Məhkəmə qərarları › İş №2-1(114)-752/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-752/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-752/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 195 nömrəli qərarı ilə iddiaçının “Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldır-aşıq oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-3855 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı N nömrəli hərbi hissənin xx.xx.1992-xx.xx.1993-cü il tarixli dövrü əhatə edən adlı siyahılar qovluğunda xx.xx.1993-cü il tarixdə Bərdə RHK-dan səfərbərliklə ehtiyatdan çağırılmış əsgər və çavuşların adlı siyahısında 1970-ci il təvəllüdlü sıravi İddiaçı adı aşkar edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat qeyd olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1993-cü il tarixli və N a nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu səbəbdən də xidməti və yaralanmağı barədə araşdırma aparılmsı mümkün deyildir.

3. 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli 256 nömrəli müayinə aktına əsasən həmin tarixdən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir.

4. İddiaçı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlibkeçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

5. İddiaçının əlillik müddəti bitdikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli G00099721VİN nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə onun əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

6. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S82.2 – Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti; Ağırlaşma - Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə; Ağırlaşma – R52.2 – Digər daimi ağrı sindromu ilə;

7. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17456/2023 nömrəli qərar qəbul etmişdir.

8. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışında İddiaçı diaqnozu “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sol baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” kimi qeyd edilmişdir.

9. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2023xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlarında İddiaçı diaqnozu “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında İddiaçı diaqnozu “odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100%, bükmə 90%) daimi ağrı sindromu ilə” kimi qeyd edilmişdir.

11. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Şüa-Diaqnostika şöbəsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 2194 nömrəli rentgenoqramma nəticəsində qeyd edilir ki, sağ baldır nahiyyəsi 2 proyeksiyada rentgenoqrammada qamış sümüyünün orta 1/3-də köhnə qeyri-düzgün bitişən sınıqdan sonrakı döyənəkləşmə, incik sümüyünün aşağı 1/3-də köhnə bitişməyən sınıq və defekt sahəsi izlənilir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17- 7/2-D-39032/2023 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci dərəcə əlilliyə görə Prezident təqaüdü almışdır. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda edən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi Travmadır, Azərbaycan tespublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik qərarı verilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müddətli, xx.xx.2013-cü il tarixdən səhiyyə müəssisəsinin göndərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün nüdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə səhhətində olan ağırlaşmalarla bağlı ona tibbi göndəriş əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək əlillik təyin edilmişdir. Onun 2013-cü ildən müddətsiz əlil olmağını cavabdeh xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edərkən nəzərə almadan müddətli əlillik təyin etmişdir və təkrar əlillik təyinatı ilə bağlı tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə ona əlillik təyinatından imtina etmişdir. Bütün bunları qeyd etməklə cavabdehin hərəkətini qanunsuz hesab edir. 2023-cü may ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq imtina edilib kimi göstərilib. Bu, ona qarşı çox haqsız mövqedir, çünki o, 2013-cü ildən müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi onun xx.xx.2013-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o sonuncu dəfə 2003-cü ildə qiymətləndirilmiş və 2013-cü ildən 3-cü qrup müddətsiz əlildir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.

19. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17456/2023 nömrəli qərar qəbul etmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

26. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş 2013-cü il imtina mübahisə predmetidir. Qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı iddia mümkünsüz iddiadır. İddiaçı hansı səbəbə 10 il ərzində bu iddia ilə razılaşıb yalnız 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdiyindən iddia mümkünsüz hesab olunmalıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 18 nəfər vətəndaşın alilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bərdə rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 195 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldır-aşıq oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonakı bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın orta 1/3-də, sol baldırın yuxarı 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuş, nisbi qısalıq qeyd edilməmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixi çıxarışında diaqnoz "Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı. Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixi ********** nömrəli arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra, sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç və dış səthlərində dartıcı-çapıq toxuması, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), daimi ağrı sindromu ilə" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixi Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Ürək kameralan normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. (LVEF=62%), Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - TSEK-də sonuncu müayinəyə dair məlumat; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 195 nömrəli qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-3855 nömrəli məktubu; - Bərdə rayon Mərkəzi Xəstəxanasının ambulator kitabçadan xx.xx.2020xx.xx.2020-ci il tarixli və xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışları; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışı; - Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Şüa-Diaqnostika şöbəsinin xx.xx.2023-cü il tarixli 2194 nömrəli rentgenoqramması; - Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışı; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17- 7/2-D-39032/2023 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 102157 nömrəli arayışı; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədlər.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

31. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 195 nömrəli qərarı ilə iddiaçının “Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldır-aşıq oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli 256 nömrəli müayinə aktına əsasən həmin tarixdən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik, “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

32. İddiaçının növbəti müayinəsi Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli G00099721VİN nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

33. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S82.2 – Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmdan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin içtış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti; Ağırlaşma - Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə; Ağırlaşma – R52.2 – Digər daimi ağrı sindromu ilə;

34. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17456/2023 nömrəli qərar qəbul etmişdir.

35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

37. Məhkəmə qeyd edir ki, İddiaçı xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

39. Göründüyü kimi hazırkı halda İddiaçı xəstəliyi - Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmdan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3nin (2 sm) sümük defekti (ona tibb müəssisəsinin göndərişində qoyulmuş əsas diaqnoz) və ağırlaşmaları “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olmadığından cavabdeh orqanı ona əlillik təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Bu hal isə iddianın rədd edilməsinə əsas verir.

40. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyin hansı diaqnoz (XBT kodu) əsasında müəyyən edildiyi iş materialları ilə müəyyən edilmir. İddiaçı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinin əsası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.2.1-ci bəndi (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) olmuşdur.

41. Yəni, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmuşdur.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar