Məhkəmə qərarları › İş №2-1(114)-759/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-759/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-759/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Goranboy rayon Hacallı bələdiyyəsinə qarşı torpaq sahəsinin qeydə alınması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Goranboy rayon Hacallı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayon Hacallı kəndində istifadələrində olan 3,30 ha torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və mülkiyyətə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda öhdəliyin icrası haqqında iddia üzrə mümkünlük şərtləri mövcud olmadığına görə mümkünsüz sayılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi və Goranboy rayon Hacallı bələdiyyəsi AR İPM-nin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Odur ki, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqanlar cavabdeh qismində, tələb üzrə hüquq və maraqlarına toxunulan subyektlər isə üçüncü şəxs qismində cəlb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2 maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) baxılır. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Goranboy rayon Hacallı bələdiyyəsinə qarşı torpaq sahəsinin qeydə alınması barədə iddiası mümkün sayılmasın. İddiaçılara izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar