Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-74/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X4, üçüncü şəxslər X7 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və X3) qarşı Bərdə rayonu, Divanlı kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 10.03.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Divanlı kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 08.09.2021-ci il tarixli, 2-1(114)- 74/2021 nömrəli qərardad ilə X7 və X3 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə rayon Şorəlli kənd sakinidir. 26 noyabr 1999-cu il tarixli Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya Bərdə rayonu, Divanlı kəndində 0.24 ha pay torpaq sahəsi verilmişdir. 10 iyul 2004-cü ildə həmin pay torpaq sahəsi DT və XK-nin Bərdə rayon Şöbəsinin əməkdaşları tərəfindən sərhədləri ölçülüb, iddiaçıya təhfil verilmişdir, Hətda pay torpağının sərhədləri və qonşuları da müəyyən edilmiş, bu barədə 10 iyul 2004-cü ildə akt tərtib edilmişdir. Həmin vaxtdan da, 0.24 ha pay torpaq sahəsi iddiaçının istifadəsindədir, lakin ona torpağın mülkiyyətinə verilməsi barədə heç bir sənəd verilməmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinə dair onun adına çıxarışın verilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 21 sentyabr 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi (atası) X8 və üçüncü şəxslər X7 və X3 məhkəmə iclasına gəlmişlər, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X7 və X3 ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 13.02.2020-ci il tarixli imtina məktubunun əsli; - Güloğlular kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 17.06.2004-cü il tarixli, 21 nömrəli məktubunun və 08.05.2020-ci il tarixli, 65 nömrəli arayışının əsli; - 20.12.2004-cü il tarixli aktın surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25.09.2020-ci il tarixli cavab məktubu; - 22.04.2021-ci il tarixli, 125 çıxış nömrəli mütəxəssis rəyinin surəti. - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.09.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.12.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, 0.24 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 13.02.2020-ci il tarixli məktubda imtinaya əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahələri (pay torpaqları) verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağa mülkiyyət hüququna dair Dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İslahat aparılarkən iddiaçıya ayrılmış, Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (pay torpağının) hansı səbəbdən sənədinin işlənib verilməməsi məlum deyildir. Sözügedən torpaq sahəsinin torpağın mülkiyyət hüququna dair Dövlət aktının olmaması səbəbindən həmin torpaq sahəsinin ölçülməsi, naturada sərhədlərinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə cavabdehin imtinasını qanunamüvafiq hesab edir. Belə ki, Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının müəyyən edilməsi torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə təyin edilir. İddiaçının mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi 0.24 ha torpaq sahəsi ilə bağlı Ərazi idarəsinin arxiv məlumatlarında hər hansı bir məlumat aşkarlanmamışdır. Məhkəmə işin faktiki hallarını araşdırmaq üçün 19.10.2021-ci il tarixli, 2-1(114)-74/2021 nömrəli qərardad qəbul edərək, iş materialları mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilmiş və mütəxəssis qarşısında “M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 26.11.1999-cu il tarixli, 04 saylı qərarı ilə İddiaçı ayrılmış 0.24 ha torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?, M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 26.11.1999-cu il tarixli, 04 saylı qərarı ilə İddiaçı ayrılmış 0.24 ha torpaq sahəsinin təyinatı və kateqoriyası nədir?, həmçinin həmin torpaq sahəsi dövlət torpağı ilə üst-üstə düşürmü?” sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən Gəncə İnzibati Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2-1(114)- 74/2021 nömrəli qərardadında qoyulmuş sualları cavablandırılmış və məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş 22.04.2021-ci il tarixli, 125 çıxış nömrəli mütəxəssis rəyinində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək M. Əsədov adına Aqro firmanın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə yerləşdirildi. Məlum oldu ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla bir hissəsi **********52 saylı çıxarışla qeydiyyata alınmış torpaqla, bir hissəsi digər şəxsin mülkiyyətinə verilmiş torpaqla üst-üstə düşür. Məhkəmə qeyd edilən halları araşdırmaq üçün sorğu vermiş və məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.09.2021-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 23.02.2019-cu il tarixli, **********52 saylı reyestr nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. (X7 torpaq sahəsini alqısatqı müqaviləsi əsasında almışdır) Bərdə rayonu Divanlı kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə qalan hissə kimi ailə üzvləri ilə birlikdə X1 adınadır. Bundan sonra X7 və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilərək, məhkəmə iclasına dəvət olunmuş və onların izahatları məhkəmə tərəfindən alınmışdır. Üçüncü şəxslər X7 və X3 ayrı-ayrılıqda izahatlarında mübahisələndirilən torpaq sahəsinin onların mülkiyyətində olduğunu bildirmişlər. Göründüyü kimi hazırda iddiaçının iddia etdiyi və istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi başqa mülkiyyətçilərə yəni X7 və X2 məxsus pay torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının:- - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur, belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahələri başqa-başqa şəxslərin mülkiyyətindədir və bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və X3) qarşı Bərdə rayonu, Divanlı kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 74, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və X3) qarşı Bərdə rayonu, Divanlı kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-74/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-74/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver