Məhkəmə qərarları › İş №2-1(114)-758/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-758/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-758/2021 24.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi X2, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0631 ha torpaq sahəsi bərabər paylarla İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 21.04.2017-ci il tarixli 239 nömrəli sərəncamından görünür ki, İddiaçı2, İddiaçı1 müraciətlərini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, ünvan 3 ünvanlarda yerləşən mülklərdə yararsız vəziyyətdə olan tikililərin sökülərək yerində müvafiq qaydada razılaşdırılmış layihə əsasında yaşayış evlərinin təyinatının dəyişdirilib İddiaçı2 və İddiaçı1 tərəfindən ticarət mərkəzinin inşa edilməsinə icazə verilmişdir. Ö/002943 nömrəli “İstismara hazırlıq aktı”na əsasən tikintisi 05.05.2013-cü il tarixdə başlamış, 08.08.2017-ci ildə qurtarmış ünvan 1 ünvanında yerləşən zirzəmili, 5 mərtəbəli binanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir. Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən 29.06.2020-ci il tarixli 06 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli zirzəmili iaşə obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) 03.03.2021-ci il tarixli, **********11 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Hüseyn Cavid, 2 və Atatürk prospekti, 2-ci dalan, 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 25 fevral 2021-ci il tarixli, ********** S-0019 nömrəli müraciətə baxılmış, təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, “Tikinti obyektinin istismarına icazə" sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmadığı, həmçinin layihə üzrə binanın 4 mərtəbəli, mansarlı olduğu, lakin faktiki olaraq 5 mərtəbəli kimi inşa edildiyi müəyyən edilmiş, bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtinanı əsassız hesab edən iddiaçılar cavabdehə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanda yerləşən 5 mərtəbəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydə alınması və bu haqda müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması və bu haqda müvafiq çıxarışın verilməsi üçün cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək aidiyyəti sənədləri ərizəyə əlavə etmişlər. Bu əmlak onların paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və bina da paylı mülkiyyət olaraq inşa edilmişdir. Paylarla bağlı heç bir mübahisə yoxdur. Cavabdehin 03.03.2021-ci il tarixli, **********11 saylı məktubu ilə müraciətə baxılması və mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi rəsmi bildirilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, “Tikintinin istismara icazə“ sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmadığı, həmçinin layihə üzrə binanın 4 mərtəbəli və mansar olduğu, lakin faktiki olaraq 5 mərtəbəli kimi inşa edildiyi müəyyən edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Belə ki, cavabdeh tərəfindən müraciətdən imtina edilərkən heç bir qanunvericilik normasına istinad edilməmiş, hansı qaydaların və ya normativ aktların pozuntusuna yol verilməsi göstərilməmişdir. Binanın tikintisinə hazırlıq, işçi layihə və eləcə də istismara icazə sənədlərində binanın 5 mərtəbəli olması da öz təsdiqini tapır. Binanın 5 mərtəbəli tikinti olması tam olaraq aidiyyəti qurumlarla razılaşdırılmışdır. İmtina barədə bildirişdə “nöqsan” kimi göstərilən hallar isə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9, 10 və 11-ci maddələrində göstərilən tələblərə uyğun deyildir. Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatı üçün tələb edilən bütün sənədlər təqdim edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Vətəndaş İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X7 16 sentyabr 2020-ci il tarixli müraciətinə baxılmışdır. Aparılmış araşdırma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, “Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmadığı, həmçinin layihə üzrə binanın 4 mərtəbəli, mansarlı olduğu, lakin faktiki olaraq 5 mərtəbəli kimi inşa edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-1(114)-758/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən obyektin tikintiyə icazə sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Lakin 4.18.2-ci yarımbəndinə əsasən həmin Əsasnamənin 4.5.4, 4.7.8, 4.11.11.5, 4.11.17, 4.12.3-1, 4.13.6, 4.15.2, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6, 2.7 və 4.11.11.5-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilənlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 21.04.2017-ci il tarixli 239 nömrəli sərəncamının qanunsuz və əsassız olduğunu təsdiq edir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, qeyri-yaşayış obyektinin tikintisinə icazə sənədi, yəni Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən 21.04.2017-ci il tarixli, 239 nömrəli sərəncam qəbul edilən zaman tikintilərlə bağlı kodun verilməsi və tikinti ilə bağlı məlumatların reyestrə daxil edilməsi nəzərdə tutulmamışdır. İstər tikintiyə icazə, istərsə də tikintinin istismarına icazə sənədi qanunamüvafiq qaydada qəbul edilmişdir və cavabdeh inzibati orqanın imtinası tam əsassızdır. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, tərəflərindən iddaçıların müraciətləri üzrə ilkin araşıdırılma aparılmış və müəyyən edilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, “Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi yazılmaması, layihə üzrə binanın 4 mərtəbəli, mansarlı olduğu, lakin faktiki olaraq 5 mərtəbəli kimi inşa edildiyi müəyyən olunmuşdur. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hər hansı qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı icazə sənədi qəbul edildikdən sonra, tərəflərindən icazə sənədi üzrə məlumatlar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməli və həmin məlumatlar sonuncu tərəfindən Tikintilərin Dövlət reyestrinin internet səhifəsində daxil edilməlidir. Lakin hazırki iş üzrə qeyri-yaşayış obyektinin tikintisinə icazə sənədi ilə bağlı məlumatlar onlara daxil olmamışdır. Bundan başqa qeyriyaşayış binası Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun deyil, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən işçi layihəsinə uyğun inşa edilmişdir. İş üzrə cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçılar hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.07.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən bərabər paylarla xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0631 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişlər. Lakin inzibati orqan “Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmaması və binanın ilkin layihəyə uyğun inşa edilməməsi əsasları ilə iddiaçıların müraciətlərinin təmin olunmasından imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinasını qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisnə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) inşa edilən və tikintisnə icazə tələb olunan tikinti obyekti üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsi üçün dörd əsas: 1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2. tikintiyə icazə verilməsi barədə qərar; 3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4. tikinti obyektinin istismarına icazə sənədi tələb olunur. Hazırki iş üzrə mübahisəli məsələ məhz tikintiyə icazə verilməsi barədə sərəncamın və tikinti obyektinin istismarına icazə sənədinin qanunamüvafiq qaydada tərtib olunmamasıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:

5. maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi.

7. maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. 75.1. maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.1-1. maddəsinə görə sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.2. maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. 75.3. maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. 75.4. maddəsinə görə tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) iradların olmaması prezumpsiyasından çıxış edir. 75.7. maddəsinə görə tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 75.10. maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixlu Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: - (4.11.11.5) «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; - (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyəti başçısı aparatının 15.04.2021-ci il tarixli, 317 nömrəli məktubundan məlum olur ki, qeyri –yaşayış obyektlərinin tikintisinə icazədə nəzərdə tutulmuş məlumatların «Tikintilərin Dövlət reyestri"nə daxil edilməsi Gəncə şəhər Nizami rayon İcra Hakimyyətinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin 24.05.2021-ci il tarixli, XO-01-09-2021-02942 saylı məktubundan məlum olur ki, sözügedən qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Gəncə Şəhər İcra hakimiyyətinin 29.01,2020-ci il tarixli 03/75 nömrəli və 13 08.2020-ci il tarixli 03/528 nömrəli müraciətləri Komitəyə daxil olmuşdur. Daxil olan müraciətə əlavə edilən sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 01.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları" nın 31.1-ci yarımbəndinin tələblərinə cavab vermədiyindən Komitənin 24.02.2020-ci il tarixli 05/08-773 nömrəli və 15.09.2020-ci il tarixli, 05/08/3746 nömrəli məktubları ilə qeyd edilmiş iradların aradan qaldırılması Gəncə Şəhər icra Hakimiyyətinə bildirilmiş, müvafiq məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi tərəfimizdən təmin edilməmişdir. Göründüyü kimi tikintiyə icazə sənədinin verilməsi şəhər icra hakimiyyəti başçısının səlahiyyəti kimi müəyyən edilsə də, hazırki iş üzrə icazə sənədi rayon icra hakmiyyəti başçısı tərəfindən verilmiş və icazədə nəzərdə tutulan məlumatların Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.11. maddəsinə görə tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyənləşdirilir. 84.1. maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: - tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər, tikinti obyektinin mühəndis-kommunikasiya təminatı mənbələri, müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər, mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. 84.2. maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. 84.3. maddəsinə görə təchizat müəssisələri 10 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər. Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuda nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz. 101.1. maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. maddəsinə görə tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən verilir. 101.4. maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 102.1. maddəsinə görə tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən ödənilir. 102.4. maddəsinə görə tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. 103.1. maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 103.2. maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Göründüyü kimi tikinti obyektinin istismarına icazə sənədinin rekvizitləri dəqiq müəyyən edilmiş hazırki iş üzrə təqdim olunan icazə sənədində tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi hissəsində qeydiyyat aparılmamış, yəni həmin kod icazə sənədinə əlavə olunmamışdır. İnzibati orqanın imtinasının ikinci əsası ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin nümayəndəsi X3 iştirakları ilə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası ünvan 7nin kəsişməsində yerləşir. Qeyri-yaşayış binasının birinci mərtəbəsinin bir hissəsində “xxxx” ASC-nin Gəncə filialı yerləşir. Bina “xxxx” Yaradıcılıq İstehsalat MMC tərəfindən tərtib olunmuş, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun deyil, “xxxx” MMC tərəfindən tərtib olunmuş işçi layihəsinə uyğun inşa edilmişdir. Belə ki, eskiz layihəsində binanın zirzəmidən, 4 mərtəbədən və mansarddan ibarət olması, habelə, mərtəbələr arasında eskalatorun inşasının nəzərdə tutulması göstərilsə də, baxış zamanı müəyyən edilmişdir ki, bina 5 mərtəbədən ibarətdir, 5-ci mərtəbə mansardda uyğun şəkildə deyil, digər mərtəbələrlə analoji formada və hündürlüyü nisbətən az inşa edilmişdir. Mərtəbələr arası eskalator mövcud deyil, habelə pilləkənlərin və liftin istiqaməti eskiz layihəsində göstəriləndən fərqli inşa edilmişdir. Yerli baxışda iştirak edən Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin nümayəndəsi X5 bildirmişdir ki, bina Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun deyil, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən işçi layihəsinə uyğun inşa edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tikintisi - şəhərsalma və tikinti normalarının və qaydalarının ciddi surətdə pozulması ilə həyata keçirildiyindən, qeyri-yaşayış obyektinin qanuniləşdirilərək dövlət reyestirində qeydə alınması üçün heç bir qanuni əsas yoxdur və inzibati orqanın imtinası qeyd olunan normaların müddəalarına uyğundur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81. maddələrini rəhbər tutaraq, qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar