Məhkəmə qərarları › İş №2-1(114)-758/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-758/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-758/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə və ikinci dərəcəli əlilliyə görə bərpa edilmiş sosial müavinətin ona ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə 19.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 01.07.2019-cu il tarixdən ailə başçısını itirməyə görə bərpa edilmiş sosial müavinətin və eləcə də 01.07.2019-cu il tarixdə ikinci dərəcəli əlilliyinə görə bərpa edilmiş sosial müavinətin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 21.02.2022-ci il tarixli 2-1(114)-758/2022 nömrəli qərardadı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 05 may 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 13 noyabr 2009-cu ildə məcburi köçkün X9 ilə rəsmi nikah bağlamışdır və birgə nikahlarından 21 aprel 2003-cü il tarixdə X10, 22 iyun 2004-cü il tarixdə X6 və 10 oktyabr 2008-ci il tarixdə X5 adlarında uşaqları olmuşdur. 10 mart 2015-ci il tarixdə əri vəfat etmişdir. Ailə başçısını itirdiyinə görə Kəlbəcər rayon DSMF-nə müraciət etmişdir və 10.03.2015-ci il tarixdən 3 azyaşlı uşağın saxlanması üçün sosial müavinət təyin olunmuşdur və 30.06.2019-cu il tarixə kimi sosial müavinət ödənilmişdir. O, 2-ci dərəcəli əlildir və əlilliyə görə də hər ay müavinət alıb həmin pulla övladlarını saxlayırdı. 2021-ci ildə uşaqların müavinəti və eləcə də onun əlilliyə görə aldığı müavinət gözlənilmədən dayandırılmış və bunun səbəbini aydınlaşdırmaq üçün Kəlbəcər rayon DSMF-nə müraciət etmişdir. Şifahi olaraq ona bildirilmişdir ki, guya Sosial Ödənişlərin Alt Sisteminə (SÖAS) keçid zamanı müəyyən ediblər ki, uşaqlara müavinət səhvən təyin ediblər və nəticədə uşaqları ilə onun dövlətə 14800 manat məbləğində borcları yaranmışdır. 16.09.2021-ci il tarixdə Kəlbəcər rayon DSMF-də ailə başçısını itirməyə görə müavinət təyin edilməsi və artıq aldığı 14800 manatın 100 faizi uşaqların müavinətindən və 50 faizi onun 2-ci qrup əlilliyinə görə aldığı müavinətdən tutulmasına dair sərəncam verilməsi barədə ərizə yazmışdır. 16.09.2021-ci il tarixdən indiyə kimi əlilliyə görə sosial müavinət ona ödənilmir və eləcə də həmin tarixdən uşaqlara ayrılan müavinət də DSMF tərəfindən ödənilmir. Halhazırda oğlu Azərbaycan Ordusunda xidmət edir və onun himayəsində 2 azyaşlı uşaq qalıb. Onun əlillik müavinəti və eləcə də uşaqlara görə təyin olunmuş müavinət DSMF tərəfindən tutularaq özlərinin günahı ucbatından yaranmış 14800 manat məbləğində pulun ödənilməsinə yönəldilib. Dəfələrlə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına ərizə ilə müraciət edib bildirmişdir ki, əlilliyi ilə əlaqədar və eləcə də işsiz olduğu üçün, sosial müavinətləri əsassız olaraq onlara ödənilmədiyi üçün yaşayış tərzləri acınacaqlı vəziyyətdədir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının məktubunu 14 dekabr 2021-ci il tarixdə almışdır. Cavabdeh məktubunda qeyd edir ki, əliliyinə görə təyin etdikləri müavinət məbləğin 50 faizi tutquya yönəldilib. Bu həqiqətə uyğun deyil. Belə ki, əlilliyə görə aldığı müavinətin 100%-i və eləcə də ABİ-yə görə təyin edilmiş sosial müavinətin 100%-i tutulur. Cavabdeh imtina məktubunda özü etiraf edir ki, özlərinin səhvi nəticəsində ailə başçısını itirməyə görə müavinətin məbləği düzgün hesablanmayıb və nəticədə artıq pul ödənişini həyata keçiriblər. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 may 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının övladları 21.04.2003-cü il təvəllüdlü X7, 22.06.2004cü il təvəllüdlü X4, 10.10.2008-ci il təvəllüdlü X3 10.03.2015-ci il tarixdən ABİ-yə görə sosial müavinət təyin olunmuş və 30.06.2019-cu il tarixədək ödənilmişdir. 01.07.2019-cu il tarixdə SÖAS-a keçid zamanı müavinətin növü səhvən hər 3 uşağa 18 yaşadək “SİM uşağa görə sosial müavinət” kimi qeyd olunmuşdur. Həmin səbəbdən 01.07.2019-cu ildən 31.08.2021-ci ilədək iddiaçıya 14800 manat artıq vəsait ödənilmişdir. 15.09.2021-ci il tarixdə iddiaçı filiala dəvət edilərək artıq ödənilmiş vəsait haqqında ona ətraflı məlumat verilmiş və şəxsən özü ərizə yazıb imza edərək artıq aldığı vəsaitin tutulmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının ərizəsinə əsasən 01.07.2019-cu il tarixdən hər 3 uşağın ABİ-yə görə sosial müavinəti bərpa olunmuş və onun razılıq ərizəsinə əsasən 01.07.2019cu il tarixdən 31.08.2021-ci il tarixədək olan dövrün tamamilə tutulması və 01.09.2021-ci il tarixdən isə hər 2 uşağa ödəniləcək müavinətin 100%-lə tutulmasına sərəncam verilmişdir. Əlavə olaraq iddiaçı 2-ci dərəcəli əliliyə görə sosial müavinət aldığı üçün həmin ərizədə müavinət məbləğindən 50%-lə tutulma aparılmasına etiraz etmədiyi bildirilmişdir. Müavinət üzrə 31.08.2021-ci il tarixədək ümumilikdə (X.Ə.Məmmədova 3155,00 manat, X.Ə.Məmmədovaya 3900,00 manat və F.Ə.Məmmədovaya 3900,00 manat) 10.955,00 manat və qulluğa görə təqaüd üzrə isə 01.04.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək 3835,00 manat artıq vəsait ödənilmişdir. Filial tərəfindən verilmiş 20.09.2021-ci il tarixli sərəncama əsasən 01.07.2019-cu il tarixindən hər 3 uşağa ABİ-yə görə sosial müavinət təyin olunmuş və 01.07.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək olan dövr üzrə hər 3 uşağa ümumilikdə ödənilməmiş 5896,00 manat məbləğ tam tutulduqdan sonra, qalıq 8894,00 manat məbləğin isə vətəndaşın ərizəsinə əsasən hər 2 uşağa ödəniləcək müavinətdən 2021-ci ilin oktyabr ayından 100% olmaqla hər ay tutularaq Filialın hesabına bərpa edilir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnamənin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. İş materiallarına 15.09.2021-ci il tarixli ərizənin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının 20.10.2021-ci il tarixli, **********5 nömrəli və 09.12.2021-ci il tarixli, **********9 nömrəli məktubları və 20.09.2021-ci il tarixli sərəncamın surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı övladları 21.04.2003-cü il təvəllüdlü X7, 22.06.2004-cü il təvəllüdlü X4, 10.10.2008-ci il təvəllüdlü X3 10.03.2015-ci il tarixdən ABİ-yə görə sosial müavinət təyin olunmuş və 30.06.2019-cu il tarixədək ödənilmişdir. 01.07.2019-cu il tarixdə SÖAS-a keçid zamanı müavinətin növü səhvən hər 3 uşağa 18 yaşadək “SİM uşağa görə sosial müavinət” kimi qeyd olunmuşdur. Həmin səbəbdən 01.07.2019-cu ildən 31.08.2021-ci ilədək iddiaçıya 14800 manat artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının 20.09.2021-ci il tarixli sərəncamı ilə İddiaçı 01.07.2019-cu il tarixdən 31.08.2021ci il tarixədək artıq ödənilmiş sosial müavinətin vətəndaşın ailə başçısını itirməyə görə sosial müavinətindən tam 100 faizlə tutulması qərara alınmışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 13-cü maddəsinə əsasən bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan 15.09.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ona 10.03.2015-ci il tarixdə ailə başçısını itirməyə görə müavinət təyin olunduğunu, 01.07.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək müavinətin növünün səhvən 18 yaşadək “SİM uşağa görə sosial müavinət” kimi qeyd olunduğunu bildirmiş, ona 3 uşağa görə yenidən ailə başçısını itirməyə görə müavinət təyin olunmasını, artıq aldığı 14800 manat pul məbləğinin ailə başçısını itirməyə görə müavinətdən 100 faizlə və əlilliyə görə təyin edilmiş müavinətdən 50 faizlə tutulmasına dair sərəncam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı artıq ödənilmiş müavinətin müvafiq icra hakimiyyəti orqanlarına qaytarılmasına etiraz etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan İddiaçı 01.07.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək artıq ödənilmiş sosial müavinətin vətəndaşın ailə başçısını itirməyə görə sosial müavinətindən tam 100 faizlə tutulması barədə 20.09.2021-ci il tarixli sərəncamı qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında məhkəmə belə qərara gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20.09.2021-ci il tarixli sərəncamı inzibati akt kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin: 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “inzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyqun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. X12 23 iyul 2020-ci ii tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-cü bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılıqının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyqun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Filial, əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinə qarşı övladlığa götürülən uşağa görə müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə və ikinci dərəcəli əlilliyə görə bərpa edilmiş sosial müavinətin ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar