Məhkəmə qərarları › İş №2-1(114)-743/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-743/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-743/2024 30.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Çələbilər kəndində yerləşən 1.78 ha torpaq sahəsi üzərində onun və mərhum nənəsi Qurbanova (Mustafayeva) Xanım Kərim qızının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Çələbilər bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 04 saylı qərarı ilə iddiaçının ərizəsi nəzərə alınmış və ilkin islahat zamanı adları texniki səhv nəticəsində vətəndaşların siyahısına düşməyən Çələbilər kənd sakinləri olan iddiaçıya və nənəsi Qurbanova (Mustafayeva) Xanım Kərim qızına 0,89 ha olmaqla bələdiyyə fondunda olan əkinə yararlı sahədən 1,78 ha pay torpağı verilmişdir. Həmin sənədlə eyni zamanda iddiaçıya veriləcək 1,78 ha torpaq sahəsinin baş plandan çıxarışı da verilmişdir. Bundan sonra, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə torpaq islahatı zamanı yol verilmiş qüsurların aradan qaldırılması qərara alınmışdır. Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 3/191 saylı məktubu ilə torpaq islahatı zamanı baş vermiş qüsurların aradan qaldırılmasına dair Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 03 saylı qərarının nəzərə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir. Daha sonra, xx.xx.2007-ci il tarixdə DT və XK Bərdə rayon şöbəsi tərəfindən torpağın verilməsi barədə rəy verilmişdir. İddiaçı qeyd etməyi zəruri hesab edir ki, nənəsi X5 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə « X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 və “Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanları qüvvədən düşmüşdür. Sənədlərdən göründüyü kimi torpaq sahəsi yuxarıda qeyd edilən Fərmanlar qüvvədən düşdükdən sonra, yəni X6 və İddiaçı Nuh oğluna Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 03 saylı protokolu ilə verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Bərdə rayon Çələbilər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, ilkin islahat zamanı adları texniki səhv olaraq pay torpağı almış vətəndaşların siyahısına düşməyən Çələbilər kənd sakinləri X6 və İddiaçı Nuh oğluna Çələbilər kənd sakinlərinə düşən orta normaya uyğun olaraq adambaşına 0,89 hektar olmaqla bələdiyyə fondunda olan əkinə yararlı sahədən cəmi 1,78 hektar pay torpağı verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə rayon Çələbilər bələdiyyəsinin xx.xx.2007-cı tarixli 04a saylı protokolu nəzərə alınmış və “Torpağa mülkiyyət hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnaməyə uyğun olaraq DƏDRX-nin Bərdə rayon Ərazi İdarəsindən qanunvericiliyə əsasən lazımi sənədlərin hazırlanmasi xahiş edilmişdir. -surəti işə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, 3/191 nömrəli məktubundan görünür ki, Çələbilər Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 04a saylı iclasında torpaq islahatı zaman baş vermiş qüsurların aradan qaldırılması barədə məsələ müzakirə edilərək qərar qəbul edilmiş, həmin qərar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 03 saylı iclasında təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-ci il tarixli, 227 nömrəli arayaşından görünür ki, Rayon Dövlət Arxivində 72 saylı fondda mühafizə edilən Bərdə rayon Otuzikilər kənd Sovetliyinin Çələbilər kəndi üzrə 1974-1976-cı illərə aid 6 saylı Təsərrüfatbaşına kitabın 415 saylı şəxsi hesabına əsasən vətəndaş X3 ailə başçısı olduğu, noyabr 1974-cü ildə Kolayr kənd Sovetliyinin Göyüşlü kəndinə ərə getdiyi qeyd olunmuş, həmçinin 1995-2000-ci illərdə Otuzikilər kənd Sovetliyinin Çələbilər kəndi üzrə 01 saylı təsərrüfatbaşına kitabın 34 saylı şəxsi hesabına əsasən, vətəndaş X3 ailə başçısı olduğu, İddiaçı Nuh oğlunun nəvəsi olduğu qeyd olunmuşdur, bundan əlavə, sənəddə vətəndaş mərhum Qurbanova və X1 eyni şəxs olduğu təsdiq olunur. -surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, AZ 125935 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə ölmüşdür. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-Ə-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ilkin aqrar islahat zamanı iddiaçı və mərhum X1 adı pay torpaq sahəsi verilən subyektlərin siyahısında olmadığından onlara torpaq sahəsi verilməmiş, sonradan Bərdə rayon Çələbilər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu ilə Çələbilər kənd sakinlərinə düşən orta normaya uyğun olaraq adambaşına 0,89 hektar olmaqla bələdiyyə fondunda olan əkinə yararlı sahədən cəmi 1,78 hektar pay torpağının verilməsi qərara alınmış və sözügedən qərar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 03 saylı iclasında təsdiq edilmişdir. İddiaçı ilkin aqrar islahat zamanı verilməyən, lakin sonradan Bərdə rayon Çələbilər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu və Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 03 saylı iclas protokolu ilə ona və mərhum X2 verilmiş ümumi sahəsi 1,78 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi iddiaçıya və mərhum X2 pay torpaq sahəsi verilən zaman, yəni 2007-ci il tarixdə aqrar islahat komissiyalarının ləğv edilməsi (2005-ci ildə müvafiq Fərmanlar qüvvədən düşmüşdür), eyni zamanda bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmişdir. Həmin Qanunun:- 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. -2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2-ci maddəsinə əsasən, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. İş materiallarından da göründüyü kimi, iddiaçıya və mərhum X2 verilmiş torpaq sahəsi bələdiyyənin ehtiyyat fondunda olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. İstinad olunan normaların tələblərindən də göründüyü kimi, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilir. Bundan əlavə qeyd edilməlidir ki, bələdiyyələrin aqrar islahat komissiyalarının səhvlərini aradan qaldırmaq, başqa sözlə, adı torpaq sahəsi verilməli olan subyektlərin siyahısında olmamış vətəndaşlara bələdiyyə tərəfindən əvəssiz torpaq sahəsinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X11 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan X10 Komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi aqrar islahat komissiyaları 20 aprel 2005-ci il il tarixli Fərmana əsasən ləğv edilmişdir. Bu səbəbdən də mövcud olmayan komissiya iddiaçıya torpaq ayrılması barədə müvafiq qərarı təsdiq edə bilməzdi. Qeyd olunan hallar isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbər olmadığını deməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar