Məhkəmə qərarları › İş №2-1(114)-742/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-742/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-742/2024 30.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardım ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və sosial yardımla bağlı sistemə (VEMTAS-a) girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü cü il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi onun ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın təyinatının dayandırılaraq imtina edilməsi barədə cavabdeh orqan tərəfindən verilmiş qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardım ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və sosial yardımla bağlı sistemə (VEMTAS-a) girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Bərdə rayonu Darğalar kəndində anadan olmuş, hazırda Bərdə rayonu, Darğalar kəndində yaşayır. O, ailə təmsilçisi olduğu ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq 2023-cü ilin fevral ayında X9 və X11nə (VEMTAS) müraciət etmişdir. Ailəsinin maddi məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2023-cü il tarixindən ailəsinə aylıq 887.0 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nazirlik tərəfindən heç bir məlumat verilmədən və xəbərdarlıq edilmədən 2023-cü ilin sentyabr ayında sosial yardımın ödənişi dayandırılmışdır. Dayandırma səbəbini öyrənmək istədikdə "elektron sistemə (VEMTAS) daxil olmaq mümkün olmadı" sözlərinin qeyd edildiyi və "“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqı son 12 ay ərzində ödənilmədiyi üçün, məşğulluğun öz əksini tapmaması səbəbi ilə sistemə girişiniz məhdudlaşdırılmışdır" sözləri yazıldığını görmüşdür. Sosial yardımın imtina edilməsi səbəbini öyrənmək üçün Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzinə arayış almaq üçün müraciət etdikdə ona hansı səbəbdən imtina olunması qərarı barədə bildiriş təqdim etmişlər. Onun ailəsi aztəminatlı ailə olaraq Bərdə rayonu Darğalar kəndində yaşayır, ailəsi 7 nəfərdən, o, həyat yoldaşı, oğlu, gəlini və üç azyaşlı nəvəsindən ibarətdir. Ailə üzvləri ilə birlikdə 0.92 ha 2-ci dərəcəli pay torpağı vardır ki, məşğulluqlarını və dolanışıqlarını həmin pay torpağında çalışmaqla həyata keçirirlər. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsinə əsasən pay torpağı olan şəxslər məşğul şəxs sayılırlar. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”da hansı hallar sosial yardımın dayandırılmasına səbəb olması haqqında aydın yazılmışdır və həmin qanunvericilik sənədlərində belə bir maddə yoxdur. O, pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının dayandırılmasını qanunsuz hesab edir. Çünki, bu barədə ona nə Dövlət Vergilər Xidmətindən, nə də Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 may 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-311293/2023 nömrəli etirazda qeyd edilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********56203 nömrəli müraciəti əsasında, ailəyə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina eilməsı Qaydalarına uyğun olaraq xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək 898,88 manat məbləğində ünvanlı dövlət sosial yardımı (bundan sonra — ÜDSY) ödənişi təyin olunmuşdur. Ailəyə təyin edilmiş ÜDSY işinə torpaq mülkiyyətçiləri X2 və X3 muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə rəsmi yenilik imtina edilmişdir. Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X9 və X11 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün muraciət edilməsi onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Beləliklə, iddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra VEMTAS tərəfindən aşağıda qeyd edilən səbəbdən imtina verilmişdir: - ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması. Ailənin mülkiyyətində Bərdə rayonu Darğalar kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,92 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar” qrafasında iddiaçının əri X2 və iddiaçının oğlu X1 təsərrüfatı ilə məşğul olan vergi ödəyiciləri olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqları qeyd edilir. (1.VÖEN: ********** 2. VÖEN: **********). “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.14 -cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirləri hesablanarkən, torpaq payından əldə olunar gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəti qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Qaydaların 5.17-ci maddəsinə əsasən, torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsı və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır. Beləliklə, İddiaçı ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı 0.92 ha ölçüdə pay torpağının olmasına baxmayaraq, həmin torpaq sahəsinin əkilib-becərilərək və ya icarəyə verilərək gəlirin əldə edilməməsi səbəbindən ailənin orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3.--cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Qanunun 1.0.5ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan: 1) ailə üzvlərinin əmək qabiliyyətsiz olması; 2) ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; 3) vəfat etməsi; 4)məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 5) azadlıqdan məhrum edilməsi; 6) ailə üzvünün olduğu yerin məlum olmaması və s. səbələrdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan maddələrin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələrin dairəsi Qanunla məhdudlaşdırılır. Bu isə, o deməkdir ki, ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması səbəbi “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun 3-cü maddəsində qeyd edilən heç bir səbəblə uyğunluq təşkil etmədiyindən, həmin ailə sosial yardım almaq hüququna malik olan ailələrin sırasına daxil edilə bilməz. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə Əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab edilir. Konstitusiyanın 16-cı maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək mümkündür ki, sosial yardımın təyin olunması üçün müraciət edən ailənin: 1) əmək qabiliyyətli üzvlərinin hər birinin gəlirləri olmalı; 2) həmin gəlirlər ailənin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün yetərli (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı) olmamalıdır. Bu səbəbdən, iddiaçıya VEMTAS tərəfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” imtinası, ailənin orta aylıq gəlirlirləri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğundan qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi sübuta etirilmiş hesab edilməlidir. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 0009, KOD 61008028 nömrəli dövlət aktının surəti, Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********619400 nömrəli, **********598600 nömrəli və xx.xx.2023-cü il tarixli **********210200 nömrəli qəbzlər, X4 məxsus ********** qeydiyyat nömrəli (VÖEN) fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti, iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının cavabdehə müraciəti əsasında toplanmış inzibati icraat materialları, cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-311293/2023 nömrəli etiraz, 11 saylı ƏVBİ-nin xx.xx.2023cü il tarixli, **********632800 nömrəli və xx.xx.2024-cü il tarixli, **********052700 nömrəli məktubları məhkəmə araşdırmasının predmetini təşkil edir və həmin sənədlərin məzmununa istinad edilir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: -12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab edilir. -16-cı maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.3-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. -1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. -3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan: - ailə üzvlərinin əmək qabiliyyətsiz olması; - ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; - vəfat etməsi; - məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; - azadlıqdan məhrum edilməsi; - ailə üzvünün olduğu yerin məlum olmaması və s. səbələrdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. -6.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. -6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. -7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün muraciət edilməsi onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Həmin Qaydaların: -5.14 -cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirləri hesablanarkən, torpaq payından əldə olunar gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəti qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. -5.17-ci maddəsinə əsasən, torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsı və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır. Məhkəmə qeyd olunan qanunvericilik aktlarını hazırkı işin hallarına uyğunlaşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, İddiaçı ailəsinin mülkiyyətində Bərdə rayonu, Darğalar kəndində yerləşən kənd təsərrüfatına yararlı 0.92 ha pay torpağı vardır. Bununla yanaşı, VEMTAS-da iddiaçının əri X5 (VÖEN: **********) və iddiaçının oğlu X6 (VÖEN: **********) kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyiciləri olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı 0.92 ha ölçüdə pay torpağının olmasına baxmayaraq, həmin torpaq sahəsinin əkilib-becərilərək və ya icarəyə verilərək gəlirin əldə edilməməsi səbəbindən ailənin orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının ailəsinin orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olması halı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulan hallardan heç birinə aid deyil. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçı cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində haqlı olmamış, cavabdeh orqanın iddiaçının tələbindən imtinası isə qanuni və əsaslı olmuşdur. Məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardım ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və sosial yardımla bağlı sistemə (VEMTAS-a) girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçınun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıliyina qarşı qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardım ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və sosial yardımla bağlı sistemə (VEMTAS-a) girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar