Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-757/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı evinə dəymiş xəsarətlə əlaqədar tərtib edilmiş texniki baxış sənədlərinin göndərilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, erməni terroru nəticəsində evinə dəymiş xəsarətlə əlaqədar tərtib edilmiş texniki baxış sənədlərinin Dövlət Şəhəhsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Vətən müharibəsi zamanı erməni terrorçularının Gəncə şəhəri atdığı raketlər nəticəsində evi xəsarət almış, bununla bağlı dəfələrlə Cavabdehnə və müxtəlif aidiyyatı orqanlara müraciət etmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 11 aprel 2023-cü il tarixli 3-35- 2/2-M-649-20-335/2023 saylı məktubu ilə iddiaçıya məxsus evə ziyan dəyməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən tərtib olunan hər hansı texniki baxış aktının Komitəyə daxil olmaması səbəbindən aidiyyatı üzrə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etməli olduğu göstərilmişdir. Bildirmişdir ki, onun evinə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən baxış həyata keçirilmiş, dəymiş ziyan hesablanmış, fotoşəkillər çəkilmişdir. O, Gəncə şəhər İcra Hakimiyyətinə müraciət ünvanlasa da, lakin bu günə qədər ona cavab verilməmişdir. Yalnız şifahi olaraq bütün sənədləri göndərdiklərini bildirirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “2020-ci il sentyabrın 27- dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış İşçi qrupları tərəfindən Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılmışdır. Məlumat üçün bildiririk ki, Gəncə şəhəri üzrə işçi qrupunun rəhbəri Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin rəisi, üzvləri isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi, Gəncə şəhər prokurorunun müavini, Ərazi Tikinti-Planlaşdırılma Mərkəzinin şöbə müdirinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və ünvan şöbəsinin texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri, "Azərdövlətlaihə" İnstitutunun aparıcı mühəndisidir. Yuxarıda qeyd olunan Sərəncama əsasən İşçi qrupu tərəfindən ziyan dəymiş evlərə baxış keçirilərək akt tərtib edilmişdir. X1 tərəfindən müraciət daxil olmadığından onun evi barəsində akt tərtib olunmamışdır. Nazirlər Kabinetinin qeyd olunan Sərəncamına əsasən mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təklifləri aidiyyəti dövlət orqanların nümayəndələrindən ibarət tərkibdə işçi qruplarına həvalə edilmişdir. İşçi qrupu Gəncə Şəhər İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən qurum olmadığı üçün aktın tərtib edilməsi İcra Hakimiyyətinin səlahiyyətində deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli sərəncamı ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tərkibdə Dövlət Komissiyası yaradılmışdır. “2020-ci il sentyabrın 27- dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamında qeyd edilmişdir ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. Həmin Sərəncamın:- -1-ci hissəsində qeyd olunmuşdur ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı müvafiq məbləğdə maddi yardım ödənilsin. -2-ci hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etsin. -3-cü hissəsində qeyd olunmuşdur ki, aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etsinlər. “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2020-ci il tarixli, 702s nömrəli Sərəncamının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsinlər. Beləliklə, istinad olunan normaların tələbləri ilə müəyyən olunur ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tərkibdə Dövlət Komissiyasının yaradılması, yaradılmış işçi qrupu tərəfindən ziyan dəymiş evlərə baxış keçirilərək akt tərtib edilməsi və hesablanmış maddi yardımların müvafiq işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdehin etiraz məktubu ilə müəyyən olunur ki, sözügedən işçi qrupu aidiyyəti dövlət orqanlarının (Maliyyə Nazirliyi Aparatının, Əmlak Məsələləri Dövlət Xidmətinin və.s orqanların müvafiq qrumlarının) nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərmişdir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Gəncə şəhərində fəaliyyət göstərmiş işçi qrupu Gəncə Şəhər İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən qurum olmadığı üçün ziyan dəymiş evlərə baxış keçirilərək akt tərtib edilməsi də İcra Hakimiyyətinin səlahiyyətində deyil. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb hazırki cavabdehə qarşı yönəlməli deyil. Məhkəmə qeyd edir ki, hazırki tələb Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Dövlət Komissiyasına qarşı yönəlməlidir, iddiaçının həmin orqana ilkin müraciəti olmadığından cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanı da mövcud deyildir. Odur ki, iddiaçı hazırki tələblə bağlı aidiyyəti cavabdehə müraciət etməli, müraciəti barədə müsbət qərar qəbul edilmədikdə məhkəməyə müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı X2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı evinə dəymiş xəsarətlə əlaqədar tərtib edilmiş texniki baxış sənədlərinin göndərilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-757/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-757/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver