Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-77/2023 15.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair üçüncü şəxs X1 adına verilmiş xx.xx.20211-ci il tarixli, **********73 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə iddiaçının mərhum əri X14 şəhəri ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Şəhadətnamə 13776 nömrə ilə kitabda qeyd edilmişdir və torpaq sahəsinə dair JN-694A, KOD 50801004 saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə 693 A saylı torpaq sahəsi Təyyar Musayevə, 695 A saylı torpaq sahəsi X4 verilmişdir. Nazim Bayramov xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra iddiaçı ərinə ayrılmış torpaq sahəsini sənədləşdirmək istəsə də şəhadətnamədə Nazimin ata adı qeyd edilmədiyi üçün məcbur olub Göygöl Rayon Məhkəməsində “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi ilə iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(066)-908/2020 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, JN-694A KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də Bayramov Nazim olan hissəsinin X8 məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra iddiaçı mərhum ərinin adına çıxarış alınması üçün cavabdeh inzibati orqana müraciət edən zaman aydın olmuşdur ki, həmin torpaq sahəsinə dair başqa adamın adına çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-1116/2021 saylı qərardadını aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, mərhum ərimə məxsus torpaq sahəsinə dair X1 adına xx.xx.2011-ci il tarixli, **********73 reyestr nömrəli çıxarış verilmişdir. Üçüncü şəxsin adına verilmiş çıxarış tam qanunsuz və əsassızdır. Belə ki, üçüncü şəxsin torpaq sahəsi mərhum ərinə ayrılmış torpaq sahəsinin qonşuluğundadır və cavabdeh inzibati orqan qeyd edilən çıxarışı mərhum ərinə aid torpaq sahəsinə verməkdə haqlı olmamışdır. Çünki hər bir torpaq sahəsinin koordinatı vardır. Ayrılan torpaq sahəsinə ünvan verildikdən sonra mərhum N.Bayramova ayrılmış torpaq sahəsinin ünvanı A.Şaiq küçəsi 42 olmuşdur. Üçüncü şəxs aid torpaq sahəsinin ünvanı isə A.Şaiq küçəsi 44-dür. Göründüyü kimi cavabdeh inzibati orqanın səhvi ucbatından iddiaçı mərhum ərinə ayrılmış torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Odur ki, X1 adına verilmiş **********73 nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edilir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ““Torpağın mülkiyyətə verilməsinə” dair JN-694A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. Həmçinin, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş X10 məxsus "Torpağın mülkiyyətə verilməsinə dair" JN-694A saylı şəhadətnamədə qeyd olunan 0,06 ha torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən X8 məxsus torpaq sahəsi ilə X2 məxsus xx.xx.2011-ci il tarixli, **********73 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən torpaq sahəsinə dair verilmiş çıxarış üstüstə düşür. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********82 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Vİ-ЖГ 274126 nömrəli, xx.xx.1992-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. -surəti işə əlavə edilmiş JN-694A Kod 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi Nazim Bayramovun mülkiyyətinə verilmişdir. -AZ-İ 525238 nömrəli, xx.xx.2012-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)- 908/2020 saylı qətnaməsindən görünür ki, JN-694A Kod 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə “Bayramov Nazim” olan hissəsinin “X8” məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş JN-695A Kod 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli Müqavilədən görünür ki, X7 JN-695A Kod 50801004 nömrəli Şəhadətnaməyə əsasən ona məxsus Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsini X2 bağışlamışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla müəyyən edilmiş torpaq sahəsinin koordinatları JN-694A "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli iddiaya qarşı etirazının məzmunundan görünür ki, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə müraciət olunan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən X8 Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi verilmiş, bununla bağlı JN-694A Kod 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunmuşdur. Nazim Bayramov vəfat etdiyindən iddiaçı mərhum ərinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasına səbəb isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 694A saylı şəhadətnamədə qeyd olunan 0,06 ha torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-694A saylı şəhadətnamədə qeyd olunan 0,06 ha torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən X2 məxsus xx.xx.2011-ci il tarixli, **********73 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən torpaq sahəsinə dair verilmiş çıxarışla üst-üstə düşməsi səbəbindən iddiaçının müvafiq müraciətindən imtina etsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ********** nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla müəyyən edilmiş torpaq sahəsinin koordinatları JN-694A "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Göründüyü kimi, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-694A saylı şəhadətnamədə qeyd olunan 0,06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-694A saylı şəhadətnamədə qeyd olunan 0,06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-77/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-77/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver