Məhkəmə qərarları › İş №2-1(114)-771/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-771/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-771/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundan sonra ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsi) qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 179 nömrəli arxiv arayışında qeyd edilən Bərdə rayon H.Aslanov adına kolxozda 1968-1998-ci illər üzrə əmək stajının sosial sığorta stajına daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək günü normaları nəzərə alınmaqla cəmi 24 il 2 ay sosial sığorta stajı yaranır, 1968-1969-cu illərdə iddiaçının 13-14 yaşı olmuşdur, həmin dövrlər şöbə tərəfindən nəzərə alınmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1968-1998-ci illər də Bərdə rayon H.Aslanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. İş üzrə təqdim edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 179 nömrəli məktubundan görünür ki, iddiaçı 1968-1973 və 1975-1998-ci illərdə müvafiq əmək günü normasında işləmişdir. Həmçinin iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, arxiv arayışında iddiaçının əmək fəaliyyəti 1968-1973 və 1975-1998-ci illər qeyd olunsa da, 1968-1969-cu illərdə onun müvafiq olaraq 13-14 yaşı olmuşdur. Bu isə əmək fəaliyyəti ilə məşğul olmanın minimum həddindən aşağıdır və iddiaçının həmin illərdə işləməsi sosial sığorta stajına hesablana bilməz. Bundan başqa istinad olunan arxiv arayışında iddiaçının işlədiyi 1970-1973 və 1975- 1998-ci illər üzrə əmək günü norması nəzərə alındıqda isə onun cəmi 24 il 2 ay sosial sığorta stajı yaranmış olur. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə iddiaçının qeyd edilən iş illəri sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar