Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-749/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru X3 və nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci il tarixli, **********409400 saylı “vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “xxxx” MMC-nin büdcəyə əsassız olaraq hesablanmış vergi məbləğlərinin Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədlərə əsaslanaraq yenidən haqq-hesab edilməsi və şəxsi vərəqdə göstərilən 54.667,56 manat borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci il tarixli, **********409400 saylı “vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə iddianın dəqiqləşdilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1317/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(104)-800/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1317/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçının direktoru və nümayəndəsi, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı “xxxx” MMC-nin direktoru məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə ünvanlayaraq hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, habelə iddiaçının direktoru və vəkili izahatlarında bildirmişlər ki, “xxxx” MMC xx.xx.2018-ci il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət könüllü olaraq xx.xx.2018-ci il tarixdə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmış və qeydiyyat xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Cəmiyyətə fəaliyyət dövrü ərzində 2 halda xx.xx.2018-ci il tarixdə **********5776 saylı Yük Gömrük Bəyannaməsi (YGB) ilə 58480.00 manat dəyərində, xx.xx.2018-ci il tarixli **********9931 saylı YGB ilə isə 69530.00 manat dəyərində mal idxal olunmuşdur. İdxal olunmuş mallar Gömrük orqanında qeydiyyatdan keçmiş, əlavə dəyər vergisi və qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları və xidmət haqları gömrük orqanının hesabına büdcəyə ödənilmişdir. İdxal olunmuş malların cəmi faktura dəyəri 128010.00 manat, dövlət rüsumlarının və xidmət haqlarının cəmi məbləği 10174.50 manat olmuş, malın alış dəyəri 138184.50 manat təşkil etmişdir. Gömrük orqanına 32344.21 manat əlavə dəyər vergisi ödənilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə ƏDV-siz dəyəri 164660.66 manat olmaqla rəsmi qaydada satılmışdır. Həmin dövrün bəyannamələri tərtib edilərək elektron qaydada vergi orqanına təqdim olunmuşdur. Göstərilənlərdən başqa cəmiyyətin heç bir əməliyyatı olmamışdır. Cəmiyyət tərəfindən 32344.21 manat əlavə dəyər vergisi gömrük orqanında dövlət büdcəsinə ödənildiyinə görə Azərbaycan Resublikasmm Vergi Məcəlləsinin 157.3.2-ci, 170-ci və 175.1.2-ci maddələrinə əsasən iyul 2018-ci ilin ƏDV bəyannaməsində əvəzləşdirilmiş və büdcənin cəmiyyətə 32344.21 manat borcu yaranmışdır. İdxal olunmuş mallar xx.xx.2019-cu il tarixdə 164660.66 manata satılmış, malın ƏDV-si 29683.92 manat olmuşdur. Cəmiyyət tərəfindən aprel 2019-cu il ƏDV bəyannaməsi vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Beləliklə Cəmiyyət gömrük rüsumları da daxil olmaqla 138184.50 manat dəyərində mal idxal etmiş, həmin malı 164660.66 manata satmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən konstitusion hüquqlarının pozulduğunu, Vergi Məcəlləsinin tələblərinin pozulduğu, vergilərin hesablanmasının əsası olmadığı və digər hallara əsasən vaxtında iddia qaldırmasının zəruri olduğunu bilməmişdir. Bu səbədən də, iddia müddəti ötürlmüşdür. Göstərilənləri nəzəzə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizəyə etiraz edərək həmin ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki,inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından göründüyü kimi, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci il tarixli, **********409400 saylı “vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında təqdim edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın surətindən görünür ki, “xxxx” MMC-yə 12 saylı ƏVD tərəfindən elektron qaydada xx.xx.2018-ci il tarixdə göndərilmiş 2018-ci ilin oktyabr ayını əhatə edən kameral hesablama barədə qərar vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə göndərilmiş 2018-ci ilin iyul ayını əhatə edən kameral hesablama barədə qərar isə vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Göründüyü kimi, “xxxx” MMC mübahisələndirdiyi qərarlardan məlumatlı olsa da, həmin qərarların ləğvi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinin tələblərinə əsasən isə, inzibati aktda ona qarşı mümkün hüquqi vasitələri, bu hüquqi müdafiə vasitələrindən istiufadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci il tarixli, **********409400 saylı “vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da, həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Bu isə onun iddiasını qeyri-mümkün edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında iddia müddəti ilə bağlı qeyd etmişdir ki, mülki hüquqda bu institut mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Qanunverici konkret şəxsə məxsus olan mülki hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddətini şamil edir. (X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarı). İddia müddətinin tətbiqinə beynəlxalq qanunvericilikdə də xüsusi önəm verilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır. Göründüyü kimi, iddiaçı sözügedən qərarları – inzibati aktları yuxarıda qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatda da iddiaçı prosessual müddətin ötürülməsi ilə bağlı əsaslı səbəb təqdim edə bilməməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC-nin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci il tarixli, **********409400 saylı “vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-749/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-749/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver