Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-759/2022 17.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 13.01.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində “3129 manat “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” cavabdeh orqanın 06.12.2021-ci il tarixli, 42055 nömrəli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ləğvini tələb etdiyi 06.12.2021-ci il tarixli, 42055 №-li qərarında bildirilir ki, 01.01.2019-cu il tarixdə ona "Əmək pesiyaları haqqında” qanunun 8.1-ci maddəsinə əsasən pensiya təyin edilməli olduğu halda həmin qanunun 22- 1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, nəticədə ona həmin tarixdən 30.09.2021-ci il tarixə kimi 7.408.98 manat artıq pensiya ödənilmişdir. Həmin məbləği o, “İnzibati icraat haqqında’" qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq qaytarmalıdır, daha dəqiq deyilsə, həmin məbləğ ona verilən aylıq müavinətdən Dövlət Sosial Müdafiə Fondunun xeyrinə tutulmalıdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin qərarı qanunsuzdur. Belə ki, sosial ödənişləri (pensiyaları) təmin edən, ödənişlərin qanuni və qanunsuz (əsaslı, ya əsassız) olmasını müəyyən edən cavabdeh fondun özüdür. Cavabeh fond ondan hansı sənədi tələb edibsə, o sənədi vermişdir. O, özbaşına, ələxsus, qanunsuz (saxta) olan hər hansı sənəd təqdim etməmiş, fondun və dövlətin qarşısında hər hansı günah işlətməmiş, yaxud susmaqla, cavabdeh fonddan hər hansı bir mövcud halı gizlətməklə günahlı olmamış, fonda qarşı etimadsızlıq göstərməmiş, fondun işçilərini rüşvətlə, hədə-qorxu gəlməklə, aldatmaqla və sair qanunsuz yollarla ələ almamış, habelə pensiyanın ona qismən qanunsuz verilməsini bilməmişdir. O, yoxsul adamdır, aldığı aylıq pensiyanı elə həmin ay da xərcləmişdir. Pensiyanın ona artıq verilib-verilməməsini hələlik dərk edə bilmir. Ona layiq olmadığı pensiya verilə bilməzdi. Onun cavabdeh fondla uzun sürən məhkəmə mübahisələri olmuş, 20.06.2019-cu il tarixdə mülki iş ikinci dəfə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olanda fondun Şəmkir rayon şöbəsinin işçiləri onu respublika prezidentinin yeni fərman verməsi, həmin fərmana görə ona aldığı məbləğdən az pensiya təmyin ediləcəyini bildirliklərindən, yəni aldatdıqlarından o, 1979-1988-ci illərdə Ermənistanın Vardenis rayonunun Göysu kəndində yerləşən kolxozda işləməyi faktının müəyyən edilməsinə dair iddiasından imtina etmişdir. Yalnız ona sosial pensiya təyin ediləndən sonra aldadılmağını bilmişdir. İşin icraatına xitam verən Gəncə Apellyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli, 2(104)-2533/2019-cu il tarixli qərardadından şikayət verməyi daha mümkün deyil, şikayət etmə vaxtı ölürülmüşdür. Beləliklə, əgər həqiqətən ona artıq pul veribsə, heç bir halda dövlətə nə isə qaytarmaq iqtidarında deyil. Həmin məbləğ ona verilən aylıq müavinətdən zorla tutulduğu halda isə o, cavabdeh qumumun rəhbəri tərəfindən bilə-bilə aclığa məhkum edilir. Bu da əslində vəzifədən sui-istifadə etmə cinayəti, özü də onun ixtisaslaşdırılmış (ağır) formasıdır, çünki onun qanunla qorunan mənafeyinə ağır zərər yetirə bilər. İddiaçı və iddiaçının vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "artıq ödənilmiş əmək pensiyasının tutulması barədə qərarın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ olmadığı halda 01.01.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın müraciəti araşdırılarkən onun pensiyasının çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ Qanunun 8.1-ci maddəsinə əsasən müəyyən edilməli olduğu halda, həmin Qanunun 22- 1.1-ci maddəsinə əsasən təyin edilməsi nəticəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə 01.01.2019-cu il tarixdən 30.09.2021-ci il tarixədək 7408,98 manat artıq ödəmə müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı isə bu Qanunun 8.1-ci maddəsinə əsasən pensiya hüququ yaranmışdır. Beləliklə, iddiaçıya münasibətdə Qanunun 22-1.1-ci maddəsinin tətbiq olunması yolverilməzdir və cavabdeh iddiaçıdan artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərar qəbul etməkdə haqlıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus Aze seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06.12.2021-ci il tarixli, 42055 nömrəli qərarının təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 15.12.2021-ci il tarixli, **********5 nömrəli və 26.01.2022-ci il tarixli, **********7 nömrəli məktubları; -25.10.2021-ci il tarixli müraciət vərəqəsi. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.01.2019-cu il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, iddiaçıya 01.01.2019-cu il tarixdən 30.09.2021-ci il tarixədək 7408,98 manat artıq ödəmə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın 06.12.2021-ci il tarixli, 42055 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin bölünərək onun aylıq müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 06.12.2021-ci il tarixli, 42055 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 06.12.2021-ci il tarixli, 42055 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” 06.12.2021-ci il tarixli, 42055 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-759/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-759/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver