Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-754/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin əsasının dəyişdirilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası X3 müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli, 0109gm nömrəli əmrinin əsasının ona aid hissədə dəyişdirərək, hərbi xidmətə yararsız olduğundan xəstəliyə görə ehtiyata buraxılması kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. X2 xx.xx.2022-ci il tarixli 03/22 nömrəli məktubunda göstərilir ki, İddiaçı müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və “F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu qoyulmuşdur.
2. N nömrəli hərbi hissənin Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınması şəraiti haqqında xx.xx.2022-ci il tarixli 355 nömrəli arayışına əsasən kiçik gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən yaralanmışdır. Diaqnoz: Partlayış travması (xx.xx.2020), Sağ baldırın yuxarı 1/3-nin dəlib-keçən qəlpə yaralanması, qamış sümüyünün proksimal metafizin deşilmiş sınığından sonrakı vəziyyətt) kimi qeyd edilmişdir.
3. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2022-ci il tarixli 4162 nömrəli arayışında İddiaçı “Stasionar müayinədən sonra şəhadətləndirilməli” olduğu göstərilmişdir.
4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2022-ci il tarixli 4669 nömrəli arayışında İddiaçı “Stasionar müayinədən sonra şəhadətləndirilməli” olduğu göstərilmişdir.
5. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli raportuna əsasən “V” taborunun “M” qrupunun kəşfiyyatçısı kiçik gizir İddiaçı gizirlərin məhkəməsinə çıxarılması barədə müvafiq sərəncam verilməsi xahiş edilmişdir.
6. N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsində dinlənilmiş və "xidməti uyğunsuzluğa görə" ordu sıralarından ehtiyata buraxılması qərarı verilmişdir.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixlim təqdimatına əsasən kiçik gizir İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır.
8. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 7901 nömrəli arayışına əsasən İddiaçı “Psixi sağlam. Anamnezində dissosiativ reaksiya. Sol gözün sadə miopik astiqmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır”, “Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 6 (altı) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Partlayış travması (xx.xx.2020), sağ baldırın qəlpə yaralanmasına, qamış sümüyünün oksimal metafizinin deşilmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı və bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “16,22,36,46-cı dişlərin kariyesi” diaqnpzlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilərək “Hava-desant qoşunlarında xidmətə yararlıdır” hesab edilmişdir.
9. X3 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Xüsusi Təyinatlı Qüvvələrin 71-ci Xüsusi Əməliyyat briqadasının (N nömrəli hərbi hissə) kiçik giziri-Xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
10. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli N nömrəli əmrinə əsasən kiçik gizir İddiaçı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X3 müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 05 avqust 2022-ci il tarixli 0109gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. 12 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsinə göndərilmişdir.
11. Xəstəlik tarixindən 9885/22 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə Səhiyyə Nazirliyi 2 nömrəli X1 “Baş beyinin üzvi xəstəliyi (hərbi travma) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.
12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 377 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdi ilə F07.0” kimi qeyd edilmişdir.
13. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixli 7105 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla və intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Sağ oturaq sinirinin posttravmatik neyropatiyasının hissi və hərəki pozulmalar ilə nəticələnən qalıq əlaməti, funksiyanın mülayim dərəcədə pozulması ilə. Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ baldırın qəlpə yaralanmasına, sağ qamış sümüyünün proksimal metafizinin deşilmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən, yad cismin xaric edilməsindən sonrakı kiçik ölçülü sümük defektli sahəsi bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və "Sol gözün miopiyası M 1,50 D nəticəsində görmə itiliyinin sağda 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Sağtərəfli İ (birinci) mərhələ nefroptoz, böyrəklərin ifrazat funksiyasının pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilərək, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərib xidmətə yararsızdır” hesab edilmişdir.
14. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixli 9664 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla və intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Sağ oturaq sinirinin posttravmatik neyropatiyasının hissi və hərəki pozulmalar ilə nəticələnən qalıq əlaməti, funksiyanın mülayim dərəcədə pozulması ilə. Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ baldırın qəlpə yaralanmasına, sağ qamış sümüyünün proksimal metafizinin deşilmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən, yad cismin xaric edilməsindən sonrakı kiçik ölçülü sümük defektli sahəsi bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və " Hər iki gözün miopiyası sağda M 0,75 D, solda M 1,50 D nəticəsində görmə itiliyinin sağda 0,8-ə, solda 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sağtərəfli İ (birinci) mərhələ nefroptoz, böyrəklərin ifrazat funksiyasının pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilərək, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərib xidmətə yararsızdır” hesab edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7105 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir.
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-C-2090-1/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş təqdimatda İddiaçı “Hərbi xdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı göstərilmişdir. Nəzərə çatdırılır ki, kiçik gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş 25 iyun 2022-ci il tarixli 7901 nömrəli arayışa əsasən “Hərbi xidmətə yararlı” hesab edilmişdir. Əlavə olaraq bildirilir ki, kiçik gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə X3 müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli müvafiq əmrində həmin zaman qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmədiyi üçün qeyd edilən əmrin dəyişdirilməsinə əsas yoxdur.
16. 052 nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli C-xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə "kiçik gizir" hərbi rütbəsində xidmətdə olduğu müddətdə səhhətindən şikayət etdiyindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Ştatlı Hərbi Həkim Komissiyasının müayinəsinə göndərilmiş, komissiyanın müayinəsindən keçdikdən sonra xx.xx.2021-ci il tarixli 21041 nömrəli arayışla "Hava-desant qoşunlarında xidmətə yararlıdır" qərarı verilmişdir. İddiaçı hərbi hissədə xidmətdə olduğu zaman xx.xx.2021-ci il tarixdə qadağan olunduğu halda xidmət yerinə "smartfon" tipli mobil telefon gətirərək istifadə etmiş, 2022-ci ilin mart ayından həmin ilin iyul ayınadək 7 dəfə ayrı-ayrı vaxtlarda (xx.xx.2022-ci il saat 07:30- dan xx.xx.2022-ci il saat 07:30-dək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə üzrsüz səbəblərdən xidmət yerinə gəlməmiş, xx.xx.2022-ci il saat 10:30-dan xx.xx.2022-ci il saat 10 radələrinədək üzrsüz səbəbdən hərbi hissəni özbaşına tərk etmişdir) yol verdiyi intizam pozuntularına görə dəfələrlə intizam qaydasında cəzalandırılmasına baxmayaraq müsbət nəticə çıxarmadığından xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsində dinlənilmiş və "xidməti uyğunsuzluğa görə" ordu sıralarından ehtiyata buraxılması qərarı verilmişdir. İddiaçı bundan sonra da təkrarən xx.xx.2022-ci il saat 08:00-dan xx.xx.2022-ci il saat 12:00-dək üzrsüz səbəbdən xidmət yerinə gəlməmiş, xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 13:00-dək, xx.xx.2022-ci il saat 19:00dan xx.xx.2022-ci il saat 12:30-dək, xx.xx.2022-ci il saat 03:00-dan xx.xx.2022-ci il saat 22:00-dək üzrsüz səbəbdən xidmət yerinə gəlməmə və xidmət yerini özbaşına tərk etmə əməllərinə yol vermişdir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 163-cü maddəsinin tələblərinə əsasən kiçik gizir İddiaçı ehtiyata buraxılma ilə əlaqədar olaraq hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polilinikasının Ştatlı Hərbi Həkim Komissiyasının müayinəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyasının müayinəsindən keçmiş və həmin tarixli 7901 nömrəli arayışla "Hava desant qoşunlarında xidmətə yararlıdır" qərarı verildiyi müəyyən edildikdən sonra X3 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 0109 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Göründüyü kimi İddiaçı xidmət müddətində dəfələrlə kobud intizam pozuntularına yol verməsini, ona tətbiq olunan intizam cəzaları və aparılan tərbiyəvi işdən nəticə çıxarmadığını və Hərbi Həkim Komissiyası tərəfindən iki dəfə (xx.xx.2021-ci il 21041 və xx.xx.2022-ci il tarixli 7901 nömrəli arayışlarla təsdiq olunur) hava desant qoşunlarında xidmətə yararlı hesab olunmasını nəzərə alaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında X3 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmrinin ona aid hissədə dəyişdirilməsinə zərurət olmadığını hesab edirlər. Bununla yanaşı, qərardan narazı olduğu halda mülki iddia verməklə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunur.
17. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4289 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdi ilə F07.0” kimi qeyd edilmişdir.
18. Məhkəmədə icraat
19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Xidməti uyğunsuzluğa görə” ordu sıralarından ehtiyata buraxılması sözlərinin “Ordu sıralarından xəstəliyə əsasən yararsız olması ilə ehtiyata buraxılsın” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və 052 saylı Hərbi hissənin N saylı hərbi hissəsində N ay xidmət etmişdir. Sonra N saylı hərbi hissəyə ezamiyyətə göndərilmiş, "xüsusi təyinatlı təməl" kursuna, oranı noyabr 2018-ci il tarixdə qurtardıqdan sonra N saylı hərbi hissənin xüsusi təyinatlı əməliyyat taborunda xidmətə göndərilmiş, kəşfiyyatçı ağır silahlı mütəxəssisi vəzifəsində xidmət etmişdir. xx.xx.2022-ci ildə xidmətdən tərxis olunmuşdur. O, tərxis olunarkən hərbi hissə rəhbərliyi tərəfindən ona "xidməti uyğunsuzluğa görə" ordu sıralarından ehtiyata buraxılması qərarı verilmişdir. Bu səbəbdən də onu heç yerə işə qəbul etmirlər. Qeyd edir ki, o, ikinci Qarabağ müharibəsində fəal iştirak etmişdir və "Fizuli uğrunda", Cəbrayıl uğrunda”, "Xocavənd uğrunda” gedən döyüşlərə görə, "Müharibə iştirakçısı" və "Vətən uğrunda" medalllar ilə təltif olunmuşdur. Bildirir ki, səhhətində psixoloiji problemləri olduğu üçün hərbi hissənin rəhbərliyinə müraciət etmişdir ki, ona müalicə üçün Hospitala göndəriş versinlər. Göndərişə əsasən getmişdir hospitala, ona davranış aktı vermədiklərinə görə, hospital onu qəbul etməmişdir, ona görə də o, hərbi hissəni tərk etmişdir. Bu göstərilən səbəblərə görə də onu hərbi hissəni özbaşına tərk etmək kimi sənədləşdirmişlər. Ona görə də hesab edir ki, onu hal-hazırda heç yerə qəbul etmirlər. Odur ki, məcbur olub məhkəməyə müraciət edir.
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-2596/2024 nömrəli qərardadı ilə hazırki iddia tələbi “Azərbaycan Respublikası X3 müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli, 0109gm nömrəli əmrinin əsasının ona aid hissədə dəyişdirərək, hərbi xidmətə yararsız olduğundan xəstəliyə görə ehtiyata buraxılması kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. II. İddianın növü və mümkünlüyü
22. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
23. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
24. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
25. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır
26. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
27. Hazırki mübahisə iddiaçı ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış sahəsi olmadığından, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılır. İddiaçının yaşayış yeri olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
28. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III.Prosessual məsələlər
30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
32. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası X3 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 05 avqust 2022-ci il tarixli 0109gm nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinin 0109gm nömrəli əmridir. Əmr isə 05 avqust 2022-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 05 sentyabr 2022-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin 05 avqust 2015-ci il tarixli 0109gm nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024-cü ilin aprel ayının 26-da məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
33. İddiaçı məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, ilk dəfə şəhadətləndirilərkən xidmət etdiyi hərbi hissə tərəfindən ona davranış aktı verilmədiyinə görə hava-desant qoşunlarında yararlı olması barədə qərar qəbul edilmişdir. Halbuki, o, özündən asılı olmayan davranışlarına, psixi pozuntularına görə xidmət edə bilmədiyinə görə şəhadətləndirilməsini və ehtiyata buraxılmasını istəmişdir. Sonradan şəhadətləndirilərkən isə onun xəstəliyinin İkinci Qarabağ müharibəsi zamanı aldığı travmalarla bağlı olması, yəni ehtiyata buraxılan vaxtda artıq onda mövcud olması öz təsdiqini tapmışdır. Odur ki, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - X2 xx.xx.2022-ci il tarixli 03/22 nömrəli məktubu; - N nömrəli hərbi hissənin Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınması şəraiti haqqında xx.xx.2022-ci il tarixli 355 nömrəli arayışı; - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2022-ci il tarixli 4162 nömrəli arayışı; - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2022-ci il tarixli 4669 nömrəli arayışı; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli raportu; - N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli qərarı; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixlim təqdimatı; - Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 7901 nömrəli arayışı; - Xəstəlik tarixindən 9885/22 nömrəli çıxarış; - X3 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmri; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli N nömrəli əmri; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 377 nömrəli rəyi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2023-cü il tarixli 7105 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2023-cü il tarixli 9664 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-C-2090-1/2024 nömrəli məktubu; - 052 nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli C-xx-xx/2024 nömrəli məktubu; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4289 nömrəli rəyi; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı şəhadətləndirilməsinə dair sənədlər.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
35. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.
36. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə "kiçik gizir" hərbi rütbəsində xidmətdə olduğu müddətdə səhhətindən şikayət etdiyindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Ştatlı Hərbi Həkim Komissiyasının müayinəsinə göndərilmiş, komissiyanın müayinəsindən keçdikdən sonra xx.xx.2021-ci il tarixli 21041 nömrəli arayışla "Hava-desant qoşunlarında xidmətə yararlıdır" qərarı verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli raportuna əsasən “V” taborunun “M” qrupunun kəşfiyyatçısı kiçik gizir İddiaçı gizirlərin məhkəməsinə çıxarılması barədə müvafiq sərəncam verilməsi xahiş edilmişdir. N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsində dinlənilmiş və "xidməti uyğunsuzluğa görə" ordu sıralarından ehtiyata buraxılması qərarı verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixlim təqdimatına əsasən kiçik gizir İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 163-cü maddəsinin tələblərinə əsasən kiçik gizir İddiaçı ehtiyata buraxılma ilə əlaqədar olaraq hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polilinikasının Ştatlı Hərbi Həkim Komissiyasının müayinəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyasının müayinəsindən keçmiş və həmin tarixli 7901 nömrəli arayışla "Hava desant qoşunlarında xidmətə yararlıdır" qərarı verildiyi müəyyən edildikdən sonra X3 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 0109 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır.
37. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında X3 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmrində dəyişiklik olunaraq, iddiaçının ehtiyata buraxılması əsasının həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) qeyd edilməsi təşkil edir.
38. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.
39. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi nəticəsində yaralanmış və travma almış, aldığı travmadan onda psixi xəstəlik yaranmışdır. X2 xx.xx.2022-ci il tarixli 03/22 nömrəli məktubunda göstərilir ki, İddiaçı müayinə olunmuş, ruih-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və “F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu qoyulmuşdur. İddiaçı səhhəti ilə əlaqədar xidmət edə bilmədiyinə görə ehtiyata buraxılmasını xahiş etmiş və iki dəfə stasionar müayinədən sonra şəhadətləndirilməli olması qərarı verilmiş, nəhayət xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyasının müayinəsindən keçmiş və həmin tarixli 7901 nömrəli arayışla "Hava desant qoşunlarında xidmətə yararlıdır" qərarı verilmişdir. Həmin şəhadətləndirilmə zamanı xx.xx.2022-ci il tarixli müayinənin nəticəsi olaraq psixiatr psixi sağlam olduğu nəticəsinə gəlsə də, eyni komissiyanın psixiatrı xx.xx.2023-cü il tarixli müayinə zamanı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar və intihar fikirləri ilə diaqnozunu qoymuşdur.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı xəstə olduğu halda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında X3 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmrinin qəbul edilməsi qanunsuz və əsassız olmuşdur.
41. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənyə görə: Bənd 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Bənd 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır... Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.
42. Məhkəmə hazırkı qərarın motivasiyası kimi həm də iddiaçının hərbi xidmətə bərpa olunmaq istəməməsini, yalnız ehtiyata buraxılma əmrinin əsasının dəyişdirilməsini xahiş etməsini və onun Vətən müharibəsi zamanı xidmətini və AR müdafiəsi zamanı travma alması halını nəzərə alır.
43. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
44. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
27. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında X3 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmri dəyişdirilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması kimi qeyd edilməlidir.
45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
46. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında X3 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmri dəyişdirilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması kimi qeyd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva