Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-774/2021 11.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vətən müharibəsinin fəal iştirakçılarından biri olduğuna və döyüşlərdə yaralandığına görə ona müharibə veteranı adının və statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.07.2017-ci ildən 02.07.2018-ci ilədək Azərbaycan Respublikasının ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 29.09.2020ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi xidmətə göndərilmişdir. Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak edən zaman yaralanmışdır. Hərbi xidməti dövründə barəsində cinayət işi olmamış, heç bir təhqiqat araşdırması aparılmamış və təqsirləndirici materiallar toplanmamışdır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 17.02.2021-ci il tarixli 1/M-3483 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək ona məhkəmə qaydasında müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. 16.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.01.2021-ci il tarixli 24 saylı qərarı ilə Vətən müharibəsi iştirakçılarına «Müharibə veteranı» adının verilməsi işinin təşkili üzrə komissiya yaradılmışdır. Komissiyaya tapşırılmışdır ki, Vətən müharibəsi iştirakçılarına «Müharibə veteranı» adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq «Müharibə veteranı» adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qrupu yarada bilər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Müdafiə Nazirliyi tərəfindən ona veteran statusunun verilməsinə imtina edilmişdir, lakin komissiya tərəfindən iddiaçıya 17.02.2021-ci il tarixli 1/M-3483 nömrəli məktubla bildirilmişdir ki, 27.09.2020-ci il tarixdən erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi barədə qaydalarda müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Ona görə də iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses tərəflərinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qanunun mənasından göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 17.02.2021ci il tarixli 1/M-3483 nömrəli məktubundan göründüyü kimi cavabdeh ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməmişdir. İddiaçıya «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətinə mahiyyəti üzrə baxılmasının mümkün olacağını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-774/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-774/2021
11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver