Məhkəmə qərarları › İş №2-1(114)-760/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-760/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-760/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona İİ dərəcə əlilliyə görə ödənilməmiş 10 ay 10 günlük məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, həmin vaxtdan o, əlilliyin təkrar təyin olunması üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin sənədlərini bir neçə ay gecikdirərək əlilliyin təyin olunması mərkəzinə göndərmişlər. Bu cür münasibət tək ona qarşı edilmir, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzində yüzlərlə, bəlkə də daha çox sənədlər yığılıb qalmışdır. Hamıya da onlayn sistemin işləməməsi barədə cavab verilmişdir. Birinci dəfə ona əsassız olaraq imtina cavabı verilmiş, ikinci dəfə yenidən sənədləri toplayaraq müraciət etmişdir. Eyni zamanda Bakı şəhərində əlilliyin təsdiq olunması mərkəzində olmuşdur. Xəstəliyi keçirdiyi haqqında videogörüntüləri təqdim etmişdir. Onun sənədlərini yenə də yerli Tibbİ-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir neçə ay onlayn sistemin “işləməməsi” bəhanəsi ilə gecikdirmişlər. Nəhayət xx.xx.2021-ci il tarixdən İİ dərəcə olmaqla əlilliyi bərpa olunmuş, əlilliyə görə pensiyanın ödənişi də həmin tarixdən ödənilmişdir. Yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün pensiyası ödənilməmişdir. Cavabdehin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X4-Daşkəsən filialı və Gəncə şəhər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxslərinin günahı üzündən ona verilməyən 10 ay 10 günlük İİ dərəcə əlilliyə görə pensiyasının ödənilməsi üçün qərar çıxarılmasını xahiş edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-760/2023 saylı qərardadı ilə Gəncə şəhər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 yanvar 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, vətəndaşın əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və xx.xx.2021-ci il tarixdə bərpa edilmişdir. İddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox, yəni 10 ay müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZE seriyalı ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; -surəti işə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, sonuncu müayinəyə dair məlumat; -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumat; -surəti işə əlavə edilmiş 0345574/283 nömrəli çıxarış epikrizi; -surəti işə əlavə edilmiş DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu; Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əliliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya xıstıliyi ambulator avtomatizm tutmaları (ayda 6-7 dəfə). Yaddaş funksiyasının kobud pozulması. Dəqiqləşdirilməmiş ensefalopatiya, İİ mərhələ, koqnitiv pozulmalarla. Digər amneziyalar, Yaddaş funsiyasının kobud pozulması. Digər neqativ pozğunluqlar, Asteno nevrotik hal” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumatdan görünür ki, “G40 Epilepsiya, xəstəliyi tez-tez baş verən qıc olma tutmaları ilə (ayda 6-7 dəfə). Yaddaş funksiyasının kobud pozulması. Ağırlaşma R41.3 Digər amneziyalar, Yaddaş funksiyasının kobud pozulması” diaqnozu ilə iddiaçıya əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məlumatlardan görünür ki, bütün müayinələrin nəticəsində iddiaçıya eyni diaqnoz qoyulmuşdur və həmin diaqnozlar Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə müəyyən edilmiş meyarlara əsasən əlilliyin təyinatına əsas verirdi. Buna baxmayaraq, komissiya əlavə müalicəyə ehtiyac olması əsası ilə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumatda qeyd olunan diaqnozla xx.xx.2021-ci il tarixdə əlillik təyinatına əsas olmuş diaqnoz eynilik təşkil edir. Bu hal o qənaətə gəlməyə əsas verir ki, komissiya qəsdən və səhlənkarlıq edərək iddiaçının əlillik təynatını ləngitmiş və 6 aylıq müddətin ötürülməsinə zəmin yaratmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də növbəti əlillik təyinat zamanı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəkli fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq dəyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Qeyd olunan hal iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Agentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar