Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-76/2021 27.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2 MMC-nin vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi orqanının əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 11.03.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, 03.03.2020-ci il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197892 nömrəli və “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 04.03.2020-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC 23.09.2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edilmiş və qərara əsasən “X9” MMC-də 07.06.2018-ci il tarixdən başlanılmaqla, 15 iş günü müddətində sentyabr 2015 mart 2018-ci illər üzrə növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış və bu məqsədlə 23.05.2018-ci il tarixli bildiriş verilmiş, vergi orqanının 23.05.2018-ci il tarixli tələbnaməsinə əsasən səyyar vergi yoxlamasının aparılması üçün sənədlər tələb edilmiş və həmin sənədlərin 15 iş günü müddətində, yəni 13.06.2018-ci il tarixə kimi təqdim edilməsi bildirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin mütəxəssisinin dəvət edilməsi haqqında 13.07.2018ci il tarixli qərarı ilə “xxxx” MMC-dən X4 mütəxəssis kimi dəvət edilmiş, eləcə də vergi orqanının 20.07.2018-ci il tarixli qərarı ilə mütəxəssisin cəlb edilməsi ilə səyyar vergi yoxlaması 20.07.2018-ci il tarixdən 17.08.2018-ci il tarixə qədər müvəqqəti dayandırılmışdır. Bundan sonra 14 saylı Ərazi Vergilər İdarəsinin 17.08.2018-ci il tarixli qərarı ilə dayandırılmış səyyar vergi yoxlaması bərpa edilmiş, vergi orqanının 17.08.2018-ci il tarixli qərarı ilə təkrar olaraq mütəxəssisin cəlb edilməsi məqsədilə 17.08.2018-ci il tarixdən 17.09.2018-ci il tarixə qədər müvəqqəti dayandırılmış və 17.09.2018-ci il tarixli qərarla dayandırılmış səyyar vergi yoxlaması bərpa edilmişdir. Həmçinin 14 saylı Ərazi Vergilər İdarəsinin 19.09.2018-ci il tarixli qərarı ilə təkrar olaraq mütəxəssisin cəlb edilməsi məqsədilə 19.09.2018-ci il tarixdən 17.10.2018-ci il tarixə qədər müvəqqəti dayandırılmış, 17.10.2018-ci il tarixli qərarı ilə dayandırılmış səyyar vergi yoxlaması bərpa edilmiş, 17.10.2018-ci il tarixli qərarı ilə təkrar olaraq mütəxəssisin dəvət edilməsi və ya ekspertiza keçirilməsi məqsədilə 17.10.2018-ci il tarixdən 16.11.2018-ci il tarixə qədər müvəqqəti dayandırılmış, 16.11.2018-ci il tarixli qərarı ilə dayandırılmış səyyar vergi yoxlaması 16.11.2018-ci il tarixdən bərpa edilmişdir. Bundan əlavə 14 saylı Ərazi Vergilər İdarəsinin 16.11.2018-ci il tarixli qərarı ilə təkrar olaraq mütəxəssisin dəvət edilməsi və ya ekspertiza keçirilməsi məqsədilə 16.11.2018-ci il tarixdən 17.12.2018-ci il tarixə qədər müvəqqəti dayandırılmış, 17.12.2018-ci il tarixli qərarı ilə təkrar olaraq mütəxəssisin dəvət edilməsi və ya ekspertiza keçirilməsi məqəsdilə 17.12.2018-ci il tarixdən 17.01.2019-cu il tarixə qədər müvəqqəti dayandırılmış və 15.07.2019-cu il tarixdə tərtib edilmiş **********171312 nömrəli səyyar verhgi yoxlaması aktı qəbul edilmişdir. 21.01.2020-ci il tarixdə tərtib edilmiş **********171312 nömrəli səyyar vergi yoxlaması aktı qəbul edilmişdir. İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilən yuxarıda adları qeyd edilən akt və qərarlarla razı olmadığı üçün məhkəmə qaydasında mübahisələndirmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasında olduğu kimi yenə də qanunsuz və qərəzli olaraq qərarlar qəbul edilmişdir. Həmin qərarlardan 03.03.2020-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197892 nömrəli və “pul vəsaitin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 04.03.2020-ci il tarixli qərarları olmuşdur. Qeyd edilən qərarlarla qərəzli olaraq hesablanılmış maliyyə sanksiyalarına əsaslanaraq vergi məsuliyyətinə cəlb edilmiş və şirkətin ƏDV sub-uçot hesabında olan pul vəsaitləri dondurulmuşdur. Məhkəmənin 25.02.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, 03.03.2020-ci il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197892 nömrəli və “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 04.03.2020-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı2 MMC-nin vəkili və nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, vergi orqanı yoxlamanı 1 ilə yaxın müddətdə aparmışdır. Həmçinin əvvəlki məhkəmə iclaslarında da bildirmişdir ki, iddiaçının fəaliyyəti “X7” MMC ilə “X9” MMC arasında bağlanmış müqavilədən irəli gələn xidmətlərdən ibarətdir və iddiaçı sifarişçiyə aid xammal yataqlarından xammalın çıxarılması, doldurulması və çatdırılması xidmətini həyata keçirmişdir. Təmsil etdiyi cəmiyyət yükdaşıma xidməti göstərməmişdir. Cəmiyyət yükdaşıma xidməti göstərsəydi 2016-2018-ci illərdə müxtəlif fiziki və hüquqi şəxslərlə öz yükünün daşınması üçün müqavilə bağlamazdı. Sözügedən müqavilələr iş materiallarına əlavə edilmişdir. Həmçinin vergi orqanı cəmiyyətin yükdaşıma fəaliyyətini təsdiq edən heç bir sübut olmadığı halda həmin fəaliyyətə görə cəmiyyətə vergi borcu hesablamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, səyyar vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş malların alışı və satışı ilə bağlı sənədlər, qaimə-fakturalar, elektron vergi hesab-fakturaları və vergilərin hesablanması üçün istifadə olunan digər sənədlər, eləcə də vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan elektron qaimə-fakturalar barədə məlumatlar və s. əsasında aparılmışdır. Cəmiyyət tərəfindən 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 35825136,26 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 35772258,86 manat təşkil edərək hesabat ilini 52877,40 manat mənfəətlə başa vurduğu göstərilmiş və 10575,48 manat mənfəət vergisi hesablanmışdır. Aktda qeyd edildiyi kimi cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrdə təmir-tikinti işlərinin yerinə yetirilməsi, tikinti materiallarının topdansatışı, avtonəqliyyat vasitələri ilə yüklərin daşınması, hematit (sement istehsalı üçün qatışıq) hasilatı və digər xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərilmiş, lakin Vergi Məcəlləsinin 221.6-cı maddəsinə əsasən avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirlərin və xərclərin, həmçinin digər fəaliyyət növləri üzrə əldə etdiyi gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrı-ayrılıqda aparılmamışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2016-cı il ərzində avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətləri istisna olmaqla malların təqdim edilməsindən, digər işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 35324198,54 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsindən və digər fəaliyyət növləri üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrı-ayrılıqda aparılmadığı üçün mənfəət vergisinin Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 35324198,54 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2016-cı il üzrə müəyyən edilmiş 5887366,42 manat manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 1177473,28 manat mənfəət vergisi hesablanmış və nəticədə cəmiyyət tərəfindən 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1166897,80 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 44674770,35 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 48378939,88 manat təşkil edərək hesabat ilini 3704169,53 manat zərərlə başa vurduğu göstərilmişdir. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2017-ci il ərzində avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətləri istisna olmaqla malların təqdim edilməsindən, digər işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 33917867,19 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsindən və digər fəaliyyət növləri üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrı-ayrılıqda aparıİmadığı üçün mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 33917867,19 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə müəyyən edilmiş 5652977,86 manat manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 1130595,57 manat mənfəət vergisi hesablanmış və nəticədə cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1130595,57 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2016-cı il üzrə 1166897,80 manat və 2017-ci il üzrə 1130595,57 manat, yoxlama ilə əhatə olunan dövrdə ümumilikdə 2297493,37 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Bundan başqa səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2016-cı il ərzində 1786742,71 manat, 2017-ci il ərzində 1047882.96 manat və 2018-ci ilin ilk 3 ayı ərzində 198188,53 manat, cəmi 3032814,20 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2016-cı il ərzində 1114527,46 manat, 2017-ci il ərzində 2190148,62 manat və 2018-ci ilin ilk 3 ayı ərzində 438633,51 manat, cəmi 3743309,59 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı, nəticədə yoxlama ilə əhatə olunan dövrdə 710495,39 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Kənarlaşmaya səbəb aşağıdakılar olmuşdur:- Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 2016-cı ilin dekabr ayı üzrə 855834,02 manat az göstərilməsi nəticəsində büdcəyə çatacaq əlavə dəyər vergisinin 154050,12 manat azaldıldığı və əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 2017-ci ilin mart ayı üzrə 519173,02 manat və 2017-ci ilin iyul ayı üzrə 336661,00 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatacaq əlavə dəyər vergisinin 2017-ci ilin mart ayı üzrə 93451,14 manat və 2017-ci ilin iyul ayı üzrə 60598,98 manat artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr ərzində cəmiyyət tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə **********/11959401,69 manat (ƏDV-siz) dəyərində daşıma xidməti göstərilmişdir. Cəmiyyət tərəfindən yüklərin daşınması xidmətlərinin göstərilməsi üzrə Vergi Məcəlləsinin 221.4.1-ci maddəsinə əsasən həmin xidmətlərin göstərilməsi ilə bağlı alınmış yanacaq və avtomobil ehtiyyat hissələrinə görə əldə edilmiş elektron vergi hesab-fakturaları uzrə əvəzləşdirilmiş ƏDV məbləğlərinin daşınma xidmətlərinin ümumi dövriyyədəki xüsusi çəkisi qədər bərpa edilməsi nəticəsində əvəzləşdirilən dövriyyənin cəmi 825938,17 manat artıq göstərilməsi nəticəsində cəmi 148668,87 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin az hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisinin baza gömrük məlumatlarına əsasən idxala görə əvəzləşməyə verilmiş əlavə dəyər vergisi məbləği 2017-ci ilin aprel ayı üzrə 4790,04 manat, iyun ayı üzrə manat və iyul ayı üzrə 19,80 manat az göstərilmiş və nəticədə 2017-ci ilin aprel ayı üzrə 4790,04 manat, iyun ayı üzrə 3819,80 manat və iyul ayı üzrə 19,80 manat manat əvəzləşdirilmiş əlavə dəyər vergisi məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsi üzrə sadələşdirilmiş verginin ödəyicisi olmalı olduğu halda cəmiyyət tərəfindən həmin xidmətlərinin göstərilməsi üzrə sadələşdirilmiş vergi hesablanmamış, həmin xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi hesablanmaqla qarşı tərəfə (avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərini göstərmiş olduğu vergi ödəyicilərinə) həmin xidmətlərə görə elektron vergi hesab-fakturaları təqdim edilmişdir. Avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsi üzrə dövriyyələr yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində əks etdirilmiş və həmin xidmətlərinin göstərilməsi ilə bağlı alınmış xammal-materiallara (yanacaq, ehtiyyat hissələri və s.) görə əldə edilmiş elektron vergi hesab-fakturaları üzrə ödənilmiş əlavə dəyər vergisi məbləğləri ümumi qaydada əvəzləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsi üzrə hesablanmış əlavə dəyər vergisi məbləğlərinə azalma verilmiş və avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsindən və digər fəaliyyət növləri üzrə əldə edilmiş gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrı-ayrılıqda aparılmadığı üçün hər bir fəaliyyət növü üçün silinmiş xammal-materialları (yanacaq, ehtiyyat hissələri və s.) müəyyən etmək mümkün olmadığına görə həmin xidmətlərinin göstərilməsi ilə bağlı alınmış xammal-materiallara (yanacaq, ehtiyyat hissələri və s.) görə əldə edilmiş elektron vergi hesab-fakturaları üzrə ödənilmiş əlavə dəyər vergisi məbləğləri avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsi istisna olmaqla digər fəaliyyət növləri üzrə əldə edilmiş gəlirlərin ümumi dövriyyədə (avtonəqliyyat vasitələri ilə yüklərin daşınması xidmətlərinin göstərilməsi də daxil olmaqla) xüsusi çəkisini göstərən əmsala vurmaqla əvəzləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş ödəmə mənbəyində tutulan verginin bəyənnamələrinin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan verginin bəyənnamələrində “xxxx” MMC-yə 2017-ci ilin İ rübü ərzində 2000,00 manat, İİ rübü ərzində 19600,00 manat, İİİ rübü ərzində 52800,00 manat, İV rübü ərzində 52800,00 manat və 2008-ci ilin İ rübü ərzində 52800,00 manat, cəmi 180000,00 manat ödənilmiş icarə haqqının göstərilmədiyi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2016-cı il üçün təqdim edilmiş əmlak vergisinin bəyənnaməsinin düzgünlüyünü yoxlayarkən fərq müəyyən edilməmiş, 2017-ci il üçün təqdim edilmiş əmlak vergisinin bəyənnaməsində isə vergiyə cəlb olunan əmlakın dəyərinin az göstərilməsi nəticəsində 23,64 manat büdcəyə çatacaq əmlak vergisinin azaldıldığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisinin rəhbərliyi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə yüklərin daşınması üzrə xidmətlərin göstərilməsi ilə bağlı sənədlər, yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri barədə sənədlər, təhvil-təslim aktları və yüklərin daşınması ilə bağlı digər sənədlər yoxlamaya təqdim edilmədiyi və həmin sənədlərin digər vergi ödəyicilərindən əldə edilməsi mümkün olmadığı üçün səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan dövrdə avtomobil nəqliyyatı vasitələri ilə yüklərin daşınması üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi yükdaşıma ilə bağlı sənədləri vergi orqanına təqdim etməsə belə, elektron sistemdə olan məlumatlardan görünür ki, iddiaçı müxtəlif şəxslərlə yükdaşıma xidmətinə görə müqavilə bağlamış və pul ödənilmişdir. Qeyd olunanlardan da göründüyü kimi səyyar vergi yoxlaması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmiş və 21 yanvar 2020-ci il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.03.2020-ci il tarixli **********197892 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı2 MMC əlavə hesablanmış vergilər üzrə 1587021,62 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 1784678,53 manat olmaqla ümumilikdə 3371700,15 manat (üç milyon üç yüz yetmiş bir min yeddi yüz manat, on beş qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -14 saylı Ərazi Vergilər İdarəsinin “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 04.03.2020-ci il tarixli **********755700 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı2 MMC-nin vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 23.05.2018-ci il tarixli **********151416 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən 01.09.2015-ci il tarixdən 01.04.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı2 (“X9”) MMC-də vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində 21.01.2020-ci il tarixli **********171312 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında 03.03.2020-ci il tarixli **********197892 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin vergi orqanının 04.03.2020-ci il tarixli **********755700 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarına əsasən İddiaçı2 MMC-nin vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarları, eləcə də vergi orqanının rəhbərinin hərkətlərini mübahisələndirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 (“X9”) MMC-də səyyar vergi yoxlaması 23.05.2018-ci il tarixdə başlamış, bundan sonra səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçirilməsi üzrə konkret hərəkətlərin aparılması üçün yoxlama dövrü üzrə işçi sayı və əmək tutumunun, daşınar və daşınmaz əmlakın icarə haqqı məbləğinin və təqdim edilmiş əsas vəsaitlərinin dəyərinin bazar qiymətinə uyğunluğunu, mal-material və yanacağın silgi normaların müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin dəvət edilməsi zərurəti yarandığından vergi orqanının 13.07.2018-ci il tarixli qərarı ilə mütəxəssis dəvət edilmiş, bu səbəbdən də təyin edilmiş səyyar vergi yoxlaması 20.07.2018-ci il tarixdən 17.08.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır. Daha sonra vergi orqanının 17.08.2018-ci il tarixli qərarı ilə səyyar vergi yoxlaması 17.08.2018-ci il tarixdən 17.09.2018-ci il tarixədək, 19.09.2018-ci il tarixli qərarı ilə 19.09.2018-ci il tarixdən 17.10.2018-ci il tarixədək, 17.10.2018-ci il tarixli qərarı ilə 17.10.2018-ci il tarixdən 16.11.2018-ci il tarixədək, 16.11.2018-ci il tarixli qərarı ilə 16.11.2018-ci il tarixdən 17.12.2018-ci il tarixədək, 17.12.2018-ci il tarixli qərarı ilə 17.12.2018-ci il tarixdən 17.01.2019-cu il tarixədək, 17.01.2019-cu il tarixli qərarı ilə 17.01.2019-cu il tarixdən 15.02.2019-cu il tarixədək, 15.02.2019-cu il tarixli qərarı ilə 15.02.2019-cu il tarixdən 15.03.2019-cu il tarixədək, 15.03.2019-cu il tarixli qərarı ilə 15.03.2019-cu il tarixdən 12.04.2019-cu il tarixədək müddətə müvəqqəti dayandırılmış, dayandırılmasının səbəbi isə yoxlama üzrə mütəxəssis dəvəti olmuşdur, hansı ki, mütəxəssis 13.07.2018-ci il tarixli qərarla artıq dəvət edilmişdir. 21 yanvar 2020-ci il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının 1.9.5-ci bəndində qeyd olunmuşdur ki, mütəxəssisin ayrılması barədə 11.07.2018-ci il tarixdə məktub göndərilməsinə və mütəxəssisin ayrılmasına baxmayaraq rəy verilməsi təmin edilməmişdir. Göründüyü kimi 20.07.2018-ci il tarixdən 12.04.2019-cu il tarixədək 9 dəfə mütəxəssisin dəvət edilməsi əsası ilə yoxlamanın dayandırılması halı baş vermişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun:- -3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən 23.05.2018-ci il tarixdə imzalanmış sənədə əsasən İddiaçı2 MMC-də aparılmış vergi yoxlaması üzrə müvafiq qərarlar əsasında yoxlamanın dayandırılması müddətləri, eləcə də yoxlama müddətinin artırılması barədə məlumatlar qeyd olunsa da, 03.09.2019-cu il və 27.11.2019-cu il tarixli qərarlarla əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar vahid məlumat reyestrində qeyd edilməmişdir. Deməli vergi orqanı vahid məlumat reyestrində yoxlama ilə bağlı məlumatları tam formada yerləşdirməmişdir. Qeyd olunan hal öz-özlüyündə yoxlamanın qanunsuz aparıldığını və hüquqi nəticəsinin olmadığını deməyə əsas verir. Həmçinin qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması 23.05.2018-ci il tarixdə başlamış və ilk dəfə 20.07.2018-ci il tarixdə dayandırılmışdır, deməli qeyd olunan müddət aralığında, yəni 57 gün müddətində müəyyən yoxlama hərəkətləri həyata keçirilmiş, daha sonra mütəxəssis dəvəti ilə əlaqədar səyyar vergi yoxlaması 20.07.2018-ci il tarixdən 12.04.2019-cu il tarixədək müvəqqəti dayandırılmış, eləcə də, müvafiq sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün səyyar vergi yoxlamasının müddəti 10.04.2019-cu il tarixli qərarla 30 iş günü və 20.05.2019-cu il tarixli qərarla 30 iş günü artırılmış, bundan əlavə 03.09.2019-cu il və 27.11.2019-cu il tarixli qərarlarla əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qəbul edilmiş və 14.01.2020-ci il tarixdə yoxlama başa çatdırılmışdır. Deməli 23.05.2018-ci il tarixdən 20.07.2018-ci il taridək 57 gün, 10.04.2019-cu il tarixdən 14.01.2020-ci il tarixədək 274 gün olmaqla ümumilikdə 331 gün ərzində yoxlama aparılmışdır, halbuki qanunvericiliklə yoxlama aparılmasının maksimal müddəti 90 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 38.2-ci maddəsinin 2-ci hissəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan başqa 21.01.2020-ci il tarixli səyyar vergi yoxlamasına dair Aktın 6-cı və 10-cu səhifələrindəki qeydlərdən görünür ki, yoxlama ilə əhatə olunan dövr üzrə yüklərin daşınması üzrə xidmətlərin göstərilməsi ilə bağlı sənədlər müvafiq nəqliyyat vasitələri barədə sənədlər, təhvil-təslim aktları və yüklərin daşınması ilə bağlı digər sənədlər Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti vasitəsi ilə, habelə məhkəmə qaydasında (Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-2(083)-292/2019 nömrəli, 17.07.2019-cu il tarixli qətnaməsi) vergi ödəyicisindən tələb edilmiş, lakin əldə edilməsi mümkün olmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsində 2-2(083)-292/2019 nömrəli işə baxılarkən də qətnamənin məzmunundan görünür ki, vergi ödəyicisinin nümayəndəsi onların belə fəaliyyətlə məşğul olmadıqlarını və bu barədə sənədlərin olmadığını bildirmişdir. Həmçinin Aktın 11-ci səhifəsində qeyd edilmişdir ki, vergi ödəyicisi yüklərin daşınması xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparmalı olduğu halda göstərilən fəaliyyət növləri üzrə əldə etdiyi gəlirlərin və xərclərin uçotunu ayrı-ayrılıqda aparmamışdır. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Məcəllənin tələbinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydaları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun tələblərinə əsasən mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. 04.12.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cəmiyyətdə mühasibat uçotunu aparmaq ücün 2016-cı ildən hazırkı dövrə kimi İC mühasibat proqramından istifadə edilir və təsdiq etdilmiş uçot qaydalarına uyğun aparılır. Bu proqram- aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən cədvəllər əldə etməyi, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri əsasında sistemləşdirilmiş şəkildə toplanmasını təmin edir. Beləliklə yuxarıda qeyd edildiyi kimi Cəmiyyətdə mühasibat uçotunu aparmaq üçün 2016-cı ildən hazırki dövrə kimi 1C mühasibat proqramından istifadə edilməklə, təsdiq edilmiş uçot qaydalarına düzgün əməl edilir, ilkin uçot registrləri düzgün əks etdirilir, gəlirlər və xərclər sənədləşdirilmiş və vaxtında uçota alınmış, səyyar vergi yoxlaması zamanı vergi orqanının vəzifəli şəxslərini əraziyə buraxılmışdırsa bu zaman mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilməzdi. Eyni zamanda səyyar vergi yoxlamasına dair Aktın 21-ci səhifəsində vergi ödəyicisi tərəfindən “xxxx” MMC-yə 11959401,69 manat dəyərində daşıma xidməti göstərildiyi qeyd edilmiş, lakin vergi orqanı tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq vergi ödəyicisinə həmin məbləğin 11573060,51 manat hissəsi 18% dərəcə ilə ƏDV-yə cəlb olunan məbləğ kimi qiymətləndirilmişdir. Bundan əlavə vergi orqanı yalnız özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş iddiaçının yükdaşıma xidməti ilə məşğul olmasını göstərən cədvəl (işin İ cildinin 148- 153-cü səhifəsi) təqdim etmiş, lakin məhkəməyə həmin məlumatların əsasını və mənbəyini təşkil edən heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin iş üzrə verilmiş 04.12.2020-ci il tarixli ekspert rəyi ilə də (rəyin 7-8-ci səhifələri) iddiaçının yükdaşıma xidməti ilə məşğul olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 03.03.2020-ci il tarixli **********197892 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Tələbin “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 04.03.2020-ci il tarixli **********755700 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, sözügedən qərar 03.03.2020-ci il tarixli **********197892 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın icrası istiqamətində qəbul edilmiş qərardır və müstəqil iddia predmeti ola bilməz. Həmçinin tələbin “14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X3 hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi əmək fəaliyyətini öz adında həyata keçirmir və idarəni təmsil edir, eyni zamanda yoxlamada bilavasitə iştirak etmədiyindən hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.03.2020-ci il tarixli **********197892 nömrəli qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.03.2020-ci il tarixli **********197892 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-76/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-76/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver