Məhkəmə qərarları › İş №2-1(114)-761/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-761/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-761/2025 18.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxslər X18 və Bərdə rayonu Bərdə bələdiyyəsi) qarşı “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Bərdə bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli, 83 saylı protokolundan çıxarışa əsasən sahibkarlıq fəaliyyəti məqsədilə 1100 kv.m torpaq sahəsi X2 qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2006-ci il tarixdə DT və XKnin Bərdə rayon torpaq şöbəsində 94 nömrə ilə qeydiyyata alınmışdır. X6 tərəfindən torpaq satışı ilə bağlı Bərdə bələdiyyəsinin hesabına 600 manat məbləğində ödəniş edilmişdir. Bərdə bələdiyyəsi tərəfindən verilmiş rəyə əsasən X6 ərizə ilə Bərdə Bələdiyyəsinə müraciət edərək şəhərin Nizami küçəsi illə Koroğlu küçəsinin kəsişməsinin cənubiqərbində 1100 kvm ölçüdə torpaq sahəsindən uzun müddətdir istifadə etdiyini bildirərək, həmin torpaq sahəsinin ona satılmasını xahiş etmiş, göstərilən ərazi şəhərin Nizami küçəsi ilə Koroğlu küçəsinin kəsişməsinin cənubi-qərbində çəkilmiş sxemdə göstərilən ərazidir və cəmi 1100 kvm təşkil edir. İddiaçı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1910/2024 nömrəli imtina məktubundan görünür ki, mərhum X4 məxsus olmuş qeyri-yaşayış binasına dair təqdim etdiyi istismara qəbul aktında istismara qəbul edilmiş obyektin sahə ölçüləri barədə məlumat göstərilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binasının inşa olunduğu torpaq sahəsinin mərhum anası X4 və X16 ayrılması barədə eyni vaxtda Bərdə rayon Bərdə Bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli 83 saylı qərarı qəbul edilmişdir. Yəni eyni torpaq sahəsi Bərdə rayon Bərdə Bələdiyyəsinin eyni tarixli, eyni nömrəli qərarı ilə başqa-başqa şəxslərə satılmış, eyni zamanda torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlər tərtib olunmuşdur. Sözügedən torpaq sahəsi üzərində X19 ilə aralarında mübahisənin olduğu da məlum olmuşdur. Yuxarıda qeyd olunan səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhər bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli 83 saylı qərarı ilə 1100 kv.m-ə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtinanın əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. TEKUİS məlumat bazasına əsasən X11 iddia etdiyi torpaq sahəsinin kateqoriyasıyaşayış məntəqələrinin torpaqları, uqodiyası-tıkınti altında olan torpaqlar olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.

2. Həmin torpaq sahəsi üzərində 1143 kv m ölçüdə qeyri yaşayış obyekti mövcuddur Elektron məlumat bazasına əsasən həmin torpaq sadəsi və ya qeyri yaşayış tikilisi X13 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır.

3. Torpaq sahəsi üzərində mühəndis kommunikasiya xətləri mövcud olmadığından, qaz kəmərinin mühafizə zolağına elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye nəqliyyat rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.

4. Mübahisəli torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən hüquqları qeydiyyata alınmış hər hansı digər şəxslərə məxsus torpaq sahəsilə üst-üstə düşmür Bildirilir ki, mübahisəli torpaq sahəsi ilə bağlı X8 və X14 ayrılması barədə eyni vaxtda Bərdə rayon Bərdə bələdiyyəsinin 25 sentyabr 2006-cı ıl tarixli 83 saylı qərarı qəbul edilmişdir. Yəni eyni torpaq sahəsi Bərdə rayon Bərdə bələdiyyəsinin eyni tarixli eyni nömrəli qərarı ilə başqa-başqa şəxslərə satılmış, eyni zamanda torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlər tərtib olunmuşdur.

5. X11 iddia etdiyi torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır.

6. Məhkəmə məktubuna əlavə edilmiş Bərdə bələdiyyəsi tərəfindən təsdiqlənmiş sxematik plana və Bərdə şəhər bələdiyyəsinin 25 sentyabr 2006-cı ıl tarixli 83 sayl qərarı ilə X9ma satılmış 1100 kv.m torpaq sahəsinin elektron məlumat bazasında satıldığı zaman hansı kateqoriyaya aid olması barədə məlumat olmadığından, yalnız TEKUİS məlumat bazasına əsasən yazılmışdır yən həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlar kateqoriyalı torpaq sahəsidir.

7. Torpaq sahəsinə dair rəy Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı xx.xx.2024-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bərdə bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli qərarı ilə satılmış 1100 kv ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs anası X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş,digərləri məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Bərdə rayonu Bərdə bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli, 83 saylı qərarı ilə bələdiyyə torpağından 1100 kv.m torpaq sahəsi X1 fəaliyyəti məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə Bərdə bələdiyyəsinin 25 sentyabr 2006cı il tarixli qərarı ilə satılmış 1100 kv ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs anası X5 məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin X4 və X16 ayrılması barədə eyni vaxtda Bərdə rayon Bərdə Bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli 83 saylı qərarı qəbul edildiyindən, yəni eyni torpaq sahəsi Bərdə rayon Bərdə Bələdiyyəsinin eyni tarixli, eyni nömrəli qərarı ilə başqa-başqa şəxslərə satılmış, eyni zamanda torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlər tərtib olunmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin sorğuya cavab məktubu əsasında X3 adına **********2000015 nömrəli “Torpaq sahəsinin Kadastr planı”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuş və həmin sənədlər əsasında iddia edilən torpaq sahəsinin X4 ayrılması təsdiq olunmuşdur.Həmçinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, aparılan araşdırma zamanı **********2000015 nömrəli “Torpaq sahəsinin Kadastr planı”nın X12 adına tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Bərdə bələdiyyəsinin 25 sentyabr 2006-cı il tarixli qərarı ilə satılmış 1100 kv.m ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar