Məhkəmə qərarları › İş №2-1(114)-731/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-731/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-731/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məhayəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Məhayəddin oğlunun iştirakı ilə, İddiaçı Məhayəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Məhayəddin oğlunun sağlamlıq imkanlarının məhdudluğu “Sağ İİ-İİİ daraq sümüklərinin xroniki osteomieliti, əməliyyatdan sonrakı vəziyyət, yeriş pozğunluğu, hər iki gözdə hipermetropik astiqmatizm” diaqnozu ilə xx.xx.2012-ci il tarixdən 2 il müddətinə müəyyən edilmişdir.

2. İddiaçı Məhayəddin oğlunun sağlamlıq imkanlarının məhdudluğu “Sağ İİ-İİİ daraq sümüklərinin xroniki osteomieliti, əməliyyatdan sonrakı vəziyyət, yeriş pozğunluğu, hər iki gözdə hipermetropik astiqmatizm” diaqnozu ilə xx.xx.2014-cü il tarixdən 18 yaşınadək müəyyən edilmişdir.

3. İddiaçı Məhayəddin oğlunun əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək “Sağ ayağının İİ-İİİ barmaqlarının xroniki osteomieliti, sekvestrektomiyadan sonrakı vəziyyət, İİ-İİİ barmaqların deformasiyası. Ayaqqabı geymənin çətinləşməsi. OU- hipermetropik astiqmatizm” diaqnozu ilə ona 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçı Məhayəddin oğlunun əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək “Sağ ayağının İİ-İİİ barmaqlarının xroniki osteomieliti, sekvestrektomiyadan sonrakı vəziyyət, İİ-İİİ barmaqların deformasiyası. Ayaqqabı geymənin çətinləşməsi. OU- hipermetropik astiqmatizm” diaqnozu ilə ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

5. İddiaçı Məhayəddin oğlunun əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə “Digər xroniki osteomielit, sağ ayağın İİ-İİİ daraq sümüklərinin xroniki osteomieliti, İİ-İİİ-İV barmaqların deformasiyası, Hərəkətin və yerişin pozulmaları, Ayaqqabı geymədən çətinlik çəkir, axsayır” diaqnozu əsasında qiymətləndirilərək, Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur, ixtisaslaşmış klinikada bərpa müalicəsini davam etdirmək məsləhət görülür) ona əlillik təyin olunmasından imtina edilmişdir.

6. İddiaçı Məhayəddin oğlunun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə “Ayaq barmağı (barmaqlarının) oynaqlarının kapsul-bağ aparatının geriləməsi və zədələnməsi, sağ ayağın barmaqlarının osteomieliti, Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sekvestrektomiyadan sonrakı vəziyyət. İİ-İİİ barmaqların deformasiyası, ayaqqabı geymənin çətinləşməsi, funksiyanın pozulması, Digər osteomielit, sağ ayağın İİ- İİİ barmaqların osteomieliti” diaqnozu əsasında qiymətləndirilərək, Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (stasionar müalicə müddəti yetərli deyil, müalicə potensialı tükənməyib) ona əlillik təyin olunmasından imtina edilmişdir.

7. İddiaçı Məhayəddin oğlunun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə “Ayaq barmağı (barmaqlarının) oynaqlarının kapsul-bağ aparatının geriləməsi və zədələnməsi, sağ ayağın İİ-İİİ barmaqların osteomieliti” diaqnozu əsasında qiymətləndirilərək, diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə (sənədlərə əsasən F88-də qeyd edilən diaqnoz laborator müayinələrin nəticəsinə əsasən təsdiqini tapmır) ona əlillik təyin olunmasından imtina edilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı Məhayəddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-ci ildə tibbi əməliyyat nəticəsində ayaq nahiyyəsində, barmaq birləşdirici sümük kəsilərək götürülmüşdür. 2011-ci ildə Tibbi Ekspertiza tərəfindən o, İİİ qrup əlil kimi tanınmış və 2021-ci ilədək pensiya almışdır. Aparılmış tibbi əməliyyatın fəsadları hər an özünü göstərir. Əmək qabiliyyətinə böyük təsir göstərir. Lakin nədənsə 2021-ci ildən pensiyası dayandırılıb. Tibbi Ekspertiza və Reabilitasiya Mərkəzi kəsilib atılmış sümüyün sanki öz-özünə bərpa olunduğunu sübut etməyə çalışır və əlillik dərəcəsinin bərpa olunmasına əngəl törədir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

12. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.

13. Məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra İddiaçı Məhayəddin oğlu xx.xx.2024-cü il tarixli iclas zamanı ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin qeyd edilməklə, üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

15. Cavabdeh etiraz olaraq bildirmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır". Göründüyü kimi, iddiaçıya inzibati orqan tərəfindən imtina xx.xx.2022-ci ildə olmuşdur. Bundan 1 il 1 aydan sonra məhkəməyə müraciət etdiyindən iddia mümkünsüz hesab olunmalıdır.

16. İddiaçı Məhayəddin oğlu məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldıra bilmədiyini və bunun sağlamlığı ilə bağlı olduğunu göstərərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

17. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ona əlillik təyinatı barədə müraciəti üzrə sms gəlmədiyindən 2022-ci ilin oktyabr ayında rayonda tibb müəssisəsindən maraqlanmır və ona əlillik təyinatından imtina edildiyi bildirilmişdir. 2022-ci ilin oktyabrından sonra səhhəti ilə bağlı vaxtında məhkəməyə müraciət etməmişdir. O, ambulator və stasionar müalicədə olmamış, evdə müalicə olunmuşdur.

Əsaslandırma hissəsi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı Məhayəddin oğlunun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

20. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı Məhayəddin oğlunun sağlamlıq imkanlarının məhdudluğu “Sağ ayağının İİ-İİİ barmaqlarının xroniki osteomieliti, sekvestrektomiyadan sonrakı vəziyyət” diaqnozu əsasında xx.xx.2012-ci il tarixdən 2 il müddətinə, xx.xx.2014-cü il tarixdən 18 yaşınadək müəyyən edilmişdir. Daha sonra İddiaçı Məhayəddin oğlunun əlillik vəziyyəti eyni diaqnozla qiymətləndirilərək, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı Məhayəddin oğluna xx.xx.2021-ci il tarixdə Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur, ixtisaslaşmış klinikada bərpa müalicəsini davam etdirmək məsləhət görülür), xx.xx.2022-ci il tarixdə Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (stasionar müalicə müddəti yetərli deyil, müalicə potensialı tükənməyib) və xx.xx.2022-ci il tarixdə diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə (sənədlərə əsasən F88-də qeyd edilən diaqnoz laborator müayinələrin nəticəsinə əsasən təsdiqini tapmır) əlillik təyin olunmasından imtina edilmişdir.

21. İddiaçının hazırkı tələbi ona üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

24. Sadalanan normalardan göründüyü kimi, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).

25. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, bu iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərti ödənilmir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maaddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

27. İşin hallarından da müəyyən olunduğu kimi, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə (sənədlərə əsasən F88-də qeyd edilən diaqnoz laborator müayinələrin nəticəsinə əsasən təsdiqini tapmır) əlillik təyin olunmasından imtina edilmişdir. İşin hallarından da müəyyən olunduğu kimi, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Bənd 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

30. Qanunverciliyin sadalanan müddəalarından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.

31. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə əlillik təyinatından imtina edilmişdir. Qeyd edilən imtinadan 1 il 2 aydan çox müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və tələbində ona üçüncü dərəcə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

32. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli tibbi göndərişin üzərindən 1 il 2 ay müddət keçdikdən sonra hazırkı halda iddiaçının qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur.

33. İddiaçı barəsində tibbi göndəriş xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı xx.xx.2022-ci il tarixli imtinasının əsaslı olubolmamasının hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz.

34. İddiaçı iclas zamanı ona əlillik təyinatı barədə müraciəti üzrə sms gəlmədiyindən 2022-ci ilin oktyabr ayında rayonda tibb müəssisəsindən maraqlandığını və ona əlillik təyinatından imtina edildiyinin bildirildiyini göstərmişdir ki, iddiaçının ona imtina verilməsindən 2022-ci ilin oktyabr ayından məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmaması və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

35. İddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində və iclasda verdiyi izahatında özünün xəstəliyi ilə əlaqələndirmiş, lakin ötən müddət ərzində iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış xəstəliklə bağlı edən sənədlər təqdim etməmiş, iclas zamanı ambulator və stasionar müalicədə olmadığını, evdə müalicə olunduğunu bildirmişdir.

36. Məhkəmə iddiaçının xəstə olması ilə bağlı dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, iddiaçı xəstə ola bilər, lakin bu xəstəlik halı onun vaxtında iddia qaldırmasını mümkünsüz etməlidir ki, bunu da iddiaçı sübuta yetirməlidir.

37. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

38. Hazırkı işdə isə iddiaçının ərizəsində gətirdiyi arqument sadalanan üzrlülük meyarlarına cavab vermir.

39. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

41. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

42. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

43. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı Məhayəddin oğlunun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar