Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-76/2022 12.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Üçüncü şəxslər X2, X5, X12 və üçüncü şəxslərin vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X13 və X16) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X9, X13 və X16) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən iş üzrə üçüncü şəxslərdən alqı-satqı ilə aldığı 0.08 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə üçüncü şəxslərə məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndindəki 0,68 ha torpaq sahəsinin 0,08 ha hissəsini 07 aprel 2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi Gəncə “Asan xidmət” Mərkəzinin Notariat Kontorunda bağlanmışdır. O, sənədlərini 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edib oradan torpaq sahəsinə dair çıxarış almaq istəmişdir. Ancaq oradan bildirilmişdir ki, guya torpaq sahəsinin ölçüsü ilə faktiki ölçülər arasında uyğunsuzluq vardır və torpaq sahəsi başqa şəxsin mülkiyyətinə məxsusdur. 3 saylı Gəncə Ərazi İdarəsi yuxarıda qeyd olunanları əsas gətirərək, imtina etmişdir. Ona görə də məhkəmə qaydası ilə cavabdehin üzərinə iş üzrə üçüncü şəxslərdən aldığı 0.08 ha torpaq sahəsinə dair adına çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. O, torpağı alqı-satqı ilə almışdır. Torpağı ona satan adamlarla torpağın sənədi vardır. Belə olan halda onun aldığı torpağın bələdiyyə mülkiyyətində olmasının iddia edilməsinin hüquqi əsası yoxdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı İddiaçı xx.xx.2016-cı il tarixli, 4Ə-917 reyestr nömrəli “Torpaq sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən, X11 və digər mülkiyyətçilərdən satın aldığı 0.08 ha torpaq sahəsinin ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluq olduğu, belə ki, faktiki istifadə etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olduğu müəyyən edilmişdir. Satın alınmış 0.08 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-442A saylı şəhadətnaməyə əsasən X6 və onun ailə üzvlərinin mülkiyyətində olmuş 0.68 ha torpaq sahəsinin tərkib hissəsidir. Satılmış torpaq sahəsi də “Torpağın mülkiyyətə verilməsinə dair” JN-442A saylı şəhadətnamə qeyd olunan cizgilər daxilində müəyyən edilməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X9, X13, X16 və üçüncü şəxslərin vəkili X7 məhkəmə iclasında ayrı-ayrılıqda bildirmişlər ki, həqiqətəndə iddiaçıya özlərinə məxsus torpaq sahəsinin 0,08 ha hissəsini satmışlar, lakin alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsinin bölgü planı tərtib edilməmişdir. Hazırda bölgü planının tərtib edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişlər, lakin torpaq sahəsinin bölgü planı ilə alıcı, yəni iddiaçı, razılaşmadığından bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Qeyd edilənləri əsas gətirib məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini xx.xx.2016-cı il tarixli torpaq sahəsinin alqısatqı müqaviləsinin surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********21 nömrəli bildirişinin surəti, xx.xx.2021-ci il tarixli, **********11 nömrəli, xx.xx.2022-ci il tarixli, **********12 nömrəli və xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubları, xx.xx.2016-cı il tarixli, 000069 nömrəli mədaxil orderinin surəti, xx.xx.2002-ci il tarixli, xx.xx.2016-cı il tarixli, 553 nömrəli arayışın surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubu, təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında satın aldığı 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin həmin torpaq sahəsinə dair hər hansı torpaqayırma plan və ölçü sənədi mövcud olmadığından və torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan cavabdeh orqan iddiaçının müraciətindən imtina etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahəsinə müayinə baxış keçirilən zaman torpaq sahəsinin 0.1028 ha olan bələdiyyə mülkiyyətinə 0.0524 ha olan hissəsi ilə bələdiyyə və JN-442A nömrəli şəhadətnamə ilə üst-üst düşür, torpaq sahəsi mübahisəlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, 23 nömrəli mütəxəssis rəyindən də görünür ki, mülki iş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair" JN-442A nömrəli şəhadətnaməyə əsasən 3-cü şəxslərin mülkiyyətində olmuş 0,68 ha torpaq sahəsinin tərkib hissəsi olan və İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli, 4Ə- 917 reyestr nömrəli “Torpaq sahəsinin alqı-satqı müqaviləsinə” əsasən alınmış 0,08 ha torpaq sahəsinə dair hər hansı torpaqayırma plan və ölçü sənədi mövcud olmadığından tərəfimizdən aparılan araşdırma zamanı ekspertiza baxışında, İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. İddiaçı naturada təqdim etdiyi 0,25 ha və 0,18 ha torpaq sahələri, aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məqsədləri üçün nəzərdə tutulmuş, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. xx.xx.2016-cı il tarixli, 4Ə-917 reyestr nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə” əsasən satın alınmış 0,08 ha torpaq sahəsinə dair yuxarıda qeyd edilmiş kimi hər hansı torpaqayırma plan və ölçü sənədi mülki iş materiallarında mövcud olmadığından həmin torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün deyildir. Alqı-satqı müqaviləsində satılan torpaq sahəsi 0,08 ha olduğu təqdirdə iddiaçının naturada təqdim etdiyi torpaq sahələri isə 0,25 ha və 0,18 ha təşkil edir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinə dair hər hansı torpaqayırma plan və ölçü sənədi mülki iş materiallannda mövcud olmadığından, iddiaçının faktiki olaraq naturada təqdim etdiyi torpaq sahələri ilə alqı-satqı müqaviləsində göstərilən 0,08 ha torpaq sahəsinin və ya onun hər hansı bir hissəsinin koordinatlarının eynilik təşkil edib-etmədiyini müəyyən etmək mümkün deyildir. İddiaçı naturada təqdim etdiyi 0,25 ha torpaq sahəsinin 0,17 ha hissəsi, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən JN- 442A nömrəli Şəhadətnaməyə əsasən X10 və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0,68 ha həyətyanı torpaq sahəsinin 0,17 ha hissəsi ilə üst-üstə düşür. İddiaçı naturada təqdim etdiyi 0,25 ha torpaq sahəsinin 0,08 ha hissəsi, erazinin kompleks yerquruluşu layihəsinə və adlı siyahıya istinadən JN-441A nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0,08 ha hissəsi ilə üst-üstə düşür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi iddiaçı ona verilmiş torpaq sahəsinin yerinin dəqiq müəyyən edilməsi məqsədilə plan və ölçü sənədini inzibati orqana təqdim etməmiş, faktiki olaraq göstərdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi qeydə alınmışdır. Həmçinin məhkəmə araşdirması zamanı iddiaçı və üçüncü şəxslərə torpaq sahəsinin bəlgü sxeminin hazırlanması üçün şərait yaradılmış, lakin iddiaçı, torpağin alıcısı razı olmamışdır. Beləliklə, hazırda mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, iddiaçıya verilmiş torpaq sahəsinin isə planölçü sənədi təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X13 və X16) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-76/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-76/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver