.m köməkçi sahə, 83.0 kv.m y/zirzəmi, Tikili “C” Tikili “İ” Tikili “İİİ” və 0.0303 ha torpaq sahəsi müəyyən edilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********17 və **********28 nömrəli məktublarından görünür ki, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətdə olan fərdi yaşayış evinin onlara məxsus hissəsi üzərində ayrıca mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4166 nömrəli ekspert rəyində bildirilir ki, ********** nömrəli, xx.xx.2022- ci il tarixli çıxarışla müəyyən edilmiş Gəncə şəhəri, Təbriz küçəsi, 1-ci döngə, ev 2 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iş materiallarına əlavə edilmiş bölgü planına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Təbriz küçəsi, 1-ci döngə, ev 2 (Yeni qaydalarla: AZ 2016, ünvan 1 ünvanda yerləşən 0.0540 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. Mülk paylı olduğundan mülkiyyətçilər aralarında razılığa gələrək notarial qaydada bölgü planı tərtib etmiş və İddiaçı1 paylı mülkiyyət üzrə Tikili “A”-da 49.3 kv.m yaşayış sahəsi, 55.2 kv.m köməkçi sahə, 64.0 kv.m açıq eyvan, 91.0 kv.m y/zirzəmi, Tikili “B” Tikili “İİİ” və 0.0303 ha torpaq sahəsi və İddiaçı2 paylı mülkiyyət üzrə Tikili “A”-da 69.3 kv.m yaşayış sahəsi, 19.9 kv.m köməkçi sahə, 83.0 kv.m y/zirzəmi, Tikili “C” Tikili “İ” Tikili “İİİ” və 0.0303 ha torpaq sahəsi müəyyən edilmişdir. İddiaçılar paylı mülkiyyətdə olan fərdi yaşayış evinin onlara məxsus hissəsi üzərində ayrıca mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasını isə sözügedən fərdi yaşayış evinin vahid daşınmaz əmak olması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimatın 5.12-ci yarımbəndinə əsasən, Daşınmaz əmlakın birləşməsi, bölünməsi və ayrılması texniki cəhətdən mümkün olduğu hallarda, bunun nəticəsində yaranan yeni obyektlərə yeni texniki pasport tərtib edilə bilər. Bina, tikili və qurğuların bir hissəsi yüklü edildikdə daşınmaz əmlakın yüklü edilən hissəsinin plan-cizgisi tərtib oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. -215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Göstərilən normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh orqan paylı mülkiyyət üzrə iddiaçılara məxsus fərdi yaşayış evinin vahid daşınmaz əmak olması əsası ilə onların müraciətlərinin təmin edilməsindən imtna etsə də, nəzərə almamışdır ki, payçılar payların bölüməsi ilə bağlı razılığa gələrək bölgü planı tərtib etmişdir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilik yalnız o halda payın naturada ayrılmasına yol vermir ki, bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmasın. Qeyd olunan arqumentin əsaslılığının yoxlanılması məqsədilə təyin edilmiş ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyi ilə müəyyən edilir ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iş materiallarına əlavə edilmiş bölgü planına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Təbriz küçəsi, 1ci döngə, ev 2 (Yeni qaydalarla: AZ 2016, ünvan 1 ünvanında yerləşən 0,0540 ha torpaq sahəsi və 193,70 kv.m fərdi yaşayış evinə dair tərtib olunmuş bölgü planına əsasən iddiaçıların ayrı-ayrılıqda hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onlara yeni çıxarışların verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Təbriz küçəsi, 1-ci döngə, ev 2 (Yeni qaydalarla: AZ 2016, ünvan 1 ünvanında yerləşən 0,0540 ha torpaq sahəsi və 193,70 kv.m fərdi yaşayış evinə dair tərtib olunmuş bölgü planına əsasən İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onlara yeni çıxarışların verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar