Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-76/2023 21.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1973-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti müddətinin pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanması və pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, 1973-1974, 1976-1992-ci illərdə Goranboy rayonu “B.Bağırov adına” kolxozda fəhlə və sürücü vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Gəncə şəhər 3 saylı Tikintiquraşdırma TRES-də işləməyi və xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Elvin” kiçik müəssisəsində (əvəzçilik ilə işləmək), xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci ilədək Gəncə Avtomotoservis və Ticarət İstehsalat birliyi "xxxx" Gəncə Müəssisəsində növbətçi işində işləməklə, iş illərinin sığorta stajına hesablanmaqla staj dövrünün nəzərə alınaraq ona pensiya təyin edilməlidir. Məhkəmənnin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1708/2022 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat, Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)- 236/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmış və iş üzrə icraatın dayandırılmasına əsas olan hal aradan qalxdığından xx.xx.2023-cü il tarixli, 2-1(114)- 76/2023 nömrəli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyib xx.xx.2023-cü il tarixli etiraza uyğun izahat verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletinin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrü və kolxozda 9 il (1973, 1976-1978, 1981- 1983-cü illər üzrə adam günü normasını tam yerinə yetirməklə 7 il, 1974, 1979, 1980, 1984-cü illər üzrə adam günü normasını natamam yerinə yetirməklə 2 il olmaqla) əmək fəaliyyəti dövrü üzrə 20 il 5 ay 27 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlər üzrə işdən çıxma zamanı səlahiyyətli şəxsin adı, soyadı qeyd edilmədiyindən və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünü təsdiq edən Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-236/2022 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2679/2022 nömrəli qərardadı ilə ləğv edildiyindən, həmçinin Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Gəncə “Avtomotoservis və ticarət müəssisəsinin arxivində heç bir sənəd saxlanılmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı müvafiq iş illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. - işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 2679/2022 nömrəli qərardadından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(045)-236/2022 nömrəli iddiaçının “Gəncə "xxxx" müəssisəsində 1 saylı pullu avtodayanacağında növbətçi işində işləməsi və 2 il 5 ay 20 gün iş stajının olması faktının müəyyən edilməsi” barədə qətnaməsi ləğv edilmişdir. - işə əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 35 saylı əmrlə Gəncə "xxxx" müəssisəsində 1 saylı pullu avtodayanacağında növbətçi işinə qəbul olunmuş və xx.xx.2000-ci il tarixli, 09 saylı əmri ilə öz xahişi ilə işdən azad olunmuşdur. - işə əlavə edilmiş ЗТ-İ ******* nörməli, xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-103520/2023 nömrəli məktubundan görünür ki, iddiaçının iş stajının qanunvericiliklə nəzərdə tutulmuş müddətdən az olduğundan müraciətinin təmin edilməsindən imtina edilmişdir. - işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gəncə "xxxx" müəssisəsinin arxivində heç bir sənəd saxlanılmadığından iddiaçının işə qəbul etmə, işdən çıxma əmrlərini, həmçinin əmək haqqı hesablanıb-hesablanmamasını yerində yoxlamaq mümkün olmamışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 2 əsas şərt tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdır. Mübahisə edilən məsələ iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajına malik olmaması ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən iş stajı 20 il 5 ay təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərini sosial sığorta stajına daxil etməkdən imtina etmiş və xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək olan dövrlər üzrə imtinasını əmək kitabçasında işdən çıxma zamanı səlahiyyətli şəxsin adı, soyadı qeyd edilməməsi, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünü isə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-236/2022 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2679/2022 nömrəli qərardadı ilə ləğv edilməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək olan dövrlər üzrə imtinası ilə bağlı qeyd edir ki, əmək kitabçasında işdən çıxma zamanı səlahiyyətli şəxsin adı, soyadı qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Odur ki, həmin illər iddiaçının sığorta stajına daxil edilməlidir. Bundan əlavə məhkəmə xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə imtinası ilə bağlı qeyd edir ki, iddiaçının həmin dövr üzrə Gəncə "xxxx" müəssisəsində işləməsi ilə bağlı əmək kitabçasında müvafiq qeyd olmamaqla yanaşı, bu barədə hər hansı arxiv məlumatı da mövcud deyil. Məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən arayışda iddiaçının xx.xx.1997ci il tarixindən xx.xx.2000-ci il tarixədək Gəncə "xxxx" müəssisəsində işləməsi qeyd edilsə də, həmin müəssisənin və cavabdehin mütəxəssisi tərəfindən tərtib edilmiş aktda Gəncə "xxxx" müəssisəsinin arxivində heç bir sənəd saxlanılmamasının bununla da iddiaçının işə qəbul etmə, işdən çıxma əmrlərinin, həmçinin əmək haqqı hesablanıb-hesablanmamasının yoxlanmasının mümkün olmaması qeyd edilmişdir. Bu isə özlüyündə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışın mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə ümumilikdə 22 il 11 ay 28 gün sosial sığorta stajı toplanmış olur. Beləliklə, iddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı toplamadığı üçün belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-76/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-76/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver