Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-737/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X10 etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14, Tərtər rayonu Qaradağlı bələdiyyəsi və Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd X11 üzrə Nümayəndəliyi) qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Tərtər rayonu Qaradağlı bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14, Tərtər Rayon İcra Hakimiyyətinə və Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd X11 üzrə Nümayəndəliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun və ailə üzvlərinin (həyat yoldaşı X3, oğlu X4 və qızı X5) hər birinin adına qanunvericiliklə müəyyən edilmiş qaydada və ölçüdə (0.41 ha) olmaqla, cəmi 1.64 ha pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14, Tərtər rayonu Qaradağlı bələdiyyəsi və Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd X11 üzrə Nümayəndəliyi) qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun və ailə üzvlərinin (həyat yoldaşı X3, oğlu X4 və qızı X5) hər birinin adına qanunvericiliklə müəyyən edilmiş qaydada və ölçüdə (0.41 ha) olmaqla, cəmi 1.64 ha pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-1984-cü illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1992-1996-cı illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı və İİ dərəcə müharibə əlilidir. Lakin bütün bunlara baxmayaraq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edildiyi xx.xx.1996-cı ildən torpaq islahatının başa çatdığı 2005-ci ilədək onun və ailə üzvlərinin daimi yaşayış yeri Qaradağlı kəndi olmasına baxmayaraq torpaq islahatı aparılarkən onun və ailə üzvlərinin adları səhvən siyahıya daxil edilməmiş və nəticədə onların ailəsinə pay torpağı verilməmişdir. Belə ki, Tərtər RİHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi pay torpağı alacaq subyektlərin siyahısını tərtib edərkən onların adlarını bu subyektlərin siyahısına daxil etməmişdir. Halbuki, hər bir kənd təsərrüfatı müəssisəsinin, o cümlədən, Qaradağlı kəndi və kolxozunun islahat komissiyası torpaq islahatı aparmaq üçün Aqrar islahat proqramını və pay torpağı alacaq subyektlərin siyahısını tərtib edib təsdiq etmişdir. Bu siyahı tərtib edilib, təsdiq edilən zaman “Torpaq islahatı haqqında” Qanunun 12-ci maddəsinə əməl edilməmiş, onların daimi yaşadıqları ev və yer Qaradağlı kəndi və kolxozunun ərazisi olmuşdur. Ona görə də, “Torpaq islahatı haqqında” Qanunun 11-15-ci maddələrinə əsasən ona və ailə üzvlərinə Qaradağlı kəndi və kolxozunun islahat proqramı əsasında müəyyən edilən norma daxilində pay torpağının verilməsi xahiş etməli olmuşdur. Belə ki, bu barədə bu yaxınlarda məlumat aldığı üçün cavabdehə və yuxarı dövlət orqanlarına rəsmi qaydada müraciət edərək ona və ailə üzvlərinə də pay torpaq sahəsi verilməsi barədə xahiş etsə də, bunun heç bir nəticəsi olmamış və ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehə yazdığı ərizə isə rəsmi qaydada imtina məktubu ilə cavab verilərək, Qaradağlı kəndində aqrar-islahat keçirilən zaman onun adının kolxozun özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında göstərilməmiş, bu səbəbdən də ona torpaq payı verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X10 etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Tərtər rayonu, Qaradağlı kəndi üzrə X15 Komissiyasının qərarı əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısında İddiaçı, X1, X2 və X5 adı aşkar edilməmişdir. Həmçinin, aqrar islahat artıq başa çatdığından iddiaçıya və onun ailə üzvlərinə pay torpaq sahəsinin verilməsi mümkün deyildir. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasın xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********44 nömrəli məktubundan görünür ki, Tərtər rayonu, Qaradağlı kəndi üzrə X15 Komissiyasının qərarı əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısında İddiaçı, X1, X2 və X5 adı aşkar edilməmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı tərəfindən islahat zamanı onun və ailə üzvlərinin adlarının siyahıya salınmaması, ona və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (pay torpağı) verilməməsi mübahisələndirilmiş və pay torpaq sahəsinin verilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyükimiiddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlumolur ki, iddiaçı inzibati orqanın (Aqrarİslahatkomissiyasının) bundan təxminən 22 il əvvəl həyata keçirdiyi hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə həmçininqeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində də hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan başqa, iddia ərizəsinin “xahiş etdim” hissəsində pay torpaq sahəsinin verilməsi ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, respublikada aparılmış aqrar islahatlar artıq başa çatmış və iddiaçı yuxarıda qeyd olunan normalara əsasən islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14, Tərtər rayonu Qaradağlı bələdiyyəsi və Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd X11 üzrə Nümayəndəliyi) qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-737/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-737/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver