Məhkəmə qərarları › İş №2-1(114)-74/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-74/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-74/2023 30.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayon Çəmənli ərazi nümayəndəliyində qeydə alınmış xx.xx.1977-ci il tarixli 16 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Ağdam rayon, Sarıcalı kəndində anadan olmuşdur. Yaxın günlərdə adı əmək haqqı barədə sistemə daxil edilərkən ölmüş şəxs kimi qeydə alındığı məlum olmuşdur. Ölməsi barədə akt qeydinin ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun Elza adlı özündən təqribən 2 yaş boyük bacısı olmuş, bacısı körpə vaxt rəhmətə getmiş, bacısı rəhmətə gedəndə özü də körpə olmuş, həmin vaxt valideynləri ölən bacısının doğum haqqında şəhadətnaməsini ona vermişlər, ona görə də onun doğumu barədə akt qeydi tərtib edilməmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 21 nömrəli, xx.xx.1975-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Ağdam rayon, Sarıcalı kəndində doğulmuşdur, atası X2, anası X1r. -surəti işə əlavə edilmiş 16 nömrəli, xx.xx.1977-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdə ölmüşdür. -Ağdam rayon Sarıcalı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubunda bildirilir ki, Ağdam rayon Sarıcalı kəndində qeydiyyatda olan İddiaçı ölmüşdür, onun ölümündən təqribən 2 il sonra bacısı doğulmuş, həmin qız uşağına Elza adı qoyulmuşdur. Həmçinin Sarıcalı kənd qəbirstanlığında Elzanın qəbir üstü daşı aşkar edilməmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 381-05/15 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, həmçinin iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçının özündən böyük Elza adlı bacısı körpə olan zaman ölmüşdür və hazırda ləğv edilməsi tələb olunan ölüm akt qeydi də həmin uşağın ölməsi ilə bağlı tərtib edilmişdir. Odur ki, həmin akt qeydinin ləğv edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin iddiaçı özü də məhkəmə iclasında etiraf etmişdir ki, onun doğulması barədə akt qeydi aparılmamışdır, ona görə də mübahisələndirilən akt qeydi iddiaçıya aid deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın:- -1.4-ci bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. -8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. -8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. -8.14-cü bəndinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. İddiaçıya izah olunur ki, doğulması faktı və doğum haqqında akt qeydinin tərtibatı ilə bağlı xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə müraciət edə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar