Məhkəmə qərarları › İş №2-1(114)-773/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-773/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-773/2022 04.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi idarəsinə (üçüncü şəxslər X11, X12, X13, X14, X19, X10, X5) qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reystrində 252 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğvi və yenidən üçüncü şəxslər X11, X12, X13, X14, X19, X10, X5 mülkiyyətində olan pay torpaq sahəsinin 120626.73 ha hissəsi üzrə ona çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 11 saylı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər X11, X12, X13, X14, X19, X10 və X5 mülkiyyətində olan pay torpaq sahəsinin 120626.73 ha hissəsi 26 aprel 2007-ci il tarixində mərhum atası X1. X6 və digərlərinin mülkiyyətində olan pay torpaq sahəsinin 120626.73 ha hissəsi satılmasına baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 11 saylı ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reystrində 252 nömrəli reystr kitabının 48 nömrəli vərəqində qeydiyyata almaqla çıxarış verilmişdir. İddiaçının müvafiq ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 və qeyrilərinin adına Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 14,0618 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi barədə iddia icraata qəbul edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Dövlət aktında qeyd edilmiş 17,8934 ha sahənin 14,6 ha hissəsi ilə 3,83 ha hissəsinin arasından yol keçir, 3,83 ha hissə başqa adama satılmış, 14,6 ha hissədən isə 12,06 hissəsini atası almışdır. Ona görə də alqı-satqı müqaviləsində sahənin həcmi 14,6 ha kimi göstərilmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********46 nömrəli etiraz ərizəsində bildirilmişdir ki, 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, X6 və ailə üzvlərinin adına Şəmkir rayon 1 nömrəli DNK-nun xx.xx.2003-cü il tarixli, 4Ə-04-366 nömrəli alqı-satqı müqaviləsi ilə 17.8934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-196 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinin 38302.00 kv.m hissəsi 26 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Şiştəpə kənd sakini X18 adına özgəninkiləşdirilmiş, torpaq sahəsinin qalan 14.0618 ha hissəsinə isə xx.xx.2020-ci il tarixli, **********50 reyestr nömrəli çıxarış verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. - xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində 14.0618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X12, X13, X14, X19, X10 və X5 1/7 paylarla ümumi mülkiyyət hüququ qeydiyyata alınmışdır. -JN-0196 KOD 50800088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon 2 nömrəli Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə-04-366 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 17.8934 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən sahəsi 140626.73 kv.m-dən ibarət torpaq sahəsinin 120626.73 kv.m sahəsi X2. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin satılmasına baxmayaraq, torpaq sahəsi tam şəkildə Dövlət Aktında adları olan şəxslərin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (xüsusilə xx.xx.2010-cu il tarixli) ifadə etdiyi hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Beləliklə hazırki mübahisə ilə bağlı qeyd olunmalıdır ki, mərhum X20 xx.xx.2007-ci il tarixli alqı-satqı müqavilənə əsasən aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa da, həmin torpaq sahəsini qanunvericiliyə müvafiq olaraq əldə etdiyinə görə mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN- 0196 Dövlət aktında qeyd olunmuş 140626.73 kv.m-dən ibarət torpaq sahəsinin 120626.73 kv.m hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X6, X7, X8, X9, X16, X4 və X5 adına aparılmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydiyyat qanunsuz olduğundan həmin qeydin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 14,0618 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar