Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-746/2020 09.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə keçmiş Xanlar Rayon Hərbi Komisarlığı tərəfindən ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə, sonra isə xx.xx.1992-ci ildən xx.xx.1996-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 68 saylı əmri ilə Çıldıran döyüş zonasına göndərilmiş, Ağdərə istiqamətində gedən döyüşlərdə, o cümlədən Drambon, Poqasoqomer, Çıldıran kəndlərinin alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi hərbi biletindəki qeydlərlə və arxiv arayışı ilə də tam təsdiq olunub. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 11/1051 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən, həmçinin İddiaçı N nömrəli hərbi hissəyə keçirilməsi təsdiqlənmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/İ-1191 nömrəli məktubunun məzmunundan görünür ki, N nömrəli hərbi hissə Silahlı Qüvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və İddiaçı N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə keçirilməsi təsdiqlənmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-20841 nömrəli arxiv arayışının məzmunundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 38 nömrəli əmrilə tibb punktuna sanitar təlimatçısı keçirilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 68 nömrəli əmrilə Çıldıran döyüş zonasına göndərilmiş, Azərbaycan Respublikası Müdafiə nazirin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 120 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq Xanlar Rayon Hərbi Komisarlığına göndərilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1278 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissədə döyüşlərdə iştirak etmişdir. -İddiaçı məxsus xx.xx.1992-cü il tarixli НЗ ******* nömrəli hərbi biletdə olan qeydlərdən görünür ki, sonuncu xx.xx.1992-ci il tarixdən xx.xx.1996-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon şöbəsində saxlanılan İddiaçı məxsus qeydiyyat kartasının sürətindən görünür ki, sonuncunun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə və xx.xx.1992-ci il tarixdən xx.xx.1996-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olması qeyd edilmişdir. -Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 122-6125-1220 nömrəli məktubunda bildirilir ki, İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə, sonra isə xx.xx.1992-ci ildən xx.xx.1996-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş, eləcə də N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 68 nömrəli əmrilə Çıldıran döyüş zonasına göndərilmişdir. Lakin cavabdeh orqan N nömrəli hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və iddiaçının N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə keçirilməsi təsdiqlənmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2- 20841 nömrəli arxiv arayışı ilə iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 120 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq Xanlar Rayon Hərbi Komisarlığına göndərildiyi qeyd edilmişdir, bu isə iddiaçının N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilməsinin təsdiqlənmədiyi barədə cavabdeh orqanın arqumentinin əsassız olduğunu deməyə əsas verir. Beləliklə göründüyü kimi iddiaçı qeyd etdiyi dövrdə hərbi xidmətdə olmaqla yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-746/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-746/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver