Məhkəmə qərarları › İş №2-1(114)-753/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-753/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-753/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın ləğvi və ünvanlı dövlət sosial yardımının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən X6 xx.xx.2018-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 11 saylı Vergilər Departamentində ********** nömrə ilə (VÖEN) qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.204 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.

3. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********343 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 449,16 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur.

4. Daha sonra xx.xx.2023-cü il tarixində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta (MDSS) ödənişlərinin olmaması əsası ilə ünvanlı dövlət sosial yardım işi dayandırılmış və ailənin ÜDSY almaq hüququ xx.xx.2023-cü il tarixədək məhdudlaşdırılmışdır.

5. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinə əsasən X6 xx.xx.2023-cü il tarixdə 42,00 manat, xx.xx.2023-cü il tarixdə 41,40 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********786000 nömrəli cavab məktubunda bildirilmişdir ki, X6 (VÖEN: **********) tərəfindən Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixdə sabit məcburi dövlət sosial sığorta haqqı üzrə 14,00 manat, xx.xx.2023-cü il tarixdə daşımalar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 42,00 manat vəsait köçürülmüşdür.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********398000 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.9-cu maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlarıistifadə edən fiziki şəxslərin (digər sahələrdəişləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: - 5 hektaradək olduqda – 2 faiz miqdarında; - 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; - 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında.

8. Həmin məktuba əlavə edilmiş fiziki şəxslər tərəfinən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat cədvəlindən görünür ki, X3 rayonu, Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.204 ha torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 6,90 manat olmaqla, 6 aylıq cəmi 42 manat vəsait ödəmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın dayandırılaraq imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Ağdam rayonu Təzəkənd kəndində anadan olmuş, hazırda Bərdə rayonu Divanlı kəndində yaşayır. Ailə təmsilçisi olduğu ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na uyğun olaraq 2023-cü ilin fevral ayında Vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə №-si: **********343). Ailələrinin maddi-məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2023-cü il tarixindən ailələrinə aylıq 450 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nazirlik tərəfindən heç bir məlumat verilmədən, heç bir xəbərdarlıq edilmədən 2023-cü ilin sentyabr ayında sosial yardımın ödənişi dayandırılmışdır. Dayandırma səbəbini öyrənmək istədikdə elektron sistemdə (VEMTAS) “daxil olmaq mümkün olmadı” sözlərinin qeyd edildiyi və “"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqı son 12 ay ərzində ödənilmədiyi üçün, məşğulluğun öz əksini tapmaması səbəbi ilə sistemə girişi məhdudlaşdırılmışdır” sözlərinin yazıldığını görmüşlər. Sosial yardımın imtina edilməsi səbəbini öyrənmək üçün Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzinə arayış almaq üçün müraciət etdikdə ona hansı səbəbdən imtina olunması qərarı barədə bildiriş təqdim etmişlər (bildirişin surəti əlavə olunur). Məlumat üçün bildirir ki, onlar aztəminatlı ailə olaraq Bərdə rayonu, Divanlı kəndində yaşayırlar, ailələri 4 nəfərdən, o, həyat yoldaşı və iki azyaşlı övladlarından ibarətdir. O, hazırda Bərdə rayonu Şəhid Alı adına 5 saylı tam orta məktəbində laborant vəzifəsində işləyir, həyat yoldaşı isə ona məxsus yaşadıqları Bərdə rayonu, Divanlı kəndində yerləşən 0,21 hektar 2-ci dərəcəli pay torpağını əkib-becərməklə məşğul olur. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsinə əsasən pay torpağı olan şəxslər məşğul şəxs sayılırlar. "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevraltarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların"da hansı halların sosial yardımın dayandırılmasına səbəb olması haqqında aydın yazılmışdır və həmin qanunvericilik sənədlərində pay torpağına görə məcburi dövlət sosial sığortası ödənilməməsinə görə sosial yardımın dayandırılması barədə maddə yoxdur. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının dayandırılmasını qanunsuz hesab edir. Çünki bu barədə onlara nə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

21. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur.

22. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ailənin ünvanlı sosial yardımın alınması ilə bağlı VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il tarixli **********34303 nömrəli müraciəti əsasında sistem tərəfindən xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 5.22-ci bəndinə uyğun olaraq 4 nəfərdən ibarət ailəyə xx.xx.2023-cü il tarixdən 449,16 manat məbləğində sosial yardım təyin edilmiş, xx.xx.2023-cü il tarixində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta (MDSS) ödənişlərinin olmaması səbəbilə dayandırılmış və ailənin ÜDSY almaq hüququ xx.xx.2023-cü il tarixədək məhdudlaşdırılmışdır. İş materiallarına əsasən İddiaçı ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı və iki övladı. Ailənin mülkiyyətində Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,204 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən son iki müraciətinə baxış keçirdikdə, "Ailə üzvləri barədə məlumatlar" qrafasında onun ailə üzvü X1 təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qeyd edilir (VÖEN: **********). VEMTAS-a baxış zamanı təmsilçinin həyat yoldaşı X5 ÜDSY hüququnun yaranması üçün məşğulluğunun torpaq mülkiyyəti ilə təmin edilməsi və təyinat dövründə mülkiyyətə bağlı VÖEN (**********) üzrə MDSS ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Belə ki, MEİS-in "Sığorta AS" (Birbaşa daxil olan ödənişlərin uçotu) proqramında P.Allahverdiyevə məxsus VÖEN üzrə aparılan yoxlama zamanı təyinatdan əvvəl sonuncu MDSS ödənişin xx.xx.2021-ci il tarixdə 14 (on dörd) manat məbləğində olması, həmçinin ailəyə təyin edilmiş sosial yardım dayandırıldıqdan sonra xx.xx.2023-cü il tarixində 42 (qırx iki) manat məbləğində MDSS ödənişinin edilməsi müəyyən edilmişdir. Ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələrin dairəsi Qanunla məhdudlaşdırılır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək mümkündür ki, sosial yardımın təyin olunması üçün müraciət edən ailənin: əmək qabiliyyətli üzvlərinin hər birinin gəlirləri olmalı; həmin gəlirlər ailənin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün yetərli (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı) olmamalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, İddiaçı ailə üzvü X2 təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq xx.xx.2023-cü il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********34303 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixində ünvanlı dövlət sosial yardım dayandırıldıqdan sonra iddiaçı bu imtina ilə razılaşmış xx.xx.2023-cü il tarixində 42 (qırx iki) manat məbləğində MDSS ödənişinlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Bu səbəbdən iddiaçıya 07 fevral 2023-cü il tarixli **********34302 nömrəli və 07 fevral 2023-cü il tarixli **********34303 nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş "ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması" imtinası, ailənin orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğundan, qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı VEMTAS-a giriş məhdudiyyəti aradan qaldırılmışdır. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X11 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, şəxsin MDSS ödənişlərinin olmaması ona görə imtinaya səbəb olur ki, ÜDSY almaq üçün müraciət etmiş şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış və bu əsasla ona təyin edilmiş ÜDSY ödənişi dayandırılmışdır. O, xx.xx.2023-cü il tarixdə iddiaçının təmsil etdiyi ailəyə ailə üzvünün mudlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə imtina verildikdən sonra bu barədə MDSS ödənişləri olmadığı halda eyni gündə avtomatlaşdırılmış qaydada ÜDSY təyin edilməsinin səbəbini izah edə bilmir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********343 nömrəli müraciəti; - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********786000 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********398000 nömrəli cavab məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişlər. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********343 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 449,16 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta (MDSS) ödənişlərinin olmaması əsası ilə ünvanlı dövlət sosial yardım işi dayandırılmış və ailənin ÜDSY almaq hüququ xx.xx.2023-cü il tarixədək məhdudlaşdırılmışdır.

29. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna görə: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması: 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

31. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bənd 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

33. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya 07.02.203-cü il taridə xx.xx.2023-cü il tarixdən təyin edilmiş ünvanlı sosial yardım ödənişini dayandırarkən cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad etmişdir.

34. Cavabdehin nümayəndəsi X11 isə iclas zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, şəxsin MDSS ödənişlərinin olmaması ona görə imtinaya səbəb olur ki, ÜDSY almaq üçün müraciət etmiş şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış və bu əsasla imtina verilmişdir.

35. Göründüyü kimi, cavabdeh orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin orta aylıq gəlirlərini müəyyən edilməsi üçün iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsindən əldə etdiyi gəliri MDSS ödənişləri vasitəsilə müəyyən etdiklərini və iddiaçının belə MDSS ödənişləri olmadığı üçün gəlirlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək, ÜDSY təyin edilməsindən imtina etmişdir.

36. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının görə 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

37. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla əvvəllər təyin edilmiş ünvanlı dövlət sosial yardım ödənişini dayandırması qanuni sayıla bilməz.

38. Digər tərəfdən, həmin əsas adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir.

39. Belə ki, həmin Qaydalara görə: Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X7 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

40. Ən mühümü isə, iş materialları ilə müəyyən edilir ki, iddiaçının təmsil etdiyi ailəyə ÜDSY təyin edilməsi ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixdə ailə üzvünün mudlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə imtina verildikdən sonra bu barədə ailə üzvünün MDSS ödənişləri olmadığı halda yenidən eyni gündə VEMTAS vasitəsilə avtomatlaşdırılmış qaydada ÜDSY təyin edilmiş və təxminən 7 ay (xx.xx.2023-cü il tarixədək) ödənilməsi davam etdirilmiş, daha sonra ailə üzvünün mudlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə ödəniş dayandırılmışdır.

41. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının təmsil etdyi ailənin sosial yardım almaq hüququna yenidən baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və inzibati icraatı düzgün həyata keçirməmiş, icraatla bağlı hüquq pozuntularına yol vermişdir.

42. Belə ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq yenidən hesablama apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

43. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

45. Göründüyü kimi, iddiaçının onun təmsil etdiyi ailəyə ünvanlı dövlət sosial yardım ödənişinin dayandırılması barədə cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur.

46. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar