Məhkəmə qərarları › İş №2-1(114)-730/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-730/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-730/2021 31.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı və X9) qarşı xx.xx.2020-ci ildə anadan olmuş qızı X4 doğum akt qeydində dəyişiklik edilərək soyadının «Cahangirli» soyadına dəyişdirilməsi və doğum akt qeydlərində dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci ildə anadan olmuş qızı X4 doğum akt qeydində dəyişiklik edilərək soyadının «Cahangirli» soyadına dəyişdirilməsi və doğum akt qeydlərində dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o üçüncü şəxs X9 ilə 2020-ci ilin əvvəllərində faktiki olaraq evlənmiş, lakin nikahlarını xx xxxxxx 2021-ci ildə rəsmiləşdirmişlər. Babək Surxayzadə ilə birgə nikahlarından xx.xx.2020-ci ildə X7 doğulmuşdur. Fatimə doğulduqdan və ona Surxayzadə soyadını verildikdən bir müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə qaynı X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən Vətən müharibəsi zamanı şəhid olmuşdur. Bundan sonra mərhum Cahangirin adının əbədiləşdirilməsi üçün Fatimənin soyadının «Cahangirli» soyadına dəyişdirilməsi ilə bağlı qohum-əqrəba arasında yekdil bir istək yaranmışdır. Ona görə də bu barədə aidiyyəti üzrə Cavabdehnə müraciət edərək X2 dəyişdirilərək «Cahangirli» yazılmasını xahiş etmiş, lakin Cavabdeh xx.xx.2021-ci il tarixli, 05/15- 64/76 nömrəli məktubla bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. İddiaçıya və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçının və üçüncü şəxslər şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini AZ-İİ 412717 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, AZ-İV 497591 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AA******* seriyalı və AA2980929 seriyalı şəxsiyyət vəsiqələrinin surətləri və cavabdehin xx.xx.2021-ci il tarixli, 05/15- 64/76 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, X9 və X8 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamış, bu barədə Bərdə regional ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada «Surxayzadə» soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə «X7» doğulmuş, bu barədə Tərtər rayon Qeydiyyat Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 34 nömrə ilə qeyd aparılmışdır. İddiaçı daha sonra Cavabdehnə müraciət edərək X1 «Cahangirli» olaraq dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya ünvanladığı 05/15-64/76 nömrəli imtina məktubunda uşağın soyadının dəyişdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:- - 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalara görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (6.1-ci bənd). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (6.2-ci bənd). Göründüyü kimi, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. İşin hallarından da görünür ki, iddiaçı qızı X2 öz soyadlarına uyğun deyil, mərhum qaynı Cahangirin adına uyğun «Cahangirli» kimi dəyişdirilməsini arzu edir ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir, tələbin hüquqi əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının övladının soyadının dəyişdirilməsi qanunmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı və X9) qarşı xx.xx.2020-ci ildə anadan olmuş qızı X4 doğum akt qeydində dəyişiklik edilərək soyadının «Cahangirli» soyadına dəyişdirilməsi və doğum akt qeydlərində dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar