Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-755/2022 01.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X4 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X6) qarşı 05.11.2021-ci il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.11.2021-ci il tarixli Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.02.2022-ci il tarixli Qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 30.08.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin qərb tərəfində yerləşən 0.700 kv.m torpaq sahəsini 2 il müddətinə icarəyə götürmüş və həmin torpaq sahəsi üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 3 saylı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh 07.01.2022-ci il tarixli məktubla ona aralarında bağlanmış icarə müqaviləsinin 05.11.2021-ci il tarixli, 178 nömrəli sərəncama əsasən 26.10.2021-ci il tarixdən ləğv edilməsi barədə məlumat vermişdir. Bu baxımdan hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin sərəncamı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdehlə arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə onun tərəfindən hər zaman riayət edilmiş və müqavilənin ləğvi şərtləri bu müqavilədə göstərilmişdir. Tərəfindən müqavilə şərtlərinə riayət olunduğu təqdirdə cavabdehin bir tərəfli qaydada icarə müqaviləsinin ləğv edilməsi barədə qəbul etdiyi sərəncam əsassızdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya qarşı 23.02.2022-ci il tarixli, **********12 nömrəli etiraz göndərək bildirmişdir ki, İddiaçı ilə aralarında Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin qərb tərəfi ünvanında qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 700 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair 30.08.2021ci il tarixli, 736 nömrəli icarə müqaviləsi bağlanılmış və müqavilə ilə icarə müddəti 30.08.2021-ci il tarixdən 30.08.2023-cü il tarixədək müəyyən edilmişdir. Lakin icarəçi İddiaçı tərəfindən icarəyə verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən, digər şəxsin (X4) mülkiyyətində olan mağazanın qəza giriş-çıxış, yanğın təhlükəsizliyi qapısı və anbar qapısı kimi istifadə olunan qapının yolu müxtəlif üsullarla kəsilərək mağazanın fəaliyyətinə maneçilik törədilmiş və bununla bağlı dəfələrlə həmin şəxs tərəfindən Xidmətə şikayətlər ünvanlanmışdır. Bununla bağlı cavabdeh tərəfindən icarəçiyə 08.10.2021-ci il tarixli, **********88 nömrəli xəbərdarlıq məktubu göndərilərək digər şəxsin hüquqlarını pozan halların aradan qaldırılması, əks təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Lakin icarəçi tərəfindən mübahisəli hal aradan qaldırılmamış və bu səbəbdən mülki qanunvericiliyə və müqavilənin şərtlərinə uyğun olaraq Xidmətin 05.11.2021-ci il tarixli sərəncamı ilə müqaviləyə xitam verlmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 30.08.2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsinin 2.2-ci bəndi ilə icarəçinin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilənin həmin bəndi ilə bir sıra digər şərtlərlə yanaşı torpaq ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək, həmçinin qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək icarəçinin vəzifələri kimi müəyyən edilmişdir. Həmçinin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə icarəyə verənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilikdə, girov qoyulduqda, habelə həmin torpaq sahəsində qanunsuz tikinti, yenidənqurma və quraşdırma işləri aparıldıqda icarə müqaviləsi ləğv edilə bilər və torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş halda icarəçidən geri alına bilər. Müqavilənin 7.2-ci bəndinə əsasən həmin müqavilənin 2.2-ci və 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci madəsinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin məcəllənin 157.8-ci maddəsimə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İstinad olunan qanunvericilik normalarına əsasən əmlakdan digər şəxslərin hüquqlarını pozmaqla sui-istifadə etməmək mülkiyyətçinin vəzifəsi kimi müəyyən edilmiş və həmin vəzifə mülkiyyətçi ilə yanaşı əmlaka sahiblik edən şəxsə də aiddir. Eyni zamanda müqavilənin 2.2-ci bəndinə əsasən qanunvercilklə müəyyən edilmiş vəzifələri yerinə yetirmək icarəçinin vəzifəsi kimi müəyyən edilmiş və müqavilənin 7.2-ci bəndiə əsasən həmin müqavilənin 2.2-ci bəndi icarəçi tərəfindən pozulduqda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. İcarəçi qanunvericiklə və müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə,həmçinin icarəyə verilmiş əmlakdan istifadə edərkən digər şəxsin hüquqlarını pozduğuna görə, müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Sözügedən sərəncam mülki hüquq normalarına və müqavilənin şərtlərinə uyğun olmaqla qanuni olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs və nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 736 nömrəli, 30.08.2021-ci il tarixli müqavilə, torpaq sahəsinin 15.07.2021-ci il tarixli Başplanı, DƏDRX 3 saylı Əraz İdarəsinin **********55 nömrəli, 24.12.2021-ci il tarixli məktubu, 10.09.2021-ci il qeydiyyat tarixli Çıxarış, cavabdehin 29.12.2021-ci il tarixli, **********52 nömrəli məktubu, 29.06.2021-ci il tarixli akt və imtina aktı, 23.02.2022-ci il tarixli, **********012 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdeh 07.01.2022-ci il tarixli məktubla ona aralarında bağlanmış icarə müqaviləsinin 05.11.2021-ci il tarixli, 178 nömrəli sərəncama əsasən 26.10.2021-ci il tarixdən ləğv edilməsi barədə məlumat vermiş və bundan sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi bu faktı mübahisələndirməmişdir. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 736 nömrəli, 30.08.2021-ci il tarixli müqavilədən görünür ki, “icarəyəverən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “icarəçi” İddiaçı arasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30.08.2021-ci il tarixli, 131 nömrəli sərəncamı əsasında, icarəyəverənin icarəyə verdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin qərb tərəfi üvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 700.kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə götürülmüşdür. Müqavilənin müddəti 30.08.2021-ci il tarixdən 30.08.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX 3 saylı Əraz İdarəsinin **********55 nömrəli, 24.12.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “icarəyəverən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “icarəçi” İddiaçı ilə bağlanmış 30.08.2021-ci il tarixli, 736 nömrəli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov keçəsinin kəsişməsinin qərb tərəfi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 700.0 kv.m torpaq sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən 0.07 ha torpaq sahəsinə dair 10.09.2021-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. Bu çıxarışda yüklülüyün növü: icarə, yüklülüyün müddəti: 30.08.2021-30.08.2023; 48 ay olduğu göstərilmişdir. Həmin icarə müqaviləsi halhazırda qüvvədədir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, h.Əliyev prospekjti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən 0.07 ha torpaq sahəi “icarə” növündə, 30.08.2021-30.08.2023; 48 ay müddətində İddiaçı xeyrinə 10.09.2021-ciil tarixdə yüklü edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İnzibati icraat haqqında» Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz «İnzibati icraat haqqında» Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. «İnzibati icraat haqqında» Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 59.1.5. İnzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. Müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi, mübahisələndirilən sərəncam qəbul edilən zaman «İnzibati icraat haqqında» Qanunun yuxarıda şərh olunan tələbləri pozulmuş, iddiaçının hüquq və vəzifələrinə dair məsələ onun məlumatı və iştirakı olmadan həll edilmişdir. İşdə olan 29.06.2021-ci il tarixli akta gəlincə məhkəmə qeyd edir ki, həmin aktda iddiaçının nümayəndəsi kimi göstərilən X2 bu işə aidiyyatı ümumiyyətlə müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edib qeyd edir ki, mübahisələndirilən sərəncam qəbul edilərkən Torpaq Məcəlləsinin, Torpaq İcarəsi haqqında Qanunun və Mülki Məcəllənin tələbləri də pozulmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları
1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə tərəfindən xitam verir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı torpaq icarəsi müqaviləsinə vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü bilavasitə qərar qəbul etmişdir. Tərəflər arasında bağlanmış 30.08.2021-ci il tarixli, 736 nöməli icarə müqaviləsinin 7.2-ci bəndinin tələbindən də görünür ki, müqaviləyə vaxtından əvvəl yalnız aşağıdakı hallarda xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə, torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2 və 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə. Yuxarıda sadalanan qanunvericilik, habelə müqavilənin tələblərinə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05.11.2021-ci il tarixli sərəncamının ləğv olunmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci və 68.2-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05.11.2021-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Usaməddin Osmanov