Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-741/2021 29.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və vəkili X6, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X2, üçüncü şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 09.01.2020-ci il tarixli, Ə15-001- 20 nömrəli əmrinin təsdiqlənmiş surətindən görünür ki, “Polis haqqında” Qanunun 3, 5, 13 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 12, 17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq cəmiyyətdə qəbul olunmuş ailə-məişət və əxlaq normalarına riayət etməyib ailəli olan vət. N.Quliyeva ilə yaxın münasibətlər qurması, onunla ailə quracağı haqda vədlər etməsi 2018-ci ildə sonuncunun nikahının pozulmasına səbəb olduğuna, 2019cu ildə dəfələrlə vət. N.Quliyevanın iş yerinə gəlib qısqanclıq zəminində mübahisələr yaratdığına, 03.12.2019-cu il tarixdə isə NH-də növbətçi sürücü kimi xidmətdə olmasına baxmayaraq təhkim olunduğu xidmət yerini özbaşına tərk edib sonuncunun işlədiyi “S BUTİ” gözəllik salonuna gələrək ona qarşı kobudluğa yol verməklə haqlı şikayətinə zəmin yaratdığına, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşı adına xələl gətirdiyinə görə Gəncə şəhəri Nizami RPİ-nin Təminat hissəsinin polis nəfəri-sürücü polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(044)- 156/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 tərəfinlən İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazılı olaraq yaydığı məlumatlar (müracəit) İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar olduğu üçün X4 tərəfindən yalan olması barədə təkzib xarakterli ərizə yazılması, cavabdehlər X1 və X7 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon Polis İdarəsi qarşı 09.03.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifədən azad olunmağına dair 11.01.2020-ci il tarixli, Ə3Ş/121-20 nömrəli əmrin ləğv edilməsinə və tutduğu vəzifəyə (işinə) bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Gəncə şəhəri Nizami rayon Polis İdarəsi) qarşı vəzifədən azad olunmağına dair 09.01.2020-ci il tarixli, Ə15-001-20 nömrəli əmrin ləğv edilməsinə və tutduğu vəzifəsinə bərpa olunmasına dair cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş və hərbi xidməti bitirdikdən bir müddət sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və X18 Hazırlayan Məktəbin polis nəfərlərinin ilkin hazırlıq kursunu bitirmişdir. Hərbi xidmətdə olarkən etdiyi xidmətə görə hərbi hissə komandiri tərəfindən təşəkkür məktubu ilə təltif olunmuşdur. 2018-ci il tarixdə iki il müddətinə, yəni 2016-cı il tarixdən 2018-ci il tarixədək Polisə ictimai dəstək hissəsində qüsursuz işlədiyinə görə polis serjantı vəzifəsinə qəbul olunmuşdur. Polisə ictimai dəstək qrupunda və polis nəfəri kimi işə qəbul olunduqdan sonra uşaqlıq arzusuna çatmağına çox sevinmişdir. Onun anası ilə yaşadığı ünvanda sonradan adı ona məlum olan X3 anası və onunla həmyerli olduğundan anasının onun işlədiyi qadın salonunu gedərək münasibət qurmuşdur. Bir müddət anası tərəfindən onun xidmətindən isitifadə edilmiş, sonuncu dəfə cavabdehə borcu qalmış, həmin borcu geri qaytaracağını bildirsə də, pulu verə bilməmişdir. Anası cavabdehə olan borcunu ödəyə bilmədiyi halda evlərinə gələrək anası ilə mübahisəsi olmuş və mübahisə zəminində polisə müraciət edəcəyini anasına bildirdiyi zaman anası “elə oğlum özü polisdi” deyərək “kimə şikayət edəcəksən? Özümdən-özüməmi?” cavabını vermişdir. Bundan sonra barəsində araşdırma aparıldığı ona bildirilərək ona işi ilə bağlı məlumat veriləcəyi bildirilmiş və onun həmin qadınla bağlı məhkəməyə müraciət etməyi, ona şər atıldığının sübut etməyi üçün qərar alınaraq Nazirliyi müraciət etməyi söylənildiyi üçün o, X3 və X13 barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(044)-156/2021 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş və o, qətnaməni Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək artıq ona qarşı şər atıldığı və barəsində yayılmış məlumatın yalan olmasını sübut etdiyindən qətnaməni təqdim etdikdə ona bildirilmişdir ki, işdən azad olunmuşdur. Lakin o, işdən azad olunmağı barədə heç bir məlumat verilmədiyini, nə də işdən azad olunması barədə əmrin və əmək kitabçasının verilmədiyini bildirsə də, ona heç bir cavab verilməmişdir. Bu baxımdan məcburiyyət qarşısında qalıb rəsmi olaraq işdən azad olunmağı barədə əmri və əmək kitabçasını tələb etmişdir. Onun müraciətinə cavab olaraq əmək kitabçası Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən təqdim edilmiş, lakin əmri ona verilməmişdir. Bu baxımdan onun polis vəzifəsindən azad olunmağı ilə bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsinin 11.01.2021-ci il tarixli əmrini əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən hazırda qaldırdığı iddia tələbinin prespektivi ilə bağlı ilk öncə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmiş, haqlı olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmçinin pandemiya müddəti iddia tələbinin məhkəməyə verilməsinə əngəl törətmişdir. O cümlədən tərəfindən əmrin əldə edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona mübahisələndirilən əmr və əmək kitabçası verilməmişdir. Yalnız sonuncu müraciətindən sonra müvafiq olaraq əmri əldə edərək məhkəməyə müraciət etmişdir. Mübahisələndirdiyi əmr və əmk kitabçası ona nə rəsmi olaraq göndərilməmiş, nə də ki, ona təhvil verilməmişdir ki, əmrin məzmunu ilə tanış olaraq pozulmuş hüququnun maddi hüququ əsası barədə mübahisə açmağı əlçatan olsun. Bu baxımdan mübahisələndirdiyi əmrin ləğvi ilə bağlı ötürülmüş posessual müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, işdən azad olunması ona məlum olsa da, əmr təqdim edilməmişdir. Həmçinin ölkədə baş verən pandemiya, müharibə şəraiti və özünün uzun müddət xəstəlikdən əziyyət çəkməsi məhkəməyə vaxtında müraciət etməsinə mane olmuşdur. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili X9 iddiaçı ilə eyniməzmunlu izahat verərək iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirdi, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, DİN-in Daxili Təhqiqatlar İdarəsində iddiaçı barəsində araşdırılma aparılmış və ona işdən azad olunması barədə məlumat verilmişdir. İddiaçı əmrdən məlumatsız olduğunu qeyd etsə də, nəzərə almaq lazımdır ki, o, xidməti vəsiqəsini və tabel silahını 16.01.2020-ci il tarixdə təhvil vermiş, bu zaman ona daxili işlər orqanlarından xaric edilməsi məlum olmuşdur. Bundan başqa, iddiaçının Gəncə şəhəri Nizami Rayon Məhkəməsində qaldırdığı iddianın əsasında da onun daxili işlər orqanlarından azad edilməsi haqqında əmrində olan motivlər göstərilmişdir. Eləcə də, iddiaçı xəstəliyini və pandemiyanı bəhanə gətirərək məhkəmədə iddia qaldırmaq üçün prosessual müddəti üzrlü səbəbdən ötürdüyünü qeyd edir. Lakin iddiaçının təqdim etdiyi tibbi kartadan çıxarışdan görünür ki, o, xəstəlikdən 2020-ci ilin aprelində müalicə almış, ölkə ərazisində pandemiya ilə əlaqədar karantin rejimi də 2020-ci ilin mart ayının ortalarından tətbiq edilmişdir. Karantin rejimi müddətində bəzən məhkəmələrin fəaliyyətinə məhdudiyyətlər gətirilsə də, əksər vaxtlarda məhkəmələr tam fəaliyyətini bərpa etmiş, habelə poçt və elektron qaydada iddia ərizələrinin qəbulunda heç bir məhdudiyyətlər olmamışdır. Bütün bunları nəzərə alaraq iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsini xahiş edir. Üçüncü şəxsin nümayəndəsi X14 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, DİN-in Daxili Təhqiqatlar İdarəsində iddiaçı barəsində araşdırılma aparılmış və ona işdən azad olunması barədə məlumat verilmişdir. İddiaçıya diplomu və qiymət cədvəli təhvil verilib, xidməti vəsiqəsi və tabel silahı ondan təhvil alınmışdır. Əmək kitabçası isə iddiaçının müraciəti əsasında ona təqdim edilməlidir. İddiaçıya əmək kitabçasının gec verilmə səbəbi, onun bu barədə gec müraciət etməyi olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Polis İdarəsinin 16.01.2020-ci il tarixli “Hesab-təhvil vərəqəsi”ndən görünür ki, İddiaçı 16.01.2020-ci il tarixdə xidməti vəsiqəsini və tabel silahını təhvil vermiş və həmin vərəqəni imzalamışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 22.01.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon Polis İdarəsindən diplomunu və qiymət cədvəlini təhvil almışdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Polis İdarəsinin 16.01.2020-ci il tarixli 121-983-1220 nömrəli məktubundan görünür ki, Daxili işlər orqanlarında xidmətdən xaric olunmuş İddiaçı DİN-nin xüsusi qeydiyyatından çıxarılıb hərbi qeydiyyata durması üçün SX ******* nömrəli hərbi bileti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı əmrin qəbul edildiyi 09.01.2020-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edərək əsaslar kimi xəstə olması barədə Gəncə şəhəri 6 nömrəli poliklinikanın 29.04.2020-ci il tarixli 542 nömrəli tibbi kartasının surətini məhkəməyə təqdim etmiş, pandemiya ilə əlaqədar müddəti ötürdüyünü bildirmiş, habelə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(044)- 156/2021 nömrəli qətnaməsini Gəncə şəhər Baş Polis İdarəsinə təqdim edən zaman işdən azad olunduğunu bildirdiklərini göstərmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi təqdim etdiyi Gəncə şəhəri 6 nömrəli poliklinikanın 29.04.2020-ci il tarixli 542 nömrəli tibbi kartasının surətini nəzərdən keçirib hesab edir ki, hətta poliklinikaya müraciət etdikdə belə iddiaçı işdən azad olunduğunu bilmiş, həmin kartada xəstənin iş yeri və məşğuliyyəti qrafasında işsiz olması yazılmışdır. İddiaçı müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqələndirməsi dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, elan olunmuş karantin rejimi vətəndaşların məhkəmələrə müraciət etməsinə, məhkəmə qərarlarını əldə etməsinə, eləcə də iddia ərizələrini təqdim etməsinə maneə olmamışdır. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, şikayətlərinin qəbulu, eyni zamanda məhkəmə qərarlarının poçt vasitəsilə və ya elektron şəkildə çatdırılması təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçının da göstərilən qaydalara uyğun olaraq iddia ərizəsini məhkəməyə təqdim etmək imkanı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, işə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsi) qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-741/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-741/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver