Məhkəmə qərarları › İş №2-1(114)-767/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-767/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-767/2022 05.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 24.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23.03.1992-ci il tarixdə Bərdə rayon hərbi komissarlığından həqqi hərbi xidmətə çağırılmış, 22.04.N-cü il tarixinədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu müddət ərzində əvvəlcə N saylı hərbi hissənin, sonra N saylı hərbi hissənin, daha sonra isə N saylı hərbi hissənin tərkibində Tərtər rayonun Marquşavan, Ağdərə, Kasabet kəndi, Sərsəng su anbarı, Ağdərə rayonun Çıldıran uğrunda gedən döyüşlərdə iştirak etmiş, bundan əlavə, N saylı hərbi hissənin tərkibində 11.02.1993-cü il tarixdə Ağdərə rayonu Arqument kəndi uğrunda gedən döyüşlərdə sol əlindən güllə yarası almış, bir ay müalicə olunduqdan sonra N saylı hərbi hissəyə qayıtmış, N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu Suqovuşan istiqamətində Akopkomari kəndində döyüşlər zamanı 16.01.N-cü ildə başından qəlpə yarası almış, ilk əvvəl hərbi hissənin tibb məntəqəsində, N.01.N-cü il tarixdən 22.02.N-cü il tarixə kimi isə Bakı şəhərində Papanin xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılıb, ev şəraitində müalicəsini davam etdirmişdir. İddiaçı hal-hazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də,sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona əlillik təyin edilməyib. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 17.03.2022-ci il tarixli, 11/939 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 26.06.1993-cü il tarixli, 085 nömrəli və 15.07.1993cü il tarixli 096 nömrəli əmrində əmrində qaçmış hesab edilmiş şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd edilmiş, bundan başqa N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1993-cü il, yanvar-fevral N-cü il tarixli nizami hissə üzrə əmrində isə onun xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin 24.03.1992-ci il tarixli 86 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmasına baxmayaraq, sonuncunun şəxsi heyətin siyahısından çıxarılması, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair heç bir məlumat yoxdur. Bu səbəbdən də ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi istisna edilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 08.06.2017-ci il tarixli 9/2-11202 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı stasionar müayinə və müalicəyə göndərilməsi, şəxsi heyətin əlifba qeydiyyatı kitabında şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. -surəti işə əlavə olunmuş Xəstənin ambulator, stansionar tibbi kartasından 1296/103 nömrəli çıxarışdan görünür ki, İddiaçı 11.02.1993-cü il tarixdən 30.03.1993-cü il tarixədək müalicə almış və ona “sol əlin 2-ci barmağının kor qəlpə yarası, 2-ci barmağın sınığı” diaqnozu qoyulmuşdur. -surəti işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 21.11.2016-cı il tarixli 6037 nömrəli arayışından görünür ki, İddiaçı N.01.N-cü il tarixdən 22.02.N-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi klinik əlamətlərin cuzi dəyişməsi diaqnozu ilə müayinə və müalicədə olmuşdur. -surəti işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 15.03.2019-cu il tarixli 224 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında xidmət keçərkən 16.01.N-cü il tarixdə aldığı və N.01.N-cü il tarixdən 22.02.N-cü il tarixədək müayinə və müalicə olunduğu travma hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin 24.12.2021-ci il tarixli 4/3- 2378 nömrəli məktubundan görünür ki, İddiaçı 22.04.N-cü il tarixdən (müalicədən) sonra hərbi xidməti tam təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçıhəmin Məcəllənin 34-cü maddəsinəəsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin 24.03.1992-ci il tarixli 86 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmasına baxmayaraq, sonuncunun şəxsi heyətin siyahısından çıxarılması, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair heç bir əsas və məlumat yoxdur. Qeyd edilməlidir ki, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi iddiaçının sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, N nömrəli hərbi hissə komandirinin 26.06.1993-cü il tarixli 085 nömrəli və 15.07.1993-cü il tarixli 096 nömrəli əmrində əmrində qaçmış hesab edilmiş şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd edilmiş, həmçinin Mərkəzi Hərbi Həkim Komissiyasının 15.03.2019-cu il tarixli 224 nömrəli qərarında Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli qərarının 1.1 və 1.6-cı maddələrinin tətbiq edilməklə onun barəsində cinayət işinin başlanmasının rədd edildiyi göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmaması, eləcə də barəsində amnistiya qərarının tətbiq olunması ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar