Məhkəmə qərarları › İş №2-1(114)-74/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-74/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-74/2022 19.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndisi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(114)-1185/2021 nömrəli qərardadı ilə "xxxx" MMC İddiaçı cavabdeh Şəmkir rayon Sabirkən bələdiyyəsinə qarşı Şəmkir rayon Sabirkənd bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tərəf tələbi onunla əsaslandırılmışdır ki, Sabirkənd bələdiyyəsi 03 iyul 2004-cü il tarixli, 12 saylı qərarı əsasında bağlanmış "X2" əsasən 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə onun istifadəsinə verilmiş, habelə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» 28 avqust 2004-cü il tarixli JN- 5279 saylı şəhadətnamə alınmış, adıçəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət plantasiyası salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında Sabirkənd kənd Bələdiyyəsinin əməkdaşları texnikalarala salmış olduğu plantasiyaya daxil olaraq əkdiyi ağacları üzərində yığılma vaxtı çatmış meyvələri ola-ola qıraraq məhv etmişlər. Bundan əlavə tərəflər arasında olan iş üzrə 11 yanvar 2019-cu il tarixdə Gəncə İnzibati- İqtisadi Məhkəməsində Sabirkənd kənd Bələdiyyəsinin nümayəndəsi Sabirkənd kənd Bələdiyyəsinin 09 oktyabr 2014-cü il tarixli 10 nömrəli qərarı təqdim etmiş, həmin qərara əsasən bələdiyyə birtərəfli qaydada tərəflər arasında olan 03 iyul 2004-cü il tarixli, 12 saylı qərarı əsasında bağlanmış "X3" ləğv etmişdir. Bundan sonra Sabirkənd kənd Bələdiyyəsi tərəfindən X1 müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, icarəçi tərəfindən torpaq üzərində icra hüquqlarına xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmişdir. Bütün bunlara baxmayaraq Sabirkənd kənd Bələdiyyəsi tərəfindən 30.03.2021 -ci il tarixli, 03 nömrəli qərarı ilə Sabirkənd kənd Bələdiyyəsinin 30.06.2004-cü il tarixli, 12 saylı iclasının İddiaçı 13 ha tropaq sahəsinin icarəyə verilməsi bağlı qərarını ləğv edilmişdir. Sabirkənd kənd Bələdiyyəsinin 30 mart 2021 -ci il tarixli 03 nömrəli qərarın qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 19 yanvar 2022-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndisi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin əvvəlki məhkəmə iclasında bildirmişdir ki, 30 mart 2021 -ci il tarixli iclasında bələdiyyənin iddiaçıya 13 ha torpaq sahəsi verilməsi ilə bağlı 30 iyun 2004-cü il tarixli qərarı ləğv edilmiş, bundan sonra Şəmkir rayon Məhkəməsində İddiaçıla bağlanmış icarə müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırılmışdır. Həmçinin bildirmişdir ki, iddiaçı bələdiyyənin iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş üçüncü şəxs "xxxx" MMC və cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsi məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin sədri 19.01.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq vəkili xəstə olduğu üçün məhkəmə prosesinin 25.01.2022-ci il tarixə təxirə salınmasını xahiş etsə də, iş materiallarına vəkilin orderi və etibarnaməsi əlavə edilməmiş və vəkil heç bir məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30.06.2004-cü il tarixli iclasının 12 nömrəli, 09.10.2014-cü il tarixli iclasının 10 nömrəli və 30.03.2021-ci il tarixli iclasının 03 nömrəli qərarların surətləri; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Sabirkənd bələdiyyəsi 03 iyul 2004-cü il tarixli, 12 saylı qərarı əsasında bağlanmış "X2" əsasən 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə onun istifadəsinə verilmiş, habelə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» 28 avqust 2004-cü il tarixli JN- 5279 saylı şəhadətnamə alınmış, adıçəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət plantasiyası salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında Sabirkənd kənd Bəlidiyyəsinin əməkdaşları texnikalarala salmış olduğu plantasiyaya daxil olaraq əkdiyi ağacları üzərində yığılma vaxtı çatmış meyvələri ola-ola qıraraq məhv etmişlər. Həmçinin müəyyən olunmuşdur ki, Sabirkənd kənd Bələdiyyəsinin 09 oktyabr 2014-cü il tarixli 10 nömrəli qərarı təqdim etmiş, Sabirkənd kənd Bələdiyyəsi tərəfindən 30.03.2021 -ci il tarixli, 03 nömrəli qərarı ilə Sabirkənd kənd Bələdiyyəsinin 30.06.2004-cü il tarixli, 12 saylı iclasının İddiaçı 13 ha tropaq sahəsinin icarəyə verilməsi bağlı qərarını ləğv edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Sabirkənd Bələdiyyəsinin 30.06.2004-cü il tarixli, 12 nömrəli qərarı əsasında kənd təsərrüfatı və bağçılıq məqsədilə istifadə üçün 50 (əlli) il müddətinə icarə yolu ilə kənd sakini İddiaçı 13 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30.03.2021ci il tarixli 03 nömrəli qərarı ilə Sabirkənd Bələdiyyəsinin 30.06.2004-cü il tarixli, 12 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərar araşdırılan zaman müəyyən edilmişdir ki, torpaq sahəsini icarəyə götürmüş İddiaçıqeyd edilən bələdiyyənin iclasında iştirak etməmiş və onun mövqeyi öyrəilməmişdir. Qeyd edilən hal cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiqlənmişdir. 30.06.2004-cü il tarixli, 12 nömrəli qərarı ləğv edilməsi üçün əsas kimi icarə müqaviləsinin ləğv edilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırması olmuşdur. Bundan əlavə 24.10.2014-cü il tarixli məktubdan görünür ki, qərara əlavə olunmuş sənədlərdən icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarının xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmədiyi məlum olmuşdur. Belə olan halda məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları 1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. “Torpaq bazarı haqqında” Qanun: Maddə 13. Torpaq sahəsinin dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət, dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir. Mülki Məcəllə: Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. ”Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqaviləsində müqaviləyə vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı torpaq icarəsi müqaviləsinə vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Göründüyü kimi iddiaçı Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarını mübahisəndirərək onun ləğv edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar ilə cavabdeh orqan onun mülkiyyətçi hüquqlarını pozmuş, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 50 il müddətinə onun istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair 03.07.2004-cü il tarixli, 12 nömrəli qərarı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30.03.2021-ci il tarixli, 03 nömrəli qərarı ilə heç bir əsas olmadan ləğv edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbinin qəbul etməməsini qeyd etsə də öz müdafiəsinə heç bir dəlil və sübut məhkəməyə təqdim edə bilməmişdir, halbuki iddiaçı tərəf mübahisəndirdiyi qərarın qanunsuz olduğunu tam sübuta yetirmişdir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7ci maddə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübüt etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğunu və bunun nəticəsində iddiaçının hüquqlarının pozduğu hallarda, məhkəmə həmininzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqan Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarı qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı qeyd olunan qərar ləğv edilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia təmin edilsin. Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar