Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-743/2025 19.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1574/2024 nömrəli qərarının ləğvi, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin edilməklə, pensiyanın məbləğinin son 24 aylıq əmək haqqının 80%-i həcmində müəyyən edilməsi və “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən əmək pensiyasının indeksləşdirilərək, ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır.
2. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət qulluğu vəzifəsində işləmişdir.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin xx.xx.2024-cü il tarixli 010/k nömrəli əmri ilə Nazirliyin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İDarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun ba məsləhətçisi-müfəttişi, 2-ci dərəcəli dövlət qulluqçusu İddiaçı dövlət qulluğuna 08 yanvar 2024-cü il tarixdən pensiya yaşına çatması ilə əlaqədar öz arzusu ilə xitam verilməklə, işdən azad edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1574/2024 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2024-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının-1299,10 manatın (əmək haqqı barədə arayışa uyğun olaraq son 24 ay üzrə ödənilmiş 31178,36 manatın 24-ə olan nisbəti) 50 faizi-649,55 manat məbləğində müəyyən edilmişdir.
5. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-80212/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, onun sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 9 yanvar 2024-cü il tarixindən Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının-1299,10 manatın (əmək haqqı barədə arayışa uyğun olaraq, son 24 ay üzrə ödənilmiş 31178,36 manatın 24-ə olan nisbəti) 50 faizi-649,55 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən 1 yanvar 2024-cü il tarixinədək təyin edilmiş əmək pensiyaları indeksləşdirilərək artırılıb. Ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 1 yanvar 2024-cü il tarixindən əvvəl deyil, 9 yanvar 2024-cü il tarixindən təyin edildiyindən hazırkı əmək pensiyasının müraciətində göstərdiyi qaydada indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. II. Məhkəmədə icraat
6. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildən əmək fəaliyyəti ilə başlamaqla ümumi iş stajı 47 il olmuşdur. Son iş yeri Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı ETSİ-i olmuşdur. 2008-ci ilin dekabr ayının 25-dən 2024-cü ilin yanvar ayının 9dək həmin Regional idarənin müxtəlif vəzifələrində dövlət qulluğunda çalışmışdır. Dövlət qulluğunda xidməti 15 il 14 gün təşkil etmişdir. xx.xx.2023-cü il tarixdən onun yaşa görə pensiya almaq hüququ yaranmış və pensiya məbləği 649.55 manat hesablanmışdır. Hesablamadan görünür ki, ona əmək haqqının 50% miqdarında pensiya təyin edilmişdir. Həmin hesablama düzgün deyildir, çünki ona orta aylıq əmək haqqının 80% miqdarında pensiya məbləği hesablanmalı idi. Hesab edir ki, cavabdeh tərəfindən onun pensiyası düzgün hesablanmamışdır. Çünki təqdim olunmuş arayışa əsasən orta aylıq əmək haqqı 1299.10 manat olduğuna görə, həmin məbləğin 80%-i 1039.28 manat təşkil etmişdir. Cavabdeh düzgün olmayaraq onun pensiyasını 649.55 manat hesablamaqla, nəticədə ona 389.73 manat az məbləğ təyin edilmişdir. O, cavabdehə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmamadığını bildirmiş və pensiyasının yenidən hesablanmasını və hesablama barədə açıqlama verilməsini xahiş etmişdir. Cavabdehin 06 aprel 2024-cü il tarixli, 3-17-1/2-Q-80212/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ona yaşa görə əmək pensiyası 9 yanvar 2024-cü il tarixdən təyin edilmiş, dövlət qulluğunda stajı 15 il 14 gün təşkil etmiş, orta aylıq əmək haqqı 1299.10 manat hesablanmış və həmin məbləğin 50% miqdarında, yəni 649.55 manat pensiya məbləği təyin edilmişdir. Bundan əlavə cavabdeh məktubunda qeyd etmişdir ki, ona pensiya 9 yanvar 2024-cü ildən təyin edildiyinə görə, 1 yanvar 2024-cü il tarixədək təyin edilmiş əmək pensiyalarına hesablanan 11.2% indeksləşmə ona şamil edilməmişdir. Hesab edir ki, cavabdehin açıqlaması düzgün deyildir və qanunla əsaslandırılmamışdır. Belə ki, o, dövlət qulluğuna qəbul olunan vaxtı, yəni 25 dekabr 2008-ci ilədək "Əmək pensiyaları haqqında" qanunun 7 fevral 2006-cı il tarixli redaksiyası qüvvədə olmuşdur. Həmin qanunun 20.11.3-cü maddəsinə görə dövlət qulluğunda 10 il qulluq edən şəxsə orta aylıq əmək haqqının 55% miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında əlavə olunmaqla, lakin 80%dan çox olmamaq şərti ilə pensiya təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin maddə 2017-ci ilin mart ayına qədər qüvvədə olmuş, həmin tarixdə qanuna edilən dəyişikliklər nəticəsində ləğv edilmişdir. Cavabdeh cavabında qeyd etmişdir ki, onun pensiyasını hesablayarkən "Əmək pensiyası haqqında" qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hesablamışdır. Bu düzgün deyildir. Həmin qanuna 2017-ci ilin mart ayında edilmiş dəyişiklik onun vəziyyətini pisləşdirdiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə zidd olduğuna görə ona şamil edilə bilməz. Çünki Konstitusiya Məhkəməsinin 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş, yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi aktların qüvvəsinin geriyə qüvvəsi nəzərdə tutulmuşdur. Ona görə də, hesab edir ki, ona pensiya təyin edilərkən qanunun 2017-ci ilin mart ayınadək qüvvədə olmuş 20.11.3-cü maddəsinə istinad edilməlidir. Cavabdeh eyni zamanda bildirmişlər ki, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən 1 yanvar 2024-cü il tarixinədək təyin edilmiş əmək pensiyaları indeksləşdirilərək artırıldığına görə, ona 1 yanvar 2024-cü il tarixindən əvvəl deyil, 9 yanvar 2024-cü il tarixindən pensiya təyin edildiyinə görə indeksləşdirilmə ona tətbiq edilməmişdir. İmtinanın o hissəsi də, əsassızdır. Çünki onun 65 yaşı 31 dekabr 2023-cü ildə tamam olduğuna görə pensiya hüququ həmin gündən yaranmışdır. Ona 31 dekabrdan deyil, 9 yanvardan pensiya təyin etməklə cavabdeh səhvə yol vermişdir. Ona görə də, pensiya hüququ 31 dekabr 2023-cü ildən yarandığına görə həmin indeksləşdirmə ona şamil edilməlidir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-7-1574/2024 nömrəli qərarının ləğvi, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin edilməklə, pensiyanın məbləğinin son 24 aylıq əmək haqqının 80%-i həcmində müəyyən edilməsi və “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən əmək pensiyasının indeksləşdirilərək, ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);
13. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətinə (30 günlük) riayət edilmişdir.
15. Belə ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməməsini, qərar barədə məlumatın isə iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda verilməsini nəzərə alaraq, müddətin ötürülməməsi qənaətinə gəlir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın növünü və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatıı sistemi "Əmək pensiyaları haqqında" Qanunla müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019-30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan səxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) Həmin qanunun 20.11.ci və 20.12.ci maddələrinə əsasən: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına catmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 9 yanvar 2024-cü il tarixdən Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının, 1299,10 manatın (iddiaçının əməkhaqqı barədə arayışına uyğun olaraq son 24 ay üzrə ödənilmiş 31178,36 manatın 24-ə olan nisbəti) 50 faizi-649,55 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən 1 yanvar 2024-cü il tarixədək təyin edilmiş əmək pensiyaları indeksləşdirilərək artırılıb. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən əvvəl deyil, 9 yanvar 2024-cü il tarixindən təyin edildiyindən hazırkı əmək pensiyasının iddia ərizəsində göstərilən qaydada indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1574/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-80212/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət qulluğu vəzifəsində işləmiş, 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmış, xx.xx.2024-cü il tarixdən dövlət qulluğuna xitam verilməklə, işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1574/2024 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2024-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının-1299,10 manatın (əmək haqqı barədə arayışa uyğun olaraq son 24 ay üzrə ödənilmiş 31178,36 manatın 24-ə olan nisbəti) 50 faizi-649,55 manat məbləğində müəyyən edilmişdir.
28. İddiaçı pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmasını əsas gətirməklə, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1574/2024 nömrəli qərarını mübahisələndirir və ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin edilməsini, pensiyanın məbləğinin son 24 aylıq əmək haqqının 80%-i həcmində müəyyən edilməsini və “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən əmək pensiyasının indeksləşdirilərək, ona ödənilməsini tələb edir.
29. İddiaçının ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023cü il tarixdən təyin edilməsi və “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən əmək pensiyasının indeksləşdirilməsi tələbinin faktiki və hüquqi əsasını o hallar təşkil edir ki, o, xx.xx.1958-ci il təvəllüdlü olmaqla, 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Lakin həmin gün qeyri-iş gününə təsadüf etdiyinə görə, növbəti iş günü olan xx.xx.2024-cü il tarixdə dövlət qulluğuna xitam verilmiş və işdən azad edilmişdir. Onun 65 yaşının tamam olduğu vaxtdan pensiya hüququ yarandığından, ona pensiya da həmin tarixdən təyin edilməlidir.
30. Lakin məhkəmə həmin dəlilləri ona görə əsaslı saymır ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi dedikdə, ona yaşa görə pensiya təyin edilərkən dövlət qulluğunda işləməyə görə qulluq əlavələrinin də təyin edilməsi nəzərdə tutulur.
31. İddiaçıya dövlət qulluğu vəzifəsində 15 il işlədiyinə görə qulluq əlavələrinin ödənilməsi üçün isə onun 65 yaşına çatması kifayət etmir, yəni şəxsin 65 yaşının tamam olması ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinin yeganə əsası kimi çıxış etmir. Bunun üçün dövlət qulluğuna xitam verilməsi də zəruridir, hansı ki, hazırkı halda iddiaçının 65 yaşının xx.xx.2023-cü il tarixdə tamam olmasına baxmayaraq, həmin gün qeyri-iş gününə təsadüf etdiyindən onun dövlət qulluğuna xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
32. İddiaçının dövlət qulluğunda olduğu müddətdə isə ona dövlət qulluğunda işləməsinə görə pensiya təyin edilməsi və qulluq əlavəsi ödənilməsi istisna edilir.
33. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla).
34. Digər tərəfdən, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli Sərəncamına əsasən 1 yanvar 2024cü il tarixədək təyin edilmiş əmək pensiyaları indeksləşdirilərək artırılmışdır.
35. Lakin, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 1 yanvar 2024cü il tarixinədək deyil, 9 yanvar 2024-cü il tarixindən təyin edildiyindən hazırkı əmək pensiyasının qeyd olunan Sərəncamda göstərilən qaydada indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
36. Məhkəmə qeyd edir ki, bu tələb fakültativ tələb olmaqla, iddiaçının ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin edilməsi tələbinə bağlıdır. Çünki, həmin tələb təmin edilərək, iddiaçıya pensiya xx.xx.2023-cü il tarixdən təyin ediləcəyi halda, sözügedən Fərmanın əhatə dairəsinə düşməklə, indeksləşdirmə ona da şamil olunacaqdı. Hazırkı halda isə iddiaçının ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin edilməsi tələbi əsassız olmaqla, təmin edilmədiyindən bu tələbin də təmin edilməsi istisna olunur.
37. Məhkəmə iddiaçının pensiyanın məbləğinin son 24 aylıq əmək haqqının 80%-i həcmində müəyyən edilməsi tələbini də əsassız sayır.
38. Belə ki, iddiaçı həmin tələbin faktiki və hüquqi əsası kimi o hallara istinad edir ki, ona dövlət qulluqçusu kimi pensiya təyin olarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan tələbləri nəzərə alınmaqla, yəni orta aylıq əmək haqqının 61,75 faizi məbləğində təyin olunmuşdur. Halbuki, onun xx.xx.2017-ci il tarixə dövlət qulluğunda 16 il 05 ay, yəni tələb olunan 15 ildən çox sığorta stajı olduğundan və bununla da pensiya hüququ həmin tarixədək artıq yarandığından pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan tələbləri əsasında orta aylıq əmək haqqının 80%-i həcmində hesablanmalıdır.
39. Lakin, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
40. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasında isə deyilirdi: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsədövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 20.11.3-cü maddə ləğv edilmişdir.
42. Həmin Qanunun 2-ci maddəsində Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyi təsbit edilmişdir.
43. İddiaçı onun dövlət qulluğunda tələb olunan 15 ilinin xx.xx.2017-ci il tarixədək toplandığını iddia etməklə, həmin tarixədək qüvvədə olan normalar – konkret halda “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinin tələbləri tətbiq edilməklə, son 24 ayda aldığı orta aylıq əmək haqqının 80%-i həcmində pensiya təyin edilməsini tələb etsə də, iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək yaranması halı öz təsdiqini tapmır.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarına görə: Bənd 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: Dövr Kişilərin yaş həddi Qadınların yaş həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay
45. Digər tərəfdən isə, iddiaçıya dövlət qulluqçusu kimi pensiya onun dövlət qulluğuna xitam verildiyi xx.xx.2024-cü il tarixdən təyin edildiyindən hüququnun yaranma tarixi kimi məhz həmin tarixdir.
46. İddiaçının hüququnun yarandığı dövrdə isə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi ləğv olunduğundan, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.11.2-ci maddəsinin tələbləri əsasında iddiaçıya hüququ yarandığı tarixə olan qulluq stajına (15 il 14 günə uyğun) müvafiq olaraq son 24 ayda aldığı orta aylıq əmək haqqının 50%-i (yəni, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxs kimi orta aylıq məbləğinin 50 faizi) miqdarında 649,55 mana məbləğində əmək pensiyası təyin etmişdir.
47. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində onun qanunla qorunan hər hansı hüquqları pozulmamış, onun pensiya təyinatı düzgün qaydada həyata keçirilmişdir.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva