Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-773/2024 16.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11926/2023 saylı qərardadı əsasında iddiaçının iddiası üzrə inzibati iş üzrə baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olmuşdur. 1986-cı il tarixdə Tovuz rayonu Hərbi Komissarlıq tərəfindən X10 həqiqi hərbi xiddmətə çağrılmış, 1988-ci il tarixdə SSR-i ordusundan tərxis olmuşdur. xx.xx.1993-cü il tarixdən 1999-cu il tarixədək Azərbaycan Ordusu sıralarında xidmət keçmişəm. N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağ döyüş bölgəsində iştrak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2003-cü il tarixli, 288 saylı qərarına əsasən, ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvü, nevroloyi nişanələr və davamlı asteno-nevrotik təzahürlərlə müşaiyət olunan, kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən, serebral araxnoititlər nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnoz verilmişdir. ”Hərbi Travmadır Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır”. Ona 2004-cü il və 2008-ci il tarixləri arasında İİİ-cü qrup əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2008-ci il tarixdən (Keçirilmiş qapalı Kəllə-Beyin Travmasının mikro ocaqlı üzvü, asteno-nevrotik vəziyyət, serebral aroxnoldit, kəllə daxili hipertenziya.MSS funksiya pozğunluğu, cəngolma tutmaları ilə.Xroniki bronxit tez-tez, kəskinləşmələrlə.Obiterasiya edici trombonboid. Hər iki aşağı ərtafın baldır arteriyasının stenozu diaqnozu qoyulmuşdur. Aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlilliyin müəyyən olunması meyarı İİ dərəcə sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranının pozğunluğları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları qeyd olunmuşdur. Bundan sonra o, xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əlliik müddəti müəyyən olunmuşdur. Təkrar xx.xx.2016-cı il tarixdən əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən nə təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Lakin aşağıdakı hallara əsasən hesab edirəm ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 dekabr 2024-cü il tarixinə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə etiraz ərizəsi göndərilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, T 206/2024 nömrəli ekspert rəyi və xx.xx.2024-cü il tarixli, T 506/2024 nömrəli ekspert rəyi; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2003-cü il tarixli, 288 nömrəli qərarı; -iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələri ; -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etiraz və əlavə edilmiş sənədlər; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli qərarı; - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-103520/2023 saylı arayışı; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023cü il tarixli 3-17-4/3-3-3791/2023 saylı qərarın surəti; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi və hərbi bilet; Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-103520/2023 saylı arayışından müəyyən olunur ki, İddiaçı oluna Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup müharibə əlili kimi aylıq təqaüd ödənilmişdir. Həmçinin araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli göndərişi əsasında(əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin üzvi xəstələyi(hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depresiv daxilolmalar, yaddaş və intelektin enməsi) iddiaçı xx.xx.2023-cü il tarixdə müayinədən kecmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3791/2023 saylı qərarı ilə diaqnoz əlillik əlamətləri təyin etmir qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X00167098CKS nömrəli göndərişlə müəyyən olunur ki, iddiaçı X6 xx.xx.2024-cü il tarixli müayinə nəticəsində "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" diaqnozu təyin edilmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya xx.xx.2024-cü il tarixli müayinə nəticəsində təyin edilmiş diaqnoz (F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu) müayinə nəticəsində söz ifadəsi olaraq xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın müvafiq kodu və X1 qeyd olunan kod baxımından eyni olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, sözügedən diaqnoz (XBT kodu ilə birlikdə) xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın 7.6.2 və 7.6.2.1-ci bəndində öz əksini tapmışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3791/2023 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 35-60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3791/2023 nömrəli qərarı ləğv edilsin, xx.xx.2023-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 35- 60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-773/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-773/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver