Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-771/2025 12.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Goranboy rayonu Safıkürd Bələdiyyəsinə) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Safıkürd kəndində yerləşən Goranboy-Aşağı Ağcakənd avtomobil yolununun sağ tərəfində, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Safıkürd Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 200 kv.m sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina məktubu ilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2743/2024 nömrəli qərardadı ilə iş üzrə Goranboy rayonu Safıkürd Bələdiyyəsini üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında Goranboy rayonu Safıkürd Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X3 tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasına Goranboy rayonu Safıkürd Bələdiyyəsinin nümayəndəsi gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-1274/2024 nömrəli imtina məktubu; - Goranboy rayonu Safıkürd Bələdiyyəsinin hesabına İddiaçı tərəfindən 13 dekabr 2006-cı il tarixdə ödəniş edilməsinə dair qəbzin surəti; - 10 noyabr 2006-cı il tarixli 12 nömrəli Torpaqların alqı-satqısına dair akt; - Azərbaycan Respublikası Goranboy rayonu Safıkürd kəndinin sakini İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin sxematik planından çıxarış və xx.xx.2006-cı il tarixli yerin seçilmə aktı; - Azərbaycan Respublikası Goranboy rayonu Safıkürd Bələdiyyə iclasının 14 dekabr 2006-cı il tarixli 12 nömrəli Qərarı; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin rəyi ; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, məktuba əlavə edilmiş mütəxəssis rəyi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, etiraz ərizəsi; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Goranboy rayonu Safıkürd Bələdiyyə iclasının 14 dekabr 2006-cı il tarixli 12 nömrəli qərarı ilə ayrılmış 200 kv.m torpaq sahəsinə dair 14 dekabr 2006-cı il tarixdə torpaqların alqı-satqısı müqaviləsi bağlanmışdır. Çıxarışın verilməsi üçün -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən 14 dekabr 2006-cı il tarixli, 12 nömrəli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Muradov X2 rayonu Safıkürd Bələdiyyəsinə torpaq sahəsi almaq üçün müraciət etmiş və Goranboy rayonu Safıkürd Bələdiyyə ərazisindən 200 kv.m torpaq sahəsinin satılması barədə 14 dekabr 2006-cı il tarixli 12 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Goranboy rayonu Safıkürd Bələdiyyəsinə məxsus hesabına 120 manat haqq ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi Goranboy rayonu Safıkürd kəndində yerləşən 200 kv.m torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini təqdim edilən torpaq alqı-satqısına dair aktda fiziki şəxsin adında qaralama olması kimi əsaslandırmışdır. Məhkəmə araşdırması nəticəsində məhkəməyə təqdim edilmiş torpaq alqı-satqısına dair aktda baxış keçirilmiş, lakin fiziki şəxsin adında, soyadında və ata adında, ümumiyyətlə qeyd edilən sənəddə hər-hansı bir qaralamanın olmadığı müəyyən edilmişdir. Bundan sonra, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2743/2024 nömrəli qərardad qəbul edərək inzibati iş üzrə mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə etmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Goranboy rayonu Safıkürd kəndində yerləşən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 200 kv.m torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, kateqoriyası-yaşayış məntəqələri torpaqlarına aid, şərti yararsız torpaq sahəsidir, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülkii Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi üzrə satılma barədə qərar, torpaq sahəsinin müvafiq sahəseçmə aktı, DT və XK-nin Tərtər rayon şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı təqdim olunmuşdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən alqı-satqı aktında fiziki şəxsin adında qaralamanın olması olması ilə imtina əsassız olmuşdur. Belə ki, araşdırma nəticəsində cavabdeh orqan tərəfindən qeyd edilmiş qaralamanın sənəddə mövcud olması aşkar edilməmiş bu hala isə cavabdeh tərəfin hər hansı müddəası bildirilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən sənədlər mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas vermişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Goranboy rayonu Safıkürd Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı və 14 dekabr 2006-cı il tarixli, 12 nömrəli alqı-satqı aktı əsasında İddiaçı satılmış Goranboy rayonunun Safıkürd kəndində yerləşən 200 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Goranboy rayonunun Safıkürd kəndində yerləşən 200 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Goranboy rayonu Safıkürd Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış Goranboy rayonunu Safıkürd kəndində yerləşən 200 kv.m torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-771/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-771/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver