Məhkəmə qərarları › İş №2-1(114)-755/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-755/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-755/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı hazırda daşıdığı soyad, ad və ata adının qeyd olunduğu doğum haqqında şəhadətnamənin ləğv edilərək, doğum haqqında şəhadətnamədə atasının X5 və anasının X2 qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hazırda daşıdığı soyad, ad və ata adının qeyd olunduğu doğum haqqında şəhadətnamənin ləğv edilərək, doğum haqqında şəhadətnamədə atasının X5 və anasının X2 qeyd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdə Bərdə rayonu, Qarayusifli kəndində anadan olmuş, həmin vaxt doğum haqqında şəhadətnamədə ata qrafasında “X6”, ana qrafasında isə “X7” göstərilmişdir. xx.xx.1990-cı il tarixdə rəsmi sənədlərlə X5 və X9 tərəfindən övladlığa götürülmüşdür. xx.xx.2003-cü il tarixdə X1 qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2003-cü il tarixli, 2-435 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, onun övladlığa verilməsinə dair Bərdə rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ləğv edilmiş, onun doğum qeydində dəyişiklik edilməsi və əvvəlki doğum qeydinin bərpa edilməsi qət edilmişdir. Lakin hamı onu X3 tanıyır. Buna görə də, hazırda daşıdığı soyad, ad və ata adının qeyd olunduğu doğum haqqında şəhadətnamənin ləğv edilərək, doğum haqqında şəhadətnamədə atasının X5 və anasının X2 qeyd edilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək hazırda daşıdığı soyad, ad və ata adının qeyd olunduğu doğum haqqında şəhadətnamənin ləğv edilərək, doğum haqqında şəhadətnamədə atasının X5 və anasının X2 qeyd edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, 113-05/13 nömrəli məktub ünvanlayaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 447-05/15 nömrəli imtina məktubu; - Bərdə Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-435 nömrəli qətnaməsindən xx.xx.2019-cu il tarixli, 48 nömrəli arxiv çıxarışının surəti; - xx.xx.1991-ci il tarixli, 260022 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia aşağıdakılara görə əsaslı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh inzibati orqan olan Cavabdeh İddiaçı tələbini təmin etməkdən imtina etməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bərdə rayon X14 İcraiyyə Komitəsinin qərarı ilə X5 və X8 övladlığa verilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-435 nömrəli qətnaməsi ilə onun övladlığa verilməsinə dair Bərdə rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ləğv edilmiş, onun doğum qeydində dəyişiklik edilməsi və əvvəlki doğum qeydinin bərpa edilməsi qət edilmişdir. Yəni valideynləri qrafasında X6 və X7 qeyd edilmiş və İddiaçı kimi yeni doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 133-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 134.10-cu maddəsinə əsasən məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını da həll edir. Həmin Məcəllənin 134.11-ci maddəsinə əsasən 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər. Sadalanmış müddəaların mənası onunla bağlıdır ki, 18 yaşına çatdıqdan sonra hər bir fiziki şəxs adın, ata adının və soyadının dəyişdirməsi hüququnu əldə etmiş olur. Bu hal vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında əks olunmalı və ona yeni şəhadətnamə verilməlidir. Müvafiq dəyişikliyin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Göstərilmiş bu müddəalarda şəxsin adın, ata adının və soyadının dəyişdirilməsi hüququ, ümumiyyətlə, təsbit olunsa da, lakin istənilən sayda şəxsin bu hüququnun həyata keçirilibkeçirilməməsi mümkünlüyü məsələsi tənzimlənməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 79 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə müəyyən olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İstinad olunmuş 6.24-6.28-ci bəndlərində isə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi halları kimi ər-arvadının birinin soyadının dəyişdirilməsi, valideyinlərindən birinin və ya hər ikisinin soyadının dəyişdirilməsi göstərilmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda verilmiş təhlili belə nəticəyə gəlmək üçün əsas yaradır ki, şəxsin adın, ata adının və soyadın dəyişdirilməsi hüququ müəyyən edilsə də, lakin bunun neçə dəfə baş verməsinin mümkünlüyü barədə bilavasitə qanun qüvvəli aktlarda göstərilməmişdir. Ümumi qaydaları tənzimləyən həmin qanunvericilikdə müəyyən edilmişdir ki, prosedur qaydalar digər normativ-hüquqi aktla tənzimlənməlidir. Belə akt qismində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istinad edilmiş qərarı çıxış edir. Həmin qərarda isə müəyyən olunmuşdur ki, növbəti dəfə şəxsin adın, ata adının və soyadın dəyişdirilməsi müəyyən halların mövcudluğu halında mümkündür. İddiaçının bildirdiyi əsaslar isə bu hallara aid olmamışdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına, eləcə də inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar tam olmadığından iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı hazırda daşıdığı soyad, ad və ata adının qeyd olunduğu doğum haqqında şəhadətnamənin ləğv edilərək, doğum haqqında şəhadətnamədə atasının X5 və anasının X2 qeyd edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı hazırda daşıdığı soyad, ad və ata adının qeyd olunduğu doğum haqqında şəhadətnamənin ləğv edilərək, doğum haqqında şəhadətnamədə atasının X5 və anasının X2 qeyd edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar