Məhkəmə qərarları › İş №2-1(114)-751/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-751/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-751/2020 31.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “Pərviz” İstehsal-Kommersiya firmasının direktoru X1, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı “Pərviz” İstehsal-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı (üçüncü şəxs X4) çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Pərviz” İstehsal-Kommersiya firması cavabdeh AR ƏMDK yanında DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Xanlar rayon XDS-nin xx.xx.1993-cü il tarixli, 06 nömrəli qərarı ilə “Pərviz” İstehsal-Kommersiya firmasına firma mağazasının tikintisi üçün ayrılan 0,02 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu (keçmiş Xanlar) ərazisində yerləşən “Lalə” kafesinin ətrafında olan yararsız torpaq sahəsindən Xanlar rayon XDS-nin 07 avqust 1993-cü il tarixli, 06 nömrəli qərarı ilə 0,02 ha torpaq sahəsi ayrılaraq “Pərviz” istehsal-kommersiya firmasına firma mağazasının tikintisi üçün verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək qeyd olunan həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarış verilməsini xahiş etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı “Pərviz” İstehsal-Kommersiya firmasının direktoru X2 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, özünə məxsus torpaq sahəsinin cizgi və planını təsdiq edən sənəd yoxdur. Həmin sahədən 2006-cı ildən Rafiq Rzayev istifadə edir, sahədə mağaza tikib və hazırda həmin mağaza fəaliyyət göstərir. Üçüncü şəxs X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Xanlar şəhər ərazisindən torpaq sahəsindən ayrılıb yaratdığı “Ek-El” səhmdar cəmiyyətinə verilməsi haqqında” Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə ona “Ek-El” səhmdar cəmiyyətinin tikilməsi üçün sərhədlər göstərməklə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Xanlar rayon Bələdiyəsinin 02 noyabr 2005-ci il tarixli 67 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi üçün 0,03 ha torpaq sahəsi satılmış və onun adına xx.xx.2005-ci il tarixli JN-00477 nömrəli “Torpağın mülkiyyətinə dair” Dövlət Aktı tərtib edilmişdir. Dövlət Aktı əsasında onun adına Seriya RX № ******* 26.07. 2018-ci il tarixli çıxarış tərtib etmişdir. İddiaçı “Pərviz ” İstehsalat firmasına isə onun adına sərəncam veriləndən 6 ay sonra Xanlar rayon X6 (XDS) rəyasət heyətinin 07 avqust 1993-cü il tarixli 6 nömrəli protokolu mağazanın tikilməsi üçün cizgilər qeyd edilmədən 0.02 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının torpağa dair mülkiyyət hüququ verən sənədlər tərtib olunmayıb. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin iddia ilə bağlı xx.xx.2019-cu il tarixli, **********07 nömrəli etiraz ərizəsində bildirilmişdir ki,Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verir və həmin qanunun müddəalarına əsasən sahibkarlıq təyinatlı torpaqların mülkiyyətə verilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 19 aprel 2019-cu il tarixli, **********70 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Xanlar rayon XDS-nin 07 avqust 1993-cü il tarixli, 06 nömrəli qərarının surətindən görünür ki, firma mağazasının tikintisi üçün “Pərviz” istehsal-kommersiya firmasına 0,02 ha torpaq sahəsi ayrılmışdır. -1993-cü il tarixli aktın surətindən görünür ki, Xanlar rayon XDS-nin 06 avqust 1993cü il tarixli, 11 nömrəli sərəncamına əsasən Xanlar şəhər ərazisinin torpaq sahəsindən “Pərviz” istehsal-kommersiya firmasına firma mağazasının tikintisi üçün ayrılmış sahə “Lalə” restoranının ətrafında yerləşir. -Göygöl RİHB-nin Aparatının xx.xx.2019-cu il tarixli, 15/499 nömrəli məktubundan görününr ki, Xanlar rayon XDS-nin 07 avqust 1993-cü il tarixli, 06 nömrəli qərarına əsasən “Pərviz” istehsal-kommersiya firmasına firma mağazasının tikintisi üçün 0,02 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş, lakin ilkin torpaqayırma sənədlərinə ərazinin yerquruluşu sxemi əlavə olunmamış və həmin torpaq sahəsi firmanın istifadəsinə verilməmişdir. -Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 116 nömrəli cərəncamından çıxarışdan görünür ki, Xanlar şəhər ərazisindən 0.06 ha ayrılıb 43 nömrəli mağazaya paralel olan sahədən 0,03 ha, “Lalə” restoranının sol hissəsindən 0.03 ha torpaq sahəsi Ek-El” səhmdar cəmiyyətinə əhaliyə məişət xidməti şəbəkəsinin tikintisi üçün verilmişdir. -RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl şəhərində yerləşən 0.037 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ona torpaq sahəsinin verilməsi barədə Xanlar rayon XDS-nin 07 avqust 1993-cü il tarixli, 06 nömrəli qərarını təqdim etsə də, həmin sahənin yerləşmə yeri, koordinatları və sərhədlərini təsdiq edən sübut təqdim etməmişdir. Qeyd edilən sənədləri məhkəmənin sorğusu ilə də əldə etmək mümkün olmamışdır. Odur ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi sahənin həqiqətən ona ayrılması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı mübahisəli sahənin üçüncü X4 tərəfindən əldə edilməsini qeyd etsə də iddia etdiyi sahəyə dair yuxarıda qeyd edilən sənədlər mövcud olmadığından həmin sahələrin üst-üstə düşməsi məsələsinin araşdırılması da mümkünsüz olmuşdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi və hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı “Pərviz” İstehsal-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar