Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-757/2021 07.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün Məlumat vərəqinin tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra məntdə iddiaçı) xx.xx.1951-cu il tarixində anadan olmuş, 08.09.1977-ci il tarixdən avqust 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində və avqust 1992-ci il tarixdən 25.10.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 25.10.1995-ci il tarixli 0353gm nömrəli əmri ilə “GİZİR” hərbi rütbəsindən məhrum olunmaqla “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25.06.2015-ci il tarixli 580 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib olunması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh 04.09.2019-cu il tarixli, 12/2689 nömrəli, 12.09.2019-cu il tarixli, 12/2773 nömrəli məktublarla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, hərbi rütbədən məhrum edilməsi səbəbindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malik deyildir. İddiaçı 25.05.2020-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanması və mövcud qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(112)-1056/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 08.04.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün Məlumat vərəqinin tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.10.1970-ci il tarixdən 10.11.1972-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 10.02.1973-cü il tarixdən 14.07.1977-ci il tarixədək istehsalatda işləmişdir. 08.09.1977-ci il tarixdən avqust 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində və avqust 1992-ci il tarixdən 25.10.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 25.10.1995-ci il tarixli 0353gm nömrəli əmri ilə “GİZİR” hərbi rütbəsindən məhrum olunmaqla “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ümumilikdə xidmət etdiyi illəri təqvim ili üzrə 20 il 04 ay, güzəştli illərlə 33 il təşkil edir. Çünki xidmət ilinin 7 ilini Almaniya Demokratik Respublikasında qulluq etmişdir. Həmin dövrlərdə qanunvericiliyin tələblərinə əsasən xidmət illəri birə-iki hesablanırdı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində isə 1992-1995-ci illərdə xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu üçün xidmət illəri birə-üç hesablanırdı. Ona güzəştli təqvim illəri hansısa səbəbdən hesablanmır və nəticədə bir hərbçi kimi hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı intizam məsuliyyətinə cəlb edildiyini və ona görə də tutduğu vəzifədən azad olunaraq ehtiyata buraxıldığını bildirmişdir. Hazırda 68 yaşı var, hərbi qulluqçu kimi deyil, adi vətəndaş kimi yaşa görə əmək pensiyası alır. Cavabdehə və onun aidiyyəti qurumlarına müraciət etsə də, qanunauyğun cavab ala bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və bildirmişdir ki, iddiaçı istefada olan əsgər 1970-1972-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, 1977-1995-ci il tarixədək SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 25.10.1995-ci il tarixli 0353gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, dağatıcı briqadanın artilleriya divizionu komandirinin müavini – briqadanın atəş dəstək koordinatorunun müavini vəzifəsindən, “gizir” hərbi rütbəsindən məhrum edilərək “əsgər” hərbi rütbəsinədək endirilməklə həqiqi hərbi xidmətdən buraxılmışdır. İddiaçı kifayət qədər xidmət illəri toplamış olsa belə, hərbi rütbələrdən məhrum edildiyi səbəbindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasına malik deyildir. İddia tələbi əsassız olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin 12.09.2019-cu il tarixli 12/2773 nömrəli imtinası, iddiaçının pensiya işinin təsdiqlənmiş surəti, iddiaçının şəxsi işinin (xidmət siyahısı) təsdiqlənmiş surəti, cavabdehin 29.10.2020-ci il tarixli 12/2345 nömrəli və 07.04.2021-ci il tarixli 12/747 nömrəli etirazları, Azərbaycan Respublikası Müdafiə nazirinin 25.10.1995-ci il tarixli 0353gm nömrəli əmrdən çıxarış əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra hazırkı tələblə iddianı qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.
3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı məzmunda iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmir. Belə ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malik şəxslərin siyahısına hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular daxil edilmir. İddiaçının “xidməti uyğunsuzluğa görə” görə hərbi rütbədən məhrum edilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr iddiaçı tərəfindən bu günədək mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, iddiaçının hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur.
Nəticəvi h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün Məlumat vərəqinin tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Usaməddin Osmanov